Şrift:
Sənin zirvən azadlıqdır, o zirvənə çataram
24.01.2014 [13:17] - Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Söhrab Tahirin bitməyən həmdərdliyi

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan tanınmış şair Söhrab Tahirin ikiyə bölünmüş Azərbaycanımızın nisgilini böyük bir yanğıyla ifadə edən şeirləri hər birimizi dərdə mərhəmlik, həmdəmlik üstə kökləyir. İkiyə bölünmüş Azərbaycanın dərdilə yaşamaq onillərdir ki, onun ömrünə, aqibətinə çevrilib. Bu vaxta qədər Güney dərdimizlə bağlı neçə-neçə dərdli soydaşımız ömrünü başa vurub. Dərdlilər ölüb, böyük dərdimiz yenə də yaşayır…

Söhrab Tahirin Güney Azərbaycan dərdimiz üstə köklənmiş poeziyasında nəinki dərdi çağırmaq, dərdlə bir olmaq, dərdi yaşamaqla bağlı bitməyən həmdərdliyi var. Şair ağlı kəsəndən də əvvəl, ta beşikdən fitrətən ana dilini duyub, ona bağlanıb. Çünki bu dil onun ruhundan ilahi bir soraqdır. Ancaq fars şovinizmi bu gün də milyonlarla soydaşımızı daim özgəçilik üstə kökləməyə, onu farslaşdırmağa çalışır. S.Tahir habelə türkün özgə dilində torpağa tapşırılmasını da anlamır, «öləndə də «əl-fatehəm» ərəbcədir»-deyir və sual verir: «Söylə görüm, tarix başı, hansı xalqın üç dili var, üç məsləyi?».

Dil dərdimiz var: Azərbaycanımızın Güneyində bizi daim özgələşmədən qoruyan dilimizi əlimizdən almaq, ruhsuzlaşdırmaq istəyirlər. Bilirlər ki, dilsiz millət həm də başsızdır. S.Tahirin poeziyasındakı ayrılıq notu qəriblikdə qalan torpağımızın hər dağında, daşında hiss olunur. Ana yurdumuzun Qoşqarı, Kəpəzi Savalanından ayrı düşüb; öz dədə-baba torpağımızda qərar tutmuş Babək qalasına soydaşlarımızı həsrət qoyurlar. «Ver dilimi, al canımı» deyən şair ana dilini düşmən qarşısında ruhunun sipəri sanır, ona daim güc-qüvvət verən dilimizin qiymətini, əvəzsizliyini gözəl anlayır. Bu sevgidəndir ki, onun Savalan dağına xitabı son dərəcə duyğuludur. Yurduna, ulusuna təpədən-dırnağacan bağlı olanda, üstəgəl də yurdunu öz dilində öymək imkanın olanda səni sevməyənlər hiss edirlər ki, bu sevginin qarşısında duruş gətirmək mümkün deyil. O, «Savalanım»- deyə müraciət etdiyi dağı öyür, onun üçün bulud, günəş, yağış olmağı fəxarət sayır. Savalan həm qüdrət rəmzidir, həm də zəriflik timsalıdır. Savalana deyir ki, əyninə zirehli qayalardan sipər çəksin, qayaları çiyninə aşırsın, bir ilahi ətir kimi, ruh kimi şairin ömrünə gəlsin. Savalana az qala yalvarır ki, ətəyində məskən salıb, könlünü oymaq istəyən düşmənə qətiyyən inanmasın. Savalanın bu halında qalması bəsdir ki, milyonlarla soydaşımıza inanc, güvənc yeri olsun. Savalanın qüdrətindəndir ki, çox təpələr ona baxıb iftixardan dağlaşıb:



Ətəklərin gül xırmanı, gül içində bataram.

Qayaların sərin kölgə, kölgələnib yataram.

Güllə edib daşlarını sapandımda ataram.

Sənin zirvən azadlıqdır, o zirvənə çataram,

Savalanım, Savalan!»



«Ata» eposu haqda danışan S.Tahir bildirir ki, əsər 50 min misradan çoxdur. Burada bir ərəb və fars sözü yoxdur: «Qədim əcdadlarımızın zamanında farslar, ya o biri xalqlar hələ bu torpaqlarda yox idilər. Farslar bizim eradan 2 min il əvvəl indiki İran torpaqlarına gəliblər. Midiya kimi dövlətçiliyimiz var idi. Eposda yazmışam ki, türkdilli tayfalar Fars körfəsindən başlayıb Buzboğaza (Berinq boğazı) qədər olan möhtəşəm ərazidə yaşayıb. Həmişə dünyada türkə, onun artmasına qarşı mümkün qədər imperiyalar maneçilik törədiblər».

Şair qayğılanır ki, dünyanın rəsmi qəbul etdiyi dillərdən biri də türk dili olmalıdır: «Türk dili Azərbaycan türkcəsinin timsalında tanınmalıdır, çünki dilimiz başqa türkdilli xalqların dilindən daha çox inkişaf edib. Dilimiz daha anlaşılan, birləşdirici faktora malikdir. Güclü xalqlar, dövlətlər qloballaşma zamanında da dillərini saxlayacaqlar. Ona görə də indidən əlləşməliyik. Həmişə özümüzü kənarda saxlayırıq, zəhmət çəkmək istəmirik. Bu mənada xalqı ayıltmaq hələ çox vaxt tələb edəcək».

Ədəbiyyatşünas Gülxani Pənah S.Tahirin yaradıcılığını araşdırıb: «Söhrab Tahir Azərbaycan poeziyasının inkişafında dəsti-xətti olan sənətkarlarımızdan biridir. İstər sövet dövründə, istərsə də sonrakı illərdə baş verən ictimai-siyasi-mədəni hadisələr şairin yaradıcılığında bu və ya digər şəkildə öz bədii əksini tapıb». «Azəri-Türk» eposu haqqında danışan araşdırmaçı deyir ki, Söhrab Tahir yüksək poetik dillə qələmə aldığı əsərində eramızdan təxminən 9 min il əvvəl tarix səhnəsində mövcud olan, müxtəlif adlarla tanınan, Sakit okeandan Aralıq dənizinədək, Yaxın, Orta Asiyada, Sibirdən Çinə qədər böyük bir ərazidə özlərinin həm mədəni, həm də ictimai-tarixi izlərini qoruyub saxlayan türk tayfalarının yaşayışını, döyüş qabiliyyətini, ləyaqətini tərənnüm edir, mənsub olduğu Azərbaycan-Türk xalqının həyat və məişətinin bədii lövhələrini yaradır. Xalqına, soykökünə, onun yaratdığı milli-mənəvi dəyərlərə sadiq qalan Söhrab Tahir xalqımızın mənşəyini, ilk məskən saldıqları əraziləri, onların qədim həyat tərzini, milli varlığını dərindən öyrənib. Çünki onun dediyi kimi, «Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi kitablarla yanaşı şamanizm, zərdüştizm haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuduqca, onun qədim varlığını özündə əks etdirən sənədlərlə, qəhrəmanlıq eposları ilə tanış olduqca yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən döyüşkən, ən ləyaqətli və şücaətli xalqları olan türkdilli qəbilə, tayfa və ellərini, o cümlədən qədim Azərbaycan xalqının ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə» başlayıb və bunlar ona imkan verib ki, milli-istiqlal hərəkatını özündə əks etdirən «Ata» kimi poema-eposu yarada bilsin. S.Tahirin qələminə məxsus olan bu poema-epos xalq şeiri üslubunda yazılmış poetik bir əsərdir. Bir çox tarixi həqiqətləri özündə əks etdirən Dədə Qorqud, Koroğlu kimi epos-dastanlar xalq ədəbiyyatında, xalqımızın soykökündə duran oğuz tayfalarının həyat və məişətini özündə ehtiva edən mənbələr məlumdur. Yaranan hər bir epos-dastan o xalqın milli bədii təfəkkürünün məhsuludur. Onlar cilalanıb qiymətli sənət əsəri kimi tanınana qədər uzun, tarixi bir inkişaf yolu keçərək daha da püxtələşib, bu keçimlərdə daha da cilalanıb, qiymətli sənət əsərinə çevrilib. S.Tahirin yaratdığı «Epos» biçimlənmiş zəngin türk-azəri təfəkkürünün məhsuludur. Mayasını özündən əvvəl yaranan xalq eposlarından götürüb. Türk xalqlarının ilkin dövrlərini, yüzillərin, illərin yaddaşına həkk etdiyi tarixini arayan, araşdıran şairin məqsədi minilliklərin içərisində itib-batmış, müxtəlif xalqların, dövlətlərin ərazisində bu günə qədər də mövcud olmaqda, qalmaqda olan türk mədəniyyət dünyasının yaşantılarını inkar etməyin mümkünsüzlüyünü, xalqının çox qədim, köklü-köməcli bir xalq olaraq qədimdən təşəkkül tapıb inkişaf etdiyini, tarixi, elmi araşdırmaların gəldiyi dəqiq qənaət zəminində noetikaya çevirmək, xalqına, eləcə də bütün dünyada Türk Dünyasının qədimliyini, ilkinliyini inkar etmək istəyən düşmənlərinə çatdırmaq, yalançı uydurma ideyalarla xalqının haqqını əlindən almağa çalışanları geri oturtmaqdır. Onun dili, mədəniyyəti, tarixi 9 min ildən də qabaq yaranmış olsa da, o yaşayır. Onu yaşadan varisləri, bu dilin sahibi olan müasir türk xalqlarıdır. Xalqın varlığı elə tarixin özüdür. Xalq özü bu tarixi kitabı, minillərin, minilliklərin maddi və mənəvi mədəniyyətini yaşadır, qoruyur, cilalayır, püxtələşdirir. Dünya yaranandan türk deyilən bir xalqın mövcudluğunu bu gün özünün varlığında da duyan şair daş kitabələrin, «Qobustan nağılı» deyilən qayaüstü naxışlar, cizgilər, «Ana hökmdar», «Sevgi əfsanəsi», «Qızıl qan» deyilən yadigarların o yüzillərdən, minilliklərdən xəbər verdiyini başa düşür. Tarixi, elmi, bədii mənbələrə, qaynaqlara söykənməklə yazılan ilk 10 söylənclərdə Vətənə məhəbbət, yurda sevgi güclüdür. Yurd sevgisi hər şeyə qalib gələndir. Doğma balalarını, dünyalar qədər sevdiyi gözəl ailəsini, uşağını qoyub Gücəri yollara salan yurd sevgisidir. Gücər türk övladıdır. O, ən qədim türkün inamlarını özündə yaşadır, qurd dərisinə bürünüb. Qurd döşü əmməsilə, gücünü, qüdrətini qurddan almaqla, «qolum qurddan güc-hey alıb» deməklə Gücər həm cəsurluğunu, həm geyimini, həm də düşmən qarşısında məğlubedilməzliyini bildirir. S.Tahir türk inanclarının qədim, ilkin ilmələrinə toxunur. Qədim türklərdə atalarına-əcdadlarına tanrı səviyyəsində baxış mövcuddur. Onlar atalarına daşlardan heykəllər qoyardılar, böyük məzarlarının üstündə yazılı daşlar ucaldardılar, onların qoyduğu qaydalara əməl edərdilər. İlk əcdadlar tayfanın və ya qəbilənin əsasını qoyan nəsil hesab olunur. Gücərdə ilkin türk övladları kimi atalara dərin hörmət hissləri var. O, öz yurdunu, ata-anasını, bacı-qardaşını, əzizlərindən üstün tutur. Qədim türk yazılı abidələrində, dastanlarında türklər atalarını qurda bənzədir, «qurd ana»dan törəmiş olduqlarını bildirirlər. Boz qurd məfhumu türk inanc sistemində uğur, ucalıq, cəsurluq rəmzidir. Bu inam hunlarda, sonralar göytürklərdə geniş yayılmış, zamanlarda, dövrlərdə boz qurdlarla bağlı əfsanələr dəyişilib, müxtəlif variantlar yaranıb, yayılıb, bugünümüzə qədər gəlib çatıb. Çin mənbələrində boz qurdla bağlı əfsanələr yaşayır. Şair bu əfsanələr əsasında Gücərdə, onun inancında hökm sürən boz qurd missiyasına sədaqətli qalır. Cəsurluğuna, qolundakı gücə, təpərə, möhkəmliyə inanan Gücərin məğlubedilməz duyğuları o inanclar üstündə köklənməklə tərənnüm olunur».

Şairi dünyanın bugünkü halı çox qayğılandırır: «Kapitalizm özünü dünyada xalqların nəzərində gözdən salıb. Ancaq xalqımız bütün quruluşları özündə həzm edir, onun yaxşı cəhətlərini həyatına tətbiq etməyi bacarır. Sosializmə uyğunlaşdıq, bu quruluşun da yaxşı cəhətlərinə uyğunlaşacağıq». O, hesab edir ki, Qərb mədəniyyətinin yaxşı cəhətləri olsa da, onun həm də çox eybəcər, müflisləşmiş, bəşəriyyətə gülən xasiyyətləri var: «Qərb mədəniyyəti indi bütün halıyla bizə gəlib; əvvəllər belə şeyləri görməmişdik».

Uğur
Bu xəbər oxucular tərəfindən 1503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed