Şrift:
Zəncandan toplanmış bayatılar
13.01.2014 [15:07] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Azərbaycan folklorunun mühüm tərkib hissəsi olan Zəncan folklor mühitində 4 misralı, 7 hecalı şeir forması «bayatı» adlandırılır və bu mühitdə bayatılar çox geniş yayılıb. Mərhum folklorşünas Mürsəl Həkimovun fikrincə, folklorşünaslıqda «bayatı» sözünün etimologiyası ilə bağlı müxtəlif bir-birinə zidd olan fikirlər var: yer adı, qəbilə, ad-titulu, ərəbcədən keçmə söz — «bat» — köhnə; insan yaşayışının tələbatını ödəyən ərzağın köhnəlmiş, qalmış, durmuş mənasını ifadə edən — «bayat» (qalmış, köhnəlmiş durmuş xörək, su); Allahın min bir adından biri — «Bayat»; körpənin boy atması, inkişafı ilə əlaqədar söylənən layla, oxşama, nəvaziş — «bayatı».

Mülahizələrdən birinin tərəfdarları «bayatı» adını köhnə, əski mənasını verən «boyat» sözü ilə əlaqələndirirlər. Lakin bu fikir o qədər də inandırıcı görünmür. Çünki daha çox insan həyatının mövcud vəziyyətini, yaşadığı şəraiti və bununla bağlı olan müxtəlif hiss və həyəcanlarını əks etdirən bayatıları «köhnə, vaxtı keçmiş» mənasında izah etmək düzgün olmazdı. Bizə elə gəlir ki, bu sözlər arasında yalnız təsadüfi səs uyğunluğu var. Digər bir mülahizəyə əsasən «bayatı» sözü totem adıdır. Professor Ə.Dəmirçizadə hesab edir ki, kosmik şüur stadiyasında olan insan mənsub olduğu kollektivi, qəbiləni həm özündən, həm də totemdən ayıra bilməyib. Buna görə də bu insan əmək prosesinin də eyni adı daşıyan həm kollektivi, həm də totemi «Bayatı» çağırıb. Folklorşünaslıqda ən çox müdafiə olunan mülahizə bayatı sözünün oğuzların boylarından biri olan «bayat» boyunun adı ilə bağlı olmasıdır. İlk dəfə S.Mümtaz tərəfindən söylənilən bu fikir Ə.Abid, F.Körpülü, M.Həkimov tərəfindən də müdafiə olunub. S.Mümtaz bu nəticəyə gəlir ki, Bayat Oğuz xanın nəvəsi, Gün xanın ikinci oğlu imiş. Ağıllı, fərasətli olduğuna görə ona «adlı-sanlı, məşhur» anlamını daşıyan «Bayat» adını vermişlər. Müəllif buna əsasən hesab edir ki, Bayat tayfasının da adı elə buradan götürülüb və «bayatı» sözü də buradan meydana gəlib. Baxmayaraq ki, hətta avropalı türkoloqlar da bu mülahizəyə tərəfdar çıxırlar, ancaq buna qarşı olanlar da var. Lakin bir məsələni nəzərə almaq lazımdır ki, dildə bütün proseslər heç də həmişə dilin mexaniki qanunlarına uyğun getmir. Bəzi istisnalar mövcuddur və bu, təbiidir. Həmçinin folklorumuzda şeir formasının adının onu yaradan tayfanın adı ilə adlandırılması ənənəsi mövcuddur.

«Bayat» etnonimi ilə bağlı toponimlər xüsusilə Zəncan regionunda geniş yayılıb. İranda toponimlərlə bağlı araşdırmalar aparmış V.İ.Savinanın verdiyi məlumatlardan aydın olur ki, bu ərazilərdə Bayat, Bayatlar (Azərbaycan), Bayatansüxtə, Bayatlı, Qızıltəpəbayat (Zəncan), Bayatan, Keşləkbayat (Zurestan), Əlibayat (Mərkəzi İran), Bayatan (Zurestan) adları yayılıb. Bayatı ağız ədəbiyyatının ən müxtəlif informasiyaları özündə kodlaşdıran bir janrı olmaqla çeşidli mövzuları — xalqın həyatını, məişətini, gündəlik qayğılarını ifadə edir. Bayatı janrı geniş mövzuları əhatə edir. Bayatının təfəkkürdəki

yerini bu cür müəyyənləşdirməyi daha məqbul hesab edirik: holavarda heyvanlar, sayaçı sözlərdə qoyunlar, laylalarda uşaqlar, ağılarda ölü, bayatılarda isə canlı, sağ, gündəlik məişət problemlərilə qarşılaşan, sevgi macəraları ilə yaşayan, müxtəlif ictimai-siyasi hadisələrdə iştirak edən insanların duyğu və düşüncələri poetik söz vasitəsilə ifadə olunur.

Bayatı janrının xüsusiyyətləri ilə bağlı Zəncan ərazisindən topladığımız nümunələrə diqqət edək:



Əzizim suda yandı,

Sel gəldi su dayandı,

Eşq oduna su səpdim,

Alışdı su da yandı;



Əzizim daşa çalar,

Su özün daşa çalar,

Yemə namərd çörəyin,

Qayıdar başa çalar.



Zəncan bayatılarında sevgi, eşq, əxlaqi-didaktik fikirlər, Vətənə məhəbbət və s. ifadə olunur. Sözügedən bayatıların böyük qismi bayatılar üçün poetik qəlibə çevrilən «mən aşıq», «əzizinəm», «Eləmi» sözləri ilə başlayır. Bayatılarda işlənən «Mən aşiq», «Əzizinəm», «Eləmi» kimi sözlər auditoriyaya təsir etmək, qarşıdakının diqqətini cəlb etmək üçün istifadə olunan bayatı janrının özünəməxsus poetik söz qəlibi olub, müxtəlif məna çalarlarını

ifadə edir. Diqqət yetirsək, görərik ki, bu söz qəlibinin hər birinin özünəməxsus mənası var ki, bunlar da auditoriyaya müraciətlə deyilir. «Mən aşiq» sözü isə haqqında danışılan obyektin söyləyənə yaxın, doğma olduğunu bildirərək dinləyicinin diqqətini cəlb etməyə xidmət edir. Bayatı janrı həm məzmun, həm də forma baxımından sabit quruluşa malik olmaqla məzmun baxımından çox zəngindir. Bu mənada bayatıların məzmunu onun qruplaşdırılmasında əsas götürülməlidir. Lakin Güney Azərbaycan ərazisindən toplanmış bayatılar divan ədəbiyyatı ənənəsinə uyğun olaraq bayatıların ilk misralarının ilk hərfinə uyğun olaraq qruplaşdırılıb.

Zəncan bayatılarını aşağıdakı kimi qruplaşdırmaq olar: əxlaqi-didaktik məzmunlu; Vətən məhəbbətilə bağlı; sevgi, eşq ilə bağlı, zülm və ədalətsizliklə bağlı. Zəncan ərazisindən toplanmış bayatıların həcmcə ən sanballı

nümunələrini əxlaqi-didaktik məzmunlu bayatılar təşkil edir. Bu məzmunlu bayatılarda minilliklər boyu toplanan həyati təcrübələr, dəfələrlə sınaqlardan çıxarılmış nəticələr poetik şəkildə ifadə olunur. Bu baxımdan Zəncan bayatıları ilə Zəncan atalar sözlərinin bəzilərinin semantik yükü bir-birilərinə bərabərdir. Lakin fərq ondadır ki, bayatılarda əxlaqi-didaktik məzmun konkret biçimdə — 7 hecalı, 4 misralı şeir formasında təqdim olunur və bu da nəticə etibarilə məzmuna emosionallıq verir, təsir imkanını daha da gücləndirir:



Əzizim quzi qurban,

Qoç qurban, quzi qurban.

Mərdin bircə sözünə,

Namərdin yüzü qurban.



Ümumiyyətlə, hər bir folklor nümunəsinin yarandığı tarixi şərait var. Bunu zülm və ədalətsizliklə bağlı bayatılara da aid etmək olar. Zəncan bayatılarında zülm və ədalətsizliyə kəskin tənqidi yanaşmanı üç aspektdə araşdırmaq mümkündür: birincisi, ümumtürk aspektidir ki, bu, türk xalqlarının zaman-zaman yaşadığı bəlaların folklor materiallarında, o cümlədən bayatılarda əksidir. Folklor materiallarındakı bu məzmunu türk xalqlarının differensiyasına qədərki dövrlərə aid hadisələrin ifadəsi hesab etmək olar. İkincisi, ümumi Azərbaycan aspektidir ki, bu məzmunlu bayatılar həm quzey, həm də Güney Azərbaycanda müştərək baş verən müxtəlif ictimai-siyasi proseslərin doğurduğu zülmə, ədalətsizliyə qarşı münasibətin ifadəsidir. Üçüncüsü, sırf regional aspektdir ki, bu, konkret ərazidə baş verən ictimai-siyasi hadisələrlə bağlı yaranır. Lakin folklorda konkret

tarixi müəyyənləşdirmək mümkün olmadığı üçün bugünkü folklor materiallarında, eyni zamanda bayatılarda bu üç aspektin vəhdətini, bir-birinə tam qovuşmasını görmək mümkündür. Bütün bu dediklərimizi Zəncan folklor materiallarına da aid etmək olar. Zəncan ərazisindən topladığımız zülm və ədalətsizliklə bağlı bayatılarda əsasən iki münasibət özünü göstərir: birincisi, zülm və ədalətsizlik edənlərə qarşı kəskin etirazın ifadə olunması; ikincisi isə zülmün, ədalətsizliyin ağrı və acılarının emosional ifadəsi. Zülm və ədalətsizliklə bağlı bayatılarda zülmkarlara, ədalətsizlərə qarşı kəskin etiraz güclüdür.



Səid Rza Bayat,

araşdırmaçı
Bu xəbər oxucular tərəfindən 1303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed