Şrift:
Əli Həsənov: “Tehrana səfərim zamanı İranda ayrı-ayrı dairələrin Azərbaycan əleyhinə təhrikedici çıxışlarına son qoyulması xüsusi müzakirə olunacaq”
01.12.2011 [12:18] - Xəbərlər
Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sabah İrana səfər edəcək.

Bu barədə məlumat verən Ə. Həsənovun sözlərinə görə, səfər İran hökumətinin təşəbbüsü ilə gerçəkləşir. Səfər dəvəti çoxdan edilsə də, vaxtın təyini ilə bağlı problemlərə görə dekabra salınıb.

Görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq: «Azərbaycan həmişə İranla dost və qonşu münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı müstəvidə saxlayıb. Təəssüflər olsun ki, son vaxtlar həm İran, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasında münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirirlər. Müəyyən məlumatlar, hərəkətlər müşahidə olunur. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır».

Ə. Həsənov səfər çərçivəsində İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1662 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed