Şrift:
Azərbaycanda işçilərlə əmək müqavilələri yeni qaydalar əsasında bağlanacaq
04.02.2014 [16:40] - Sosial
“Azərbaycanda Respublikasının Əmək Məcəlləsində dəyişiklərin edilməsi haqqında” qanunun tətbiqi ilə Əmək Məcəlləsində müvafiq dəyişiklər edilib. Qeyd olunan qanunun tətbiqi barədə ötən gün prezidentin fərmanı imzalanıb. Fərmanın tətbiqi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına müəyyən tapşırıqlar verilib”.


Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi İdris İsayev keçirdiyi mətbuat konfransında məlumat verib.



O bildirib ki, fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etmək məqsədilə elektron informasiya sistemi yaradılır. Onun sözlərinə görə, bundan sonra ölkədə əmək münasibətləri əmək müqaviləsi bağlandığı andan deyil, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranacaq: “Dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər. Elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatın göndərilməsi nəzərdə tutulub”.



Xidmət rəisi qeyd edib ki, bu qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılan və qüvvədə olan əmək müqavilələri üzrə əmək müqaviləsi bildirişlərinin nazirliyin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənlərə iyulun 1-dək vaxt verilib. Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin etməyə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib: “Artıq bütün işəgötürənlərin, eləcə də işçilərin onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsilə real vaxt rejimində nazirliyin elektron informasiya sistemindən əldə etmək imkanları olacaq. Bununla da hər iki tərəf əmək müqavilələri ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq. Bunlar dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaq”.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed