Şrift:
Türkiyənin hakim partiyasının baş katibi: “Azərbaycanın tarixi torpağı, türk yurdu olan Zəngəzur Ermənistan ərazisində qalıb”
03.12.2011 [14:04] - Gündəm
“Qarabağın işğalı davam etdiyi müddətdə Türkiyə Ermənistanla sərhədləri açmayacaq”

Qarabağın işğalı davam etdiyi müddətdə Türkiyə Ermənistanla sərhədləri açmayacaq. Bunu «Müstəqilliyinin 20 ilində Azərbaycan və Türkiyə əlaqələri» mövzusunda Ərzurumda keçirilən konfransda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi, millət vəkili Haluk İpək deyib.

«Türkiyənin hakim partiyanın baş katibi olaraq bunu söyləmək istəyirəm. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozaraq torpaqlarının 20 faizini işğal edib və işğal davam etməkdədir. BMT və NATO kimi təşkilatlar Ermənistana işğalçı kimi baxır. Türkiyə Ermənistanla sərhədləri bu ölkənin Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlayıb. İşğal davam etdiyi müddətdə bu qapılar açılmayacaq», - deyə H. İpək əlavə edib.

AKP baş katibi bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri ilə aralarında olan söhbətin detallarını da açıqlayıb: «ABŞ-ın Ankaradakı səfiri ilə söhbət zamanı bir çox məsələləri, o cümlədən erməni məsələsini də müzakirə etdik. Ona dedim ki, tarixdə baş vermiş hadisələrlə bağlı bütün arxivlərimiz açıqdır. Ərzurumda baş verən hadisələrlə də bağlı arxivlərimiz açıq. Fəqət Ermənistan və Fransa da daxil olmaqla digər ölkələr arxivlərini açmır. Tarixdə baş vermiş hadisələri dəyərləndirmək tarixçilərin, bu gün baş verənləri həll etmək isə siyasətçilərin işidir. 16-17 il əvvəl ermənilər Xocalıda qətliam törətdilər, təxminən 680 nəfər qətlə yetirilib. Ermənilər o insanları torpaqlarından qovandan sonra ərazilərini işğal ediblər. Siyasətçilərin vəzifəsi bugünkü problemləri həll etməkdir».

H. İpək qeyd edib ki, Azərbaycanın tarixi torpağı, türk yurdu olan Zəngəzur Ermənistan ərazisində qalıb. İrəvan xanlığına aid olan bu torpaq Azərbaycan ərazisidir: «Hazırda Ermənistanda olan bütün tarixi əsərlər, abidələr ermənilər tərəfindən dağıdılır, məhv edilir. Eyni zamanda Zəngəzur bölgəsində yerləşən tarixi Azərbaycan, türk abidələr də... Nədən? Çünki Türkiyə Azərbaycanın, Türkmənistanın, Qazaxıstan və Özbəkistanın qərbə açılan pəncərəsidir. Keçmişdə Stalinin Zəngəzur üzərindən Ermənistan torpaqlarını İrana qədər uzadarkən güdmüş olduğu strategiya bu gün də bir qisim qərb dövlətləri tərəfindən dəstəklənir».

AKP rəsmisi onu da əlavə edib ki, 20 il əvvəl türk cümhuriyyətlərinin müstəqilliyini elan etməsi avropalıları əndişəyə salmışdı: «Hər kəs türk dünyasının bütünləşməsindən qorxmaqdadır. Bunun üçün də bütün dünya Qarabağ probleminə susur. Bir dövlətin torpaqlarının 20 faizi işğal altındadır, amma qərb səssizdir, reaksiya vermir».
Bu xəbər oxucular tərəfindən 933 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed