Şrift:
ABŞ Putini devirməyi çox istəyir
05.02.2014 [13:10] - Gündəm, Siyasət
Henri Kissincer: "Rusiyanın özünüdərk fəlsəfəsi yalnız imperiya təfəkkürünə əsaslanır"

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN telekanalının populyar tok-şousunda iştirak edib. O, həmin verilişdə Ukraynadakı son hadisələri şərh edərkən sensasion açıqlamalar verib.
Kissincer deyib ki, Ukrayna mahiyyət etibarilə parçalanıb: "Bu ölkənin şərq hissəsi pravoslavdır və Rusiyaya meyl edir. Qərb hissəsi isə katolikdir və qərbpərəstdir. Ona görə də hesab edirəm ki, Ukrayna ilə bağlı fikir və rəylər bərabər şəkildə iki yerə bölünüb. Ukraynada qarşı-qarşıya dayanan tərəflərə gəlincə isə məndə belə bir təəssürat yaranıb ki, hər tərəfin mövqeyində həm demokratiya, həm də oliqarxiya elementləri var. Və mən Ukraynanın indiki prezidenti Viktor Yanukoviçi tərtəmiz rusiyapərəst lider sayıram".
Sabiq dövlət katibi Rusiyanın Ukraynadakı vəziyyətə müdaxiləsinə münasibət bildirərkən prinsipcə açıq mətnlə bəyan edib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin devrilməsini çox istəyərdi: "Putin bu məsələdə bizim Moskvada etmək istədiklərimizin baş məşqini görür".
H.Kissincerin sözlərinə görə, Rusiya ilə qalan dünya, Rusiya ilə Qərb arasında münasibətlərin qurulması hələ də nəhəng problem olaraq qalır. Çünki Rusiya özünün bütün tarixi boyunca imperiya olub və bu ölkənin özünüdərk fəlsəfəsi yalnız imperiya təfəkkürünə və imperiyanın nailiyyətlərinə əsaslanır: "Rusiya Çinlə həmsərhəddir. Bu - strateji cəhətdən dəhşətlidir. Rusiya İslam dünyası ilə həmsərhəddir. Bu da ideoloji baxımdan fəlakət və dəhşətdir. Və Rusiyanın həm də Avropa ilə sərhədləri var. Bu sərhədlər tarixən həmişə sürüşkən olub".
"SSRİ-nin qəbirqazanı" adını qazanmış nüfuzlu ABŞ siyasətçisi və diplomatı daha sonra bildirib: "Digər tərəfdən, Rusiya hökmdarları bütöv bir tarix boyunca özlərinin bu sərhədlərdən kənardakı, xaricdəki rollarının böyük və əvəzedilməz olması barədə təsəvvürlər yaratmaqla idarə ediblər. Özünü xaricdə əzəmətli və qorxunc göstərməklə, eyni zamanda böyük güzəştlərin də də mümkün və lazım olduğunu anlamaqla ölkənin əl-ayağını necə bir yerə yığmaq olar? Məncə, Putinin üzləşdiyi ən əsas çətinlik də elə budur. Rusiyanı mühasirəyə alınmış qala vəziyyətinə gətirmək, bununla da rusları nəyə qadir olduqlarını sübut etməyə məcbur etmək həddinə çatdırmaq bizim maraqlarımız daxilində deyil".
Bu xəbər oxucular tərəfindən 1055 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed