Şrift:
Azərbaycanın birinci xanımı İtaliyanın Prezidenti ilə görüşüb
02.12.2011 [18:04] - Gündəm
İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dekabrın 2-də İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitano ilə görüşüb.

Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Ciorcio Napolitanoya çatdırdı. İtaliyanı Azərbaycan üçün dost ölkə adlandıran birinci xanım dedi ki, Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünün keçirildiyi öıkələrdən birinin də məhz İtaliya olması bunun əyani sübutudur. Mehriban xanım Əliyeva Azərbaycan-İtaliya münasibətlərinin inkişafından məmnunluğunu bildirdi və qeyd etdi ki, ölkələrimiz arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinə ehtiyac vardır. Bununla bağlı 2012-ci ildə İtaliyada bir çox tədbirlərin, həmçinin Azərbaycan mədəniyyət həftəsinin keçirilməsi nəzərdə tutulub.

İtaliya Prezidenti Ciorcio Napolitano da öz növbəsində Prezident İlham Əliyevə ən xoş arzularını çatdırmağı Azərbaycanın birinci xanımından xahiş etdi. İtaliya dövlətinin başçısı Azərbaycanın müstəqillyinin bərpasının 20-ci ildönümü ilə bağlı Romada təşkil olunan tədbirin ölkələrimiz arasında mədəni əlaqələrin imkişafına təkan verəcəyini bildirdi. Prezident vurğuladı ki, Azərbaycan ilə İtaliya arasında siyasi və iqtisadi sahədə gözəl əlaqələr vardır.
Prezident Ciorcio Napolitano Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun mədəniyyət sahəsindəki fəaliyyətindən xəbərdar olduğunu dedi.

Azərbaycanın birinci xanımı Prezident İlham Əliyevin adından İtaliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.

Sonda İtaliya Prezidenti Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alaraq Azərbaycanın birinci xanımına memorial xatirə lövhəsi təqdim etdi.
Bu xəbər oxucular tərəfindən 977 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed