Şrift:
Rəsmi Bakıdan Ermənistana şərt
05.02.2014 [11:52] - Gündəm, Siyasət
Elmar Məmmədyarov: "Əgər biz qarşı tərəfin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər"

"Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki proseslər təhlil edilərkən vəziyyətin gərgin olaraq qaldığı görünür". Bunu xarici işlər naziri Elmar Məmmədyarov dünən jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, Azərbaycan hazırda konkret məsələlər üzərində gedən danışıqların davam etdirilməsinə tərəfdardır. Bu məsələlər bir sıra təkliflərlə İrəvana yola düşəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.
Nazir deyib: "Əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər".
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni hərbi birləşmələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqmətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
Cəbhə xəttində baş vermiş insidentlərlə bağlı ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter də narahatlığını bəyan edib. O deyib ki, cəbhə xəttində gərginliyin azaldılması üçün tərəflər ATƏT-in imkanlarından istifadə etməlidir: "Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbçilərin və mülki şəxslərin atəş nəticəsində ölməsi və yaralanması narahatlıq doğurur. Tərəfləri gərginliyin azaldılması istiqamətində bir-biriləri ilə birbaşa ünsiyyət üçün ATƏT nümayəndələrinin sərhəd və təmas xəttinə səfərlərinin verdiyi qiymətli imkandan tam istifadə etməyə çağırıram".
"Azərbaycan və Ermənistanın təmas xəttində gərginliyin artması Amerika Birləşmiş Ştatlarında narahatlıq doğurur". Bunu isə Birləşmiş Ştatların Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Riçard Morninqstar TTV-yə eksklüziv müsahibəsində bəyan edib. Səfirin sözlərinə görə, baş verən hallar sülh prosesinə mənfi təsir göstərir və heç bir fayda gətirmir. Səfir hesab edir ki, yanlış addımlar sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər: "Bu vacibdir ki, tərəflər hər hansı yanlış hesablama, istəmədən və bilmədən gərginliyin artmasının sonradan arzuolunmaz nəticələrə, fəsadlara gətirib çıxara biləcəyini nəzərə alsınlar".
Səfir ümidvar olduğunu bildirib ki, 2014-cü il münaqişənin nizamlanması baxımından mühüm il olacaq: "Ötən 20 ildən artıq müddətdə münaqişənin həll olunmamış qalması böyük məyusluq yaradıb. Amma bu münaqişənin necə həll olunması münaqişə tərəflərindən asılıdır. Hesab edirik ki Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin keçirilməsi müsbət haldır, yaxın zamanlarda növbəti belə bir görüşün baş tutması gözlənilir. Bu görüşdə isə münaqişənin nizalanması istiqamətində konkret addımlar müzakirə edilə bilər. Ümidvarıq ki, prezidentlərin tezliklə növbəti görüşü olacaq və bu görüş vasitəsilə irəliləyiş əldə olunacaq".
Morninqstarın sözlərinə görə, münaqişənin həll edilməsi yekunda tərəflərdən asılıdır: "ATƏT-in Minsk qrupu münaqişəni necə həll etməyi tərəflərə diqtə edə bilməz. Minsk qrupu vasitəçilik və kömək edə bilər, ideyalar irəli sürə bilər. Ancaq tərəfləri nəyəsə vadar edə bilməz".
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed