Şrift:
Xocalıda güllələnib və yandırılan Güney Azərbaycan şəhidlərinin fəryadı
05.02.2014 [13:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən böyük dəhşətli faciəsi “Xocalı qırğını” baş verdi. Həmin gün yüzlərlə, minlərlə günahsız insanların qanı axıdıldı.
Axşam toran qovuşanda Xankəndi və Əskəran tərəfdən rəhimsiz, qəddar, qaniçən, vəhşi, sadist erməni silahlı quldur dəstələri SSRİ-nin Xankəndindəki 366-cə moto-atıcı alayının şəxsi heyyəti öz terror təşkilatı ilə birlikdə Dağlıq Qarabağın cənnət guşəsi olan Xocalıya hücum etdilər. Xocalını xarabalığa çevirdilər. Onlar Xocalını tarix səhifəsindən birdəfəlik silmək istədilər.
Xocalı Qarabağ xanı Pənahəli xanın mülküdür. Xocalı Xankəndi ilə Əskəran kəndi arasında yerləşən gözəl bir diyardır. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən dağların göz yaşı, dupduru suları Xocalıdan keçib Qar-qar çayına qovuşur. Bir sözlə, Xocalı Dağlıq Qarabağın cənnət guşəsidir. Bu torpaqlara sahib çıxıb yiyələnmək erməniləri həmişə düşündürüb. Ona görə də erməni quldurları Xocalı soyqırımını planlı və düşünülmüş şəkildə həyata keçirdilər.
“Asala” terror təşkilatının başçısı İlyarion Allahverdiyan 24 nəfər rus zabitinə xeyli əsgərlərə pul və qiymətli əşyalar vermişdir. Məsələn: I rus zabiti Yevqeni Qolebevə 25 qramlıq qızıldan tökülmüş orden və 5 min ABŞ dolları vermişdir. II. S. İvanova 10 min ABŞ dolları və İrəvanda onu gözləyən “Hunday” markalı maşının sənədlərini vermişdir. III. İ. Zaqovarova 36 min ABŞ dolları vermişdir.
Saqqalı erməni quldurlarına hərbi sursatlar, ərzaq və geyimlər Fransadan göndərilmişdir. Amerikadan isə 149 ədəd rasiyya verilmişdir.
Fevral ayının 25-dən 26-na keçən gecə 11500 nəfərdən çox olan əhalinin 613 nəfəri amansızcasına, qəddarlıqla qətlə yetirilmişdir. O cümlədən,63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla insanlığa yaraşmayan vəhşiliklə və işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, qulaqları, burunları və cinsiyyət üzvləri kəsilmiş, qadınların döşləri kəsilmiş, uşaqları süngü ilə öldürüb, yuxarı qaldırıb yerə çırpılmış, boğazlarını süngü ilə deşik-deşik etmiş, bədənlərinə qızdırılmış dəmir basılmış, ayaqları ağır daşların altında xıncım-xıncım edilmiş, diri-diri üstlərinə benzin töküb yandırılmışlar.
Xocalıda 9 ailə tamamilə məhv edilmiş, 30 uşaq hər iki valideynini itirmiş, 150 uşaq 1 valideynini itirmiş, 500-ə yaxın insan yaralanmış (onlardan 76-sı uşaqdır), 1275 nəfər girov götürülmüş, 150 nəfər isə itgin düşmüşdür.
Erməni quldurlarının törətdikləri bu vəhşiliyə soyqırıma səbəb Xocalıda yaşayan insanların azərbaycanlı olması idi. II Dünya Müharibəsi zamanı alman faşistləri Belorusiyada Xatın kəndində əhalini-qadınları, uşaqları və qocaların hamısını bir dama doldurub yandırmışlar. Hal-hazırda Belorusiyaya Xatın kəndinə hər yerdən muzeyə gəlirlər və ziyarət edirlər. Kənd sakinlərinin hamısının qapısında iri zəng asılıb. Muzeyi ziyarət edənlər muzeydən çıxarkən qapılarda fəryad zəngi çalınır.
Xocalıda erməni faşistləri tərəfindən əzab-əziyyət və işgəncə ilə öldürülüb, meyidləri yandırılan ailələrdən biri də İrandan, Cənubi Azərbaycandan Şimali Azərbaycana qan qardaşlarına pənah gətirən siyasi mühacir, inqilabçı fədai İmani Ağayar Salman oğlu, gəlini Əliyeva Sona Bəhlul qızı və oğlu İmani Malik Ağayar oğlu idi.
İmani Ağayar Salman oğlu Cənubi Azərbaycanın Ərdəbil şəhərinin Almas kəndində 1909-cu ildə anadan olmuşdur. Ağayar digər inqilabçı fədailər kimi şah rejimi ilə vuruşub başda Seyid Cəfər Pişəvəri, zabitlər və generallar olmaqla 1946-cı ilin dekabr ayında İranda, Cənubi Azərbaycanda Milli Hökumət devrildikdən sonra qüvvə toplayıb, geri qayıdıb şah qoşunu ilə vuruşmaq üçün Şimali Azərbaycana qan qardaşlarına pənah gətirdilər. Sən saydığını say, gör fələk nə sayır. Stalin, Mikoyan və Beriyanın xaincəsinə satqınlığı və riyakarlığı nəticəsində bu arzular həyata keçmədi. İrandan gəlmiş inqilabçı fədailər, zabit və generalların bəzisini Sibirə, bəzisini Qazaxıstana sürgün etdilər və həbs etdilər. Digərləri isə silahlarını təhvil verib bel-külüng ilə əvəz etdilər. Müəssisələrdə. Təsərrüfatlarda çalışdılar. Oxudular, ailə qurdular. Azərbaycanın müxtəlif regionlarında məskunlaşdılar. Həmin inqilabçı fədai və mühacirlərindən biri olan İmani Ağayar Salman oğlu Qarabağın dilbər guşəsi olan Xocalıda məskunlaşdırıldı. 1949-cu ildə Ağayar kişi İmani Suqra Adil qızı ilə xoşbəxt və gözəl bir ailə qurdu. Onların 7 övladı dünyaya gəldi. 4-ü oğlan, 3-ü isə qız idi. Ağayar kişi 9 nəfərlik ailəyə başçılıq etdi. 1959-cu ildə İmani Ağayarın ailəsində bir oğlan uşağı dünyaya gəldi. Ata və ananın razılığı ilə uşağa Malik adı qoydular. İmani Malik orta məktəbi bitirdi, hərbi xidmətə getdi və hərbidə qulluq etdi. Malik orta məktəbdə oxuyarkən və hərbi xidmətdə qulluq edərkən sinif yoldaşlarının, müəllimlərinin, əsgərlərin və komandirlərin rəğbətini qazanmışdır. Hərbi xidmətdən qayıdan Malik Xocalıda atası Ağayar kişi və qardaşları ilə birlikdə təsərrüfatda çalışdı.
İmani Malik 1975-ci ildə ürəkdən sevdiyi, Xocalı sakini Əliyeva Sona Bəhlul qızı ilə xoşbəxt bir ailə qurdu. Onalrın 2 qızı, 1 oğlu dünyaya gəldi.
İmani Ağayarın Malikdən sonra Bakir, Asif, Sahib adlı oğlanları, Zülfiyyə, Elmira və Məhbub adlı qızları dünyaya gəldi. Övladları böyüyüb orta məktəbi bitirdilər, oğlanlar əsgəri borcunu yerinə yetirib Xocalıda təsərrüfatla məşğul oldular.
Taleyin bəzən amansız hökmü olur. 1976-cı ilin mart ayının 6-da İmani Ağayarın 17 yaşlı böyük qızı Zülfiyyə qəflətən dünyasını dəyişdi. 1980-ilin yanvar ayının 17-də isə 25 yaşlı oğlu Asif avtomobil qəzasında həlak oldu.
1988-ci ildə Azərbaycanın dilbər guşəsi olan Qarabağın başının üzərini erməni quldurlarının bəlası aldı. Ermənilər senyabr ayının 18-də Xocalıya ilk dəfə hücüm etdilər. Xocalını ermənilərdən qorumaq üçün Xocalının kişiləri və oğlanları gecədən səhərə kimi keşik çəkirdilər. İmani Ağayar 3 oğlu ilə birlikdə keşik çəkənlərin arasında idi. Ağayar kişi cavanlardan da məsuliyyətli, ayıq-sayıq idi. Axı o, həyatın bütün çətinliklərini görmüşdü. Vətən torpağının hər qarışının necə qiymətli, əziz və doğma olduğunu bilirdi.
1989-cu ildə Cənubi Azərbaycandan Şah İsmayıl Xətainin vətəni olan Ərdəbil şəhərindən uzun illərdən bəri qardaş və bacılarının ölüb-qalmalarından xəbərsiz olan İmani Ağayara qardaş və bacılarından xəbər gəldi. Ağayarı Güneyə görüşə dəvət etdilər. O, doğma ana yurdu, Cənubi Azərbaycanı, Ərdəbili görmək və əzizləri ilə görüşmək üçün həsrətə son qoymaq üçün doğma ana Vətəninə getdi. Ağayar İranda çox qala bilmədi. Çünki onu ömür gün yoldaşı Suqra, övladları və ona doğma olan Xocalı erməni quldurlarının əhatəsində idi. Xocalı təhlükədə idi. O, Ağdamda məskunlaşan qızı Elmiranın evinə gəlib, orada çox qalmayıb sonuncu vertalyot ilə Xocalıya qayıtdı. O zaman Xocalının ağır günləri idi. Xocalı mühasirədə idi. Maşın yolları hər tərəfdən kəsilmişdi. Yalnız təkcə vertalyot ilə gediş-gəliş var idi. Xocalının əhalisi şaxtaya, aclığa, elektriksizliyə mətanətlə, əzmkarlıqla gecə-gündüz başlarına yağdırılan güllələrə baxmayaraq ümidlə dözərək yaşayırdılar.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı Xocalı faciəsində ata İmani Ağayar Salman oğlu, oğlu İmani Malik Ağayar oğlu və gəlini Əliyeva Sona Bəhlul qızı digər xocalılar kimi erməni qan içən quldurları, faşistləri tərəfindən əzab-əziyyət və işgəncə ilə qətlə yetirildilər və yandırıldılar.
İmani Suqra Adil qızı oğlanları İmani Bakir və Sahib, qızı Məhbub ilə meşələrdən şaxtada, boranda sürünə-sürünə gündüzlər gizlənib, gecələr hərəkət edə-edə, üst-başları cürüq-cürüq, ayaqyalın, başıaçıq yaralı halda 10 gündən sonra Ağdamda məskunlaşan qızı İmani Elmiranın evinə yaralı halda çatdılar. Bir aya qədər Ağdam xəstəxanasında müalicə olundular. Sonradan Bakı şəhərinə, Suraxanı qəsəbəsində məcburi qaçqın və köçkün evlərində məskunlaşdılar. Bütün bu dərdlərə, əzab-əziyyətlərə tab gətirə bilməyən İmani Bakir Ağayar oğlunun 1994-cü ilin yanvar ayının 1-də ürəyi əbədi dayandı. Xocalı soyqırımını, ailənin dəhşətli faciəsini gözləri ilə görən İmani Ağayarın ömür-gün yoldaşı İmani Suqra Adil qızının 1996-cı ilin mart ayının 15-də ürəyi qəflətən partladı. Dünyasını dəyişib əbədiyyətə qovuşdu. Suqra xanımın ruhu ömür-gün yoldaşının, gəlininin, oğlanlarının və qızının ruhuna qovuşdu. Hal-hazırda İmani Ağayar Salman oğlunun Ağdamda İmani Elmira adlı qızı yaşayır, ailəlidir, 4 uşağı var. İmani Sahib Suraxanı qəsəbəsində yaşayır, evlidir, 2 uşağı var. Qızı İmani Məhbub Suraxanı qəsəbəsində yaşayır, ailəlidir.
Xocalı şəhidi İmani Ağayar Salman oğlu qoy sənin ruhun rahat olsun, xocalıların hayıfı, ah-naləsi yerdə qalmayacaq. Erməni quldurlarından qisas alınacaq. Digər sağ qalan xocalılar kimi sənin 3 övladın, 6 nəvən yaşayırlar. Onlar hər an intiqam almağa hazırdırlar.
Xocalı soyqırımını, Xocalı faciəsini həkim-müxbir, operator Çingiz Mustafayev və orada olan polkovnik-leytenant Azərbaycanın ilk operatoru olan, Qarabağ müharibəsi əlili Seyidağa Mövsümlü tərəfindən lentə alınmışdır. Həmin faciə türk, rus, alman, fars, ərəb və ingilis dillərinə tərcümə edilib, bütün dünyaya yayılıb, sərgilər və şəkillərdə göstərilib. Təəssüflər olsun ki, arxalı köpəyi qurd da basmaz. Bizim xalqın səsini Amerika və Rusiya “Xocalı soyqırımı”nı qəbul edib ermənilərdən bu vəhşiliklərinə qarşı tədbir görmürlər. Beynəlxalq HAQQA Məhkəməsi hələ də susur. Neçə gündür ki, evdə oturub bədbəxt insan taleləri ilə üz-üzə dayanmışam. Xocalı soyqırımının ağrısından əzab çəkirəm. Ətrafımı tənhalıq bürüyüb. İnsanların qəm dəftərini vərəqlədikcə ürəyimə ağır dərd selləri axıb dolur. Göz yaşımın acılığından qəlbim parçalanır. Sizin bədbəxt taleyinizi ağ kağız üzərinə köçürürəm.
Azərbaycanın paytaxtı Bakı şəhərində Xocalı prospektində bir Ana heykəli ucalır. Ana balasını əlləri üstündə tutub göylərə, Allaha fəryad edir. Ana insanların üzünə də baxmır. O, Xocalıda qətlə yetirilmiş, vəhşicəsinə öldürülmüş, süngü ilə deşilmiş balasını yuxarı qaldırıb Allaha göstərir. Bala dərdi onu yandırır. O, fəryadını göylərə ucaldır. Ağlamağa yaylığı, nalə çəkməyə dili, saçlarını yolmağa əli yoxdur. Göz yaşı quruyan, diri-diri ürəyi dayanan, qolu quruyan Ana heykəlidir. Bu heykəl Xocalıda qəddar erməni quldurlarının işgəncə ilə qətlə yetirilmiş 106 anadan biridir. Bu ana bir gecə də 613 şəhid verən, Xocalı sakinidir. Elə bil ki, həlak olmuş balasını başının üzərinə qaldırıb deyir: “Allah bu dərdə dözə bilmirəm. Bu zülmü yerdə qoyma”. Xocalının xarabalığında erməni quldurlarının əzab-əziyyət, zülm və işgəncə ilə qətlə yetirdikləri 63 uşağın, 70 qocanın, 106 ananın, 613 şəhidin ruhları buraya dolanır. Əsirlikdə inəyən 155 Xocalının naləsi beyinə işləyir.
Bu Ana heykəlinin yanında soyuq daşın ətrafında əllərində qərənfillər olan 3 gənc, bir oğlan və 2 qız, onların yanında isə 6 uşaq dayanır. Onlar hər gün Ana heykəlini ziyarətə gəlir və qərənfilləri heykəlin önünə qoyurlar. Onlar Xocalı faciəsindən sağ qalan Xocalı uşaqlarından biridirlər
Ey gənclər, Siz təsadüfən sağ qalan uşaqlardan biri olsanız da sizin öldürülən ata-ananızın, istəkli bacı-qardaşlarınızın ruhu bilsin ki, sizi ucalardan-uca bildiyimiz Allah qoruyub saxlayıb. Bilirsinizmi niyə? Çünki siz yaşamalı, nəslinizi, kökünüzü, soyunuzu gələcək nəsillərə tanıtmalısınız. Onların çəkdikləri əzab-əziyyəti, işgəncələri erməni quldurlarının törətdikləri vəhşilikləri, “Xocalı soyqırımı” yadlarda qalsın və unudulmasın deyə. Çünki onlar Azərbaycan qəhrəman mübariz şəhidləridirlər. Onlar əbədi olaraq ürəklərdə yaşayacaqlar, heç zaman unudulmayacaqlar. Allah onlara qəni-qəni rəhmət eləsin. Onların ruhları daima Xocalıdan əskik olmasın.

Xocalım yaman qəmlidir,
Gülləri ələmlidir.
Xocalım viran qalıb,
Sinələr sitəmlidir.

Ey gənclər, gün gələcək ki, şanlı Azərbaycan ordusu şəhidlərimizin ruhu dolaşan dağlara, Xocalıya zəfər bayrağını sancacaq. Bax o zaman daşa dönmüş analarımızın gözlərinə işıq, yanaqlarına qan gələcək. Hələlik isə daşa dönmüş ana öldürülmüş balasını əllərin üzərinə qaldırıb 26 fevral gecəsində erməni vəhşilərinin amansızlıqla qətlə yetirdikləri şəhidlərin arxasınca bayraq kimi yellənir.

Gülləri solan Xocalım,
Elləri nalan Xocalım.
Tanrı imdada yetsin,
Qürbətdə qalan Xocalım.

Heç kim unudulmur! Allah sizə qəni-qəni rəhmət eləsin! Ruhunuz nurla dolsun!
O vaxtdan 22 il keçib. Nə beynəlxalq NAQQA məhkəməsi, nə dünyanın hegomon dövlətləri, nə ATƏT nə BMT xocalıları öz doğma vətəninə qaytara bilmədilər.
Güman sənə qalıb Azərbaycan əsgəri!


Əli Dəsti,
Gəncə şəhəri Güney Azərbaycanlı Mühacirlər
Cəmiyyətinin sədri,MDHP Güney Azərbaycan Departmentinin sədr müvini

Xocalıda güllələnib və yandırılan  Güney Azərbaycan şəhidlərinin fəryadı
Bu xəbər oxucular tərəfindən 1537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed