Şrift:
Ailə vəziyyətinə görə hərbi xidmətə çağırışa möhlət verilməsi şərtləri müəyyənləşdirilib
02.12.2011 [12:06] - Hərb
Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsində ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunub ki, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət aşağıdakı şəxslərə verilir: himayəsində başqa övladı olmayan I qrup əlil ata, yaxud ana; 3 və daha çox uşaq; I qrup əlil arvad; 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana olmadıqda), 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə üzvləri olmadıqda.

Qanunun müvafiq bəndində həmçinin qeyd olunur ki, çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşına qədər verilir. "Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunur və ehtiyata keçirilirlər", - yeni qanun layihəsində bildirilir.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsi cümə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsində müzakirə olunaraq parlamentin plenar iclasının müzakirəsinə təqdim olunub.

Qanun layihəsi mövcud "Hərbi xidmət keçmənin əsasları" və "Hərbi vəzifə haqqında" qanunların birləşməsini özündə ehtiva edir.
Bu xəbər oxucular tərəfindən 1994 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed