Şrift:
Ruhaninin dil islahatı oyunu gündəmdə
24.01.2014 [12:47] - Gündəm, Güney Azərbaycan xəbərləri, Müsahibə
Əlirza Amanbəyli: «Ruhanini liberal bir şəxs kimi göstərmək üçün sözdə belə gedişlər ediləcək, amma əməldə bu məsələ icra olunmayacaq»


Mərdan Seyidbəyli: «Bu açıqlamalar ictimai rəyə təsir etmək üçün verilir»

Elman Cəfərli: «Bu, Həsən Ruhaninin islahatçı imicinin möhkəmlənməsinə xidmət edir»


İran ölkədəki müxtəlif etnik qruplar üçün xüsusi ana dili kurslarının tətbiqinə hazırlaşır. Bunu Prezidentin xüsusi köməkçisi Əli Yunisi deyib. İranın Əhvaz şəhərində çıxış edən Yunisi deyib ki, hökumət ölkənin Təhsil və İnkişaf Nazirliyində bu məsələyə baxılması üçün bir sıra görüşlər keçirib. O, dil kurslarının aparılmasının təfərrüatlarını dəqiqləşdirməyib. 2013-cü ilin iyununda Prezident Həsən Ruhani milli azlıqlarının (Azərbaycan, kürd, ərəb və başqaları) ana dillərinin tədrisi məsələsinə dair bəyanat verib. Dövlət başçısı bəyanatda İran Konstitusiyasının məktəblərdə və ali tədris müəssisələrində milli azlıqların ana dillərinin tədrisini nəzərdə tutan 15-ci maddəsinin tam şəkildə yerinə yetirilməsi ilə bağlı öz niyyətini rəsmən açıqlayıb.

İran hakimiyyətinin Azərbaycan türkcəsində və İranada yaşayan digər xalqların dillərində məktəblərin açılacağı ilə bağlı açıqlaması nə dərəcədə reallığı əks etdirir?

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli bildirib ki, İranda yanlız fars və erməni dillərində təhsilə icazə verilir: «1980-ci ildə qəbul olunan İran konstitusiyasının 15 və 19-cu maddələrində göstərilir ki, İranda bütün xalqlar və etnik azlıqlar öz ana dillərində təhsil almaq hüququna malikdir və dövlət bu şəraiti bütün xalqlara yaratmağa borcludur. Lakin həmin qanunun qəbulundan 33-il keçməsinə baxmayraq bu günə qədər icra olunmayıb və bu 15-19-cu maddələrin icrasını tələb edən soydaşlarımız rejim tərəfindən həbs olunraq ağır işkəncə və təziqlərə məruz qalmaqdadır». Əlirza Amanbəyli əlavə edib ki, son günlər İran prezidenti Həsən Ruhaninin etnik və milli azlıqlar üzrə mavini keçmiş təhlükəsizlik naziri Əli Yunesinin bu məsələni gündəmə gətirməsi maraqlıdır: «Məncə iran rejimi Həsən Ruhanini liberal bir şəxs kimi göstərmək üçün sözdə belə gedişlər edəcək, amma əməldə bu məsələ icra olunmayacaq.

Məlum olduqu kimi İranda qeyri fars millətlər öz ana dilində təhsil almaq üçün uzun illərdən bəri mədəni firmada mübarizə aparır, lakin onların bu tələbi rüjim tərəfindən çox radikal formada qarşılanır və nəticədə indiyə qədər minlərlə milli fəal həbs olunaraq ağır işkəncə, həbs və təzyiqlərə məruz qalıb. İran rejimi əgər həqiqətən bu məsələni çözmək istəyirsə ilk növbədə həbsdə olan milli fəalları dərhal azad etməli və ana dilində təhsil tələb edən insanlara qarşı məhkəmə qərarlarını ləğv etməlidir. Bunu xatırladım ki, İranın milli təhlükəsizlik şurası dəfələrlə bu məslələrlə əlaqədar öz münasibətini bildirib və qeyd edib ki, İranda qeyri fars xalqlara, özəliklə də türklərə öz ana dilində təhsil hüququ tanımaq İranın ərazi bütövlüyünə ciddi təhlükə yarada bilər. Bu səbəbləri nəzərə alaraq, mən, inanmıram ki, təməli fars millətçiliyi üzərində qurulan bu rejim qeyri farslara hər hansı bir milli hüquq versin. Ola bilər ki, müvəqqəti olaraq bir proqram hazırlansın, amma sonradan həmin proqram naməlum vaxta qədər dayandırılsın. Xatəmi prezident olan zaman bu məsələni gündəmə gətirdi, lakin onun hakimiyyəti zamanı İranda qeyri farsların milli fəaliyyətlərinə qarşı inanılmaz formada basqılar oldu və bir çox tanınmış milli fəal şübhəli şəkildə öldürüldü. Bu ssenaridə ona çox oxşayır. Unutmaq lazım deyil ki, Əli Yunesi təhlükəsizlik naziri olan zaman iranda şübhəli qətllər və müxalif düşərgəyə qarşı həbs və terror əməliyatları çox vüsət almışdı. Belə bir adamın bu məsələyə əl atması çox təhlükəli bir ssenaridən xəbər verir».


Bütöv Azərbaycan Ocaqları Konseyinin təşkilat məsulu Mərdan Seyidbəyli bildirdi ki, İran rəsmilərinin Azərbaycan dilində və orada yaşayan digər xalqların dilində məktəblərin açılacağı ilə bağlı verdiyi vədlər həyata keçirilməyib: «Bu açıqlamalar əsasən seçki öncəsi itimai rəyə təsir etmək üçün verilir. Seçki qurtardıqdan sonra bu məsələ nəinki yada düşür, yada salanları və bu tələblə çıxış edənləri həbsə atıb edam edirlər. Bu fars rejiminin xislətindən irəli gələn məsələ olduğuna görə yaxın zamanda həllinin tapılmasını düşünmək belə sadəlövlük olardı».

Siyasi şərhçi Elman Cəfərlinin qənaətinə görə, bu, İranın yeni prezidenti Həsən Ruhaninin islahatçı imicinin möhkəmlənməsinə xidmət edir: «Hakimiyyətə gələndən sonra Həsən Ruhani bir sıra addımlar atıb. Qərblə gərginliyi aradan qaldırıb, amma o, İran daxilində etnik məsələni həll etmək gücündə deyil. 19-cu əsrdə tarixi bir ədalətsizlik baş verib. Azərbaycan parçalanıb. 1924-cü ildə hazırkı İranı qurmuş azərbaycanlılar hakimiyyətdən salınıb. Bütün 20-ci əsr boyu azərbaycanlılara qarşı etnik diskriminasiya və asimilyasiya siyasəti aparılıb. Bu siyasət bu gün də davam edir. İran hakimiyyəti, hakim panfarsist dairələr Güney Azərbaycan məfhumunu ləğv ediblər, Tehranda, Həmədanda, İsfahanda, Qəzvində yaşayan türklərin farslaşmasına çalışırlar. İsfahanda və Qəzvində buna qismən nail olublar. Onlar isəyirlər ki, özünə türkəm deyən, Azərbaycanı bütöv görən toplum ancaq Təbriz və ətrafında qalsın. Qalan hamısı tədricən farslaşsın. İran təhsili panfarsist idealogiyanın təsiri altındadır. Təhsildə, ədəbiyyatda, mətbuatda fars dilinin total hakimliyi var. Onlar bu siyasəti davam etdirmək istəyirlər. Qeyri-fars dillərinə azadlıq versələr belə, bu baş aldatmaq olacaq. Bir neçə il əvvəl Təbriz radiosu fəalliyyət göstərirdi. 30 dəqiqə Azərbaycan dilində veriliş verilirdi. Amma o verilişdə işlənən dil o qədər bərbad idi ki, adam qulaq asmaq istəmirdi. Bilərəkdən belə etmişdilər ki, türklər öz dillərini sevməsin. Bu baxımdan molla rejiminin ortaya atdığı ideya səmimi deyil. Azərbaycan dilinə azadlıq verilərsə, türklük şüuru, bütöv Azərbaycan şüuru daha da intişar tapacaq, bu da panfarsizmə əlavə problemlər yaradacaq».


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Yeganə Hacıyeva bildirib ki, İran Konstitusiyasında cəmiyyətin polietnik xarakteri hüquqi formada təsdiq edilir, etnik dillərin qanuni hüquqları: kitab çapı, kütləvi informasiya vasitələrində istifadə azadlığı və milli ədəbiyyatın ana dilində tədrisi müəyyən olunur: «Qeyd edildiyi kimi bu hadisə milli hüquqlar uğrunda mübarizə tarixində, milli məsələnin həlli istiqamətində irəliyə doğru atılmış addım hesab oluna bilər. Teokratik rejim əsas qanunun tələbinə məhəl qoymayaraq etnik dillərin tədris sisteminə daxil olması üçün heç bir tədbir görmədi.

1980-88-ci il İran-İraq müharibəsindən sonra hakim dini ideologiyanın strukturunda əsaslı dəyişiklik baş verdi və hakim fars millətçiliyi dövlət siyasətinin ideoloji bazasına çevrildi, hakim rejim mövcud şəraitdə yeni üsul və vasitələrlə assimilyasiya siyasətini daha geniş miqyasda davam etdirməyə başladı. Yeni rejimin assimilyasiya siyasətinin ən incə məqamı bir-biri ilə bağlı olan iki cəhətlə seçilirdi: bir tərəfdən etnik dillərin, o cümlədən Azərbaycan dilinin tədris sahəsinə daxil olmasına mane olmaqla azərbaycanlı gənclərin ədəbi dil normalarına yiyələnmələrinə mane olur, bununla fars dilinin təsirini daha da gücləndirirdilər. Digər tərəfdən isə dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrində (radio və televiziya) yerli dillərə məhdud vaxt ayrılsa da həmin dillərdə, xüsusən Azərbaycan dilində verilişlərə təkcə məzmun və forma baxımından deyil, həm də leksik-qrammatik baxımdan müdaxilə edilir, zahirən Azərbaycan dilindən, əslində isə fars ifadələri, söz birləşmələri, sözləri və qrammatik vasitələrindən istifadə olunan süni bir dildən istifadə olunurdu. Başqa sözlə, yalnız azərbaycanlıların deyil, bilavasitə Azərbaycan dilinin də assimilyasiya olunması, tədricən fars dilinə çevrilməsi məqsədi həyata keçirilirdi». Onun sözlərinə görə, bu «incə» siyasətin də gələcəyi yoxdur: «Çünki XX əsrin 90-cı illərindən beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, soyuq müharibənin başa çatması, şimali Azərbaycanın öz müstəqilliyini bərpa etməsi və s. azərbaycanlıların milli hüquqlar və ana dili uğrunda mübarizəni davam etdirməsi üçün yeni imkanlar yaradıb». O, həmçinin əlavə edib ki, diaspor təşkilatları Cənubi Azərbaycan məsələsinin beynəlmiləlləşməsində mühüm rola malikdir. Həm Cənubi Azərbaycan, həm də diaspor təşkilatlarının səyi ilə artıq Cənubi Azərbaycan məsələsi BMT, Amnesty İnternasional və digər beynəlxalq və regional təşkilatların daim diqqət yetirməyə başladıqları məsələyə çevrilməkdədir. Azərbaycanlı müxalif siyasi qüvvələr milli məsələnin həlli uğrunda davamlı mübarizə aparırlar. Milli məsələnin bu və ya digər formada həlli ana dili probleminin də həlli deməkdir. Belə yanaşmanı və həll yolunu perspektiv həll adlandırmaq olar.

Milli-mədəni cəmiyyət, qurum, təşkilatlar, hakim elitada təmsil olunmuş ayrı-ayrı azərbaycanlılar Azərbaycan dilinin hüquqlarının təmin olunması, funksiyalarının genişlənməsi və statusunun yüksəldilməsi uğrunda çıxış edir və onlar həmin məsələnin tezliklə həll olunmasını tələb edirlər. Belə yanaşmanı qısa müddətli, praqmatik yanaşma hesab etmək olar.

İran rejimi milli hüquqlar, ana dili uğrunda mübarizə aparan siyasi və mədəni qüvvələr arasındakı ziddiyyətdən öz maraqları istiqamətində istifadə edərək müxtəlif qrupları bir-birinə qarşı qoyaraq hərəkatı zəiflətməyə çalışır. Buna baxmayaraq xaricdə və daxildə fəaliyyət göstərən müxtəlif səviyyəli təşkilatların Azərbaycan dilinin hüquqlarının bərpa olunması, statusunun genişləndirilməsi məsələsində eyni mövqeyə malik olması ana dili məsələsinin yaxın gələcəkdə öz həllini tapacağına ümid bəsləməyə əsas verir».

Onu da əlavə edək ki, Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Haqlar üzrə Komitəsi ötən il İranla bağlı yaydığı hesabatında Azərbaycan türkləri, habelə ölkədə yaşayan digər qeyri-fars etnik qrupların dil və mədəni haqlarının pozulmasından narahatlığını bildirərək, İranı bu durumun dəyişdirilməsi istiqamətində praktik addımlar atmağa çağırıb. Azərbaycan türkləri və Əhvaz ərəbləri arasında savadsızlığın yüksək səviyyədə olmasından narahatlığını qeyd edən komitə İran dövlətindən bu problemin həlli istiqamətində tədbirlər görməsini istəyib: «Komitə İran dövlətinə etnik qrupların öz ana dillərində təhsil almaq fürsəti təmin etməyi tövsiyə edir».



Əli
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed