Şrift:
Türkiyə Ali Məhkəməsi Əziz Yıldırımın danışılmış oyunların təşkilində ittiham olunması barədə qərarı qüvvədə saxlayıb
18.01.2014 [10:45] - Gündəm, Türk dünyası-Turan
Hazırda ölkə xaricində olan “Fənərbağça” prezidenti idman klubuna rəhbərlik etmək hüququnu itirib, onun yenidən həbs edilməsi gözlənilir

Türkiyə Ali Məhkəməsinin (Yarğıtay) ölkə futbolunda danışılmış oyunlarla bağlı (şike) İstanbul məhkəməsinin 2 iyul 2012-ci il tarixli qərarını təsdiqləməsindən sonra “Fənərbağça” prezidenti Əziz Yıldırımın yenidən həbs olunması gözlənilir. APA-nın xəbərinə görə, 6,3 ilk azadlıqdan məhrum edilmiş Ə. Yıldırım bu müddətin yalnız 1 ilini həbsdə yatıb. Onun yerdə qalan 5,3 illik müddətin nə qədərini həbsxanada keçirəcəyi dəqiq bəlli deyil. Türkiyə hüquq sistemindəki mürəkkəbliklər səbəbi ilə bəzi hüquqşünaslar Ə. Yıldırımın 2,2 il, bəziləri isə 3,2 il həbsdə qalacağını bildirirlər.



Bununla yanaşı, Türkiyə parlamenti xüsusi səlahiyyətli məhkəmələrin qərarı ilə “Ergenekon”, “Balyoz”, “Şike” işləri üzrə cəza almış şəxslərin yenidən mühakimə olunması barədə qərar qəbul edərsə, Ə. Yıldırım həbs olunmayacaq. Lakin hazırkı qərarla o, “Fənərbağça” və ya başqa bir idman klubuna rəhbərlik etmək hüququnu itirib. Qanuna əsasən Yarğıtayın qərarı rəsmi şəkildə kluba göndərildikdən sonrakı 45 gün müddətində klubda yeni prezident seçkisi keçirilməlidir. Ə. Yıldırım bu seçkidə namizəd ola bilməz.



Hazırda Ə. Yıldırımın Fransada istirahətdə olduğu xəbər verilir. Klubdan bildiriblər ki, məhkəmə qərarına baxmayaraq, prezident vətənə dönəcək.



Yarğıtayın qərarı açıqlandıqdan sonra İstanbul birjasında “Fənər”in səhmlərinin qiyməti 35 lirədən 30,60 lirəyə düşüb.



Qeyd edək ki, Yarğıtay Ə. Yıldırımla birlikdə onun qardaşı Əli Yıldırım, “Fənər”in İdarə Heyətinin üzvləri Şekip Mosturoğlu və İlhan Ekşioğlu, “Beşiktaş”ın keçmiş vitse-prezidenti Sərdal Adalı, “Beşiktaş”ın keçmiş baş məşqçisi Tayfur Havutçu, futbolçular İbrahim Akın, Mehmet Yıldız, Göyçək Vederson, hazırda Qatarda çalışan baş məşqçi Bülənt Uyğun və digər şəxslər haqqında verilmiş məhkəmə hökmünü də təsdiqləyib.



“Trabzonspor” klubu 2010-2011-ci il çempionluq kubokunun “Fənərbağça”dan alınıb “Trabzonspor”a verilməsi tələbi ilə Türkiyə Futbol Federasiyası və UEFA-ya müraciət etməyə hazırlaşır.
Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed