Şrift:
Fikir və mövqeyin azad ifadəsi hüququ
28.01.2014 [12:57] - Hüquq, DAVAMın yazıları
Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var

Vahid Ömərov: «Əsas mənəvi azadlıqlardan biri fikir və söz azadlığıdır»

İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Fərdi azadlığı Ali Xeyir kimi səciyyələndirən ingilis filosofu Con Stuart Mill hələ XIX əsrdə yazdığı «Azadlıq haqqında» əsərində insan azadlığı haqqında deyirdi: «Canlılar aləminin insanı daim tərəqqiyə can atan bir növüdür və fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz». İngilis mütəfəkkiri əsarəti, köləliyi azadlığın düşməni hesab edirdi: «Təfəkkür azadlığı təkcə dahi başların yetişdirilməsi üçün zəruri deyil… O, qadir olduqları ən yüksək əqli inkişaf səviyyəsinə çata bilmələri üçün adi insanlara daha çox lazımdır. Ümumi mənəvi və əqli köləlik mühitində belə fövqəladə zəkalar olub və yenə də yarana bilər, lakin belə mühitdə heç vaxt intellektual cəhətdən fəal xalq olmayıb və olmayacaq». Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov deyir ki, böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundov da azadlıq ideyasının icra olunmasını dövlətin əsası hesab edirdi. Onun sözlərinə görə, Axundov konstitusiyalı dövləti şəxsi azadlığı təmin etməyə çağırırdı: «Etiqad ayrılığı sayəsində insan növü azadlıq hüququndan məhrum ola bilməz». Dövlət, parlament quruculuğu «insan şəxsiyyətinin tam əmniyyətini», «tam azadlığını təmin etməlidir». Azadlığı insanın təbii hüququ hesab edən Azərbaycan mütəfəkkiri onu ümumbəşəri tərəqqinin zəruri şərti kimi səciyyələndirirdi: «Qərb filosofları kimi Axundov da hər bir fərdə öz fikirlərini azad surətdə söyləmək, azad şəkildə yaymaq hüququ verilməsini istəyir, «azadlıq dedikdə, birinci növbədə, fikir, düşüncə, söz, tənqid azadlığını, fərdlərin şəxsi azadlığını nəzərdə tuturdu. Fransa burjua inqilabının «qardaşlıq», «bərabərlik», «azadlıq» ideyaları Azərbaycan ictimai, fəlsəfi və siyasi fikrinə təsir edib. Fransada qəbul olunmuş İnqilabi və Hüquqlar Bəyannaməsi adlanan «İnsanın və vətəndaşlıq hüquqları haqqında bəyannamə»də göstərilirdi: «İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar». Burada azadlıq və onun növləri haqqında da qiymətli fikirlər öz əksini tapıb: «Azadlıq başqasına ziyan vurmayan hər şeyi etmək imkanından ibarətdir: beləliklə, hər bir insanın «təbii hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin digər üzvlərinin uyğun hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşdırılır. Bu hədlər yalnız qanunla müəyyənləşdirilə bilməz». O, həmçinin əlavə edib ki, bəyannamədə heç kəsin baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılması pislənir, «fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biri» hesab edilir: «XX əsrin ən demokratik sənədlərindən biri BMT-nin «bütün dünya üçün insan hüquqları» sənədi sayılan «Ümumdünya, İnsan Hüquqları Bəyannamə»sidir. Bəyannamənin 18, 19 və 20-ci maddələri vətəndaş azadlıqlarına həsr edilib. Burada dövlətin həm intellektual (vicdan, söz, mətbuat azadlığı), həm ictimai sahədə (yığıncaqlar və təşkilatlar azadlığı) insanın fəaliyyətinə müdaxiləsinə məhdudiyyətlər qoyulur. Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayinvə mərasimlərin icrasında etiqad bəsləmək azadlığı daxildir; Hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var; bu hüquqa əqidəsinə maneəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir. Hər bir insanın azad şəkildə dinc yığıncaqlar keçirmək və birliklər yaratmaq hüququ var. Heç bir kəs hər hansı birliyə daxil olmağa məcbur edilə bilməz. Əsarətə, köləliyə, istismara qarşı mübarizə aparmış Azərbaycan xalqı azadlıq və müstəqillik naminə çarpışmalardan keçib, azad insanların yaşadığı hüquqi, demokratik, yüksək mədəniyyətə malik bir ölkəyə çevrilib». Vahid Ömərov əlavə edib ki, iki minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır: «Xalqımızın əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanıb. Sənət korifeylərinin yaradıcılığı ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət edib. İnsan azadlıqlarının təminatçısı olan ölkəmiz demokratik quruculuq yolunda böyük uğurlar qazanıb. Dünya təcrübəsini milli xüsusiyyətlərlə uzlaşdırmaq xəttinə sadiq qalan Azərbaycan bütün sahələrdə inkişaf etmiş bir məkandır». O, deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasında azadlıq hüququ (maddə 28), fikir və söz azadlığı (maddə 47), vicdan azadlığı (maddə 48), sərbəst toplaşmaq azadlığı (maddə 49), məlumat azadlığı (maddə 50), yaradıcılıq azadlığı (maddə 51) öz əksini tapıb: «Azərbaycan Respublikasında hər kəsin azadlıq hüququ var. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Ölkə vətəndaşının öz ölkəsinə qayıtmaq hüququ var. Əsas mənəvi azadlıqlardan biri fikir və söz azadlığıdır. Azərbaycan Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığına malik olması göstərilir: «Hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir». Hüquqi dövlətdə fərdlər hər hansı ideoloji nəzarətdən azaddırlar. Fikir azadlığına aşağıdakılar daxildir: 1. Buraya hər hansı rəyi, o cümlədən, ateist əqidəni də özündə əks etdirən azadlıq. 2. İnsanın ruhi-mənəvi və intellektual həyatının bütün aspektlərini əhatə edən azadlıq daxildir. Fikir və söz azadlığı insanın təbii və anadangəlmə xüsusiyyətidir. Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü hissəsinin 19-cu maddəsində söz azadlığından istifadənin xüsusi vəzifələri və xüsusi məsuliyyəti müəyyənləşdirilib. Fikir və söz azadlığı qeyri-məhdud ola bilməz. Bu nöqteyi-nəzərdən Azərbaycan Konstitusiyasında da fikir və söz azadlığı irqi, milli, dini, sosial ədalət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verildiyi hallarda məhdudlaşdırılır. Şəxsi azadlıqlar içərisində vicdan (etiqad) azadlığı da xüsusi yer tutur». Vahid Ömərovun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 48-ci maddəsində hər kəsin vicdan azadlığına malik olması, dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibətilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ olduğu göstərilir: «Hər kəsin vicdan azadlığı var. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Vicdan azadlığı fərdi və kollektiv hüquqdur. Hüquqi dövlət bu hüququ qanunlarla qoruyur, dini əsasda düşmənçiliyə qarşı sərt qaydalar müəyyənləşdirir. Azərbaycanda dini və ateist birliklər dövlətdən ayrıdır, dövlət təhsili dünyəvi xarakter daşıyır, dinlər və dini birliklər qanun qarşısında bərabərdir. Vicdan azadlığı yalnız konstitusiya hüququnu qorumaq əhalinin və dövlət təhlükəsizliyini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər. Dini mərasimlərin yerinə yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır». O, əlavə edib ki, hüquqi, dünyəvi və demokratik dövlətdə bir dinin digər din üzərində üstünlüyünə yol verilmir, dini birliklərin digər qeyri-siyasi ictimai birliklərlə bərabər fəaliyyəti tənzimlənir: «Hüquqi dünyəvi dövlət fərdin mənəvi həyatına, onun konkret etiqad və dini əqidə seçiminə müdaxilə edə bilməz. Azadlıqlar içərisində siyasi azadlıq olan sərbəst toplaşmaq azadlığı daəsas yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində sərbəst toplaşmaq azadlığı belə təsbit edilib: «Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ var». Yuxarıda qeyd etdiyimiz kimi, məlumat azadlığı kütləvi informasiya vasitələrinin azadlığını təmin edən, yaradıcılıq azadlığı isə mədəni azadlıqlar sırasına daxildir. Hər kəsin yaradıcılıq azadlığı var. Dövlət ədəbi-bədii, elmi-texniki və başqa yaradıcılıq növlərinin azad həyata keçirilməsinə təminat verir». Onun sözlərinə görə, «Azadlıqla ilk dəfə harada qarşılaşırıq?» sualına BMT-nin İnsan Hüquqları Komissiyasının ilk sədri olmuş Emonor Ruzvelt belə cavab verib: «…Bizdən iki addım o yanda, balaca bir yerdə, …bu balaca dünya insanın fərdi dünyasıdır. Bu balaca yer insanın yaşadığı mühitdir… Əgər bu hüquqların burada mənası varsa, onda onların hər yerdə mənası olacaq». 20 il müstəqillik şəraitində yaşayan Azərbaycan Respublikası əvəzedilməz nemət olan müstəqillik, azadlıq, söz, fikir, vicdan azadlıqlarının təminatı sahəsində uğurlar qazanıb.



Əli
Bu xəbər oxucular tərəfindən 1581 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed