Şrift:
Güney Azərbaycan xəbərləri
03.12.2011 [14:17] - Gündəm
Senat yekdilliklə İrana qarşı sanksiya qəbul edib

Ağ evin bəzi tərəfdaşları ilə əlaqələrini itirəcəyindən qorxmasına baxmayaraq Senat yekdilliklə İrana qarşı sanksiya qəbul edib. Qanun lahiyəsində İranın Mərkəzi Bankı ilə əməkdaşlıq edən ABŞ banklarının cərimə olunacağı nəzərdə tutulur.

Amerika hökumətinin bəzi nümayəndələrinin sözlərinə görə, bu cür tədbirlər neftin qiymətinin qalxmasına səbəb ola bilər. Bu isə nəticə etibarilə İranın xeyrinə olacaq. Qanun layihəsinin daha sonra nümayəndələr palatasında nəzərdən keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl isə Avropa Birliyi ölkələri İrana yeni sanksiyalar tətbiq etmişdi.


İsrail İranla bağlı planlarını açıqladı

Dekabrın 1-də jurnalistlərə açıqlama verən İsrailin müdafiə naziri Ehud Barak İrana mümkün hərbi hücumdan danışıb.
Ehud Barak deyib ki, İrana hərbi hücum İsrailə təhlükə yaratmayacaq: “Bizim hazırda belə niyyətimiz yoxdur. Zərurət olmasa, müharibəyə getməyəcəyik. Lakin hər şey şəraitdən asılıdır. Elə bir vaxt gələ bilər ki, biz buna məcbur ola bilərik.
İsrail üçün hələ üç şey dəyişməyib. Birincisi budur ki, İranın nüvə proqramı qəbuledilməzdir. İkincisi odur ki, biz bu proqramı dayandırmaq niyyətindəyik. Üçüncüsü isə odur ki, İranla bağlı bütün seçim və variantlar masa üzərindədir”.


İRAN-İNGİLTƏRƏ MÜNASİBƏTLƏRİ GƏRGİNLƏŞİR

Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin İranla bağlı toplantısında iştirak etmək üçün Brüsselə gələn Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq İran hökumətini Suriyada repressiyanı dəstəkləməkdə ittiham edib. Uilyam Heyq İran və Suriyada baş verən hadisələr arasında əlaqənin olduğunu bildirib.
"İran hökuməti ərəb dünyasının digər hissələrində keçirilən etirazları dəstəkləsə də, Suriya və İranda onların əleyhinədir. Düşünürəm ki, bu il ərəb dünyasında baş verən və bizim "Ərəb baharı" adlandırdığımız hadisələr İranda insan haqlarının sıxışdırılmasının artmasının arxasında duran səbəbdir. İran rejimi özünü daxildə zəif mövqedə hiss edib və ona görə də müxalifət liderləri ev həbsinə məhkum edilib, bu il ərzinldə İranda 500-dən çox insana ölüm hökmü çıxarılıb. Ümumilikdə isə müxalifət hərəkatları sıxışdırılır. Bu, insan hüquqlarının və demokratiyanın sıxışdırlamsının artmasıdır və İran üçün geriyə böyük addımdır"- Uilyam Heyq belə deyib.
Qeyd edək ki, Böyük Britaniya ilə həmrəylik əlaməti kimi Almaniya, Fransa və Niderland da İrandakı səfirlərini geri çağırıb. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kətrin Əşton isə təşkilatın İrana qarşı yeni sanksiyalar təklifini hazırladığını təsdiqləyib.
Çin isə Böyük Britaniyanın İrandakı səfirliyinə hücumdan sonra London və Tehran arasında yaranmış vəziyyətə narahatlıq ifadə edib və bütün tərəfləri təmkinli olmağa, probemlərin məsləhətləşmələr və danışıqlar yolu ilə həllinə çağırıb. Çinin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Hun Ley keçirdiyi mətbuat konfransında bunu bəyan edib. Hun Ley bildirib ki, Çin müvafiq tərəflərin ehtiyatı, soyuqqanlığı və təmkini qoruyub saxlaya biləcəyinə, ziddiyyəti gücləndirəcək addımlardan yayınacağına ümid edir. Çinli diplomat bildirib ki, baş vermiş insident beynəlxalq hüquq norma və prinsiplərinə ziddir və İran rəhbərliyi Böyük Britaniya səfirliyinə hücuma müvafiq qaydada cavab verməlidir


AVROPA BİRLİYİ İRANIN 141 ŞİRKƏTİNƏ və 39 VƏTƏNDAŞINA SANKSİYA QOYDU

Dekabrın 1-də Brüsseldə bir araya gələn Avropa Birliyi dövlətlərinin xarici işlər nazirləri İran İslam Respublikasının 141 şirkətinə və 39 vətəndaşına sanksiya qoyub.
Nazirlər İranın maliyyə, nəqliyyat və enerji sahələrinə qoyulan sanksiyaları daha sərt şəkildə davam etdirmək razılığına da gəliblər. Xarici işlər nazirlərinin iclasında İrandan neft idxalına sanksiya qoyulması haqda müzakirələrin getdiyi də vurğulanır.

Avropa Birliyinin sanksiyasına məruz qalan İranın şirkət və vətəndaşlarının adları açıqlanmayıb


Politoloq: İranın daxilində siyasi böhran yetişir

Ərəstun Oruclunun fikrincə, Qərb sanksiyalarla İranı daxili münaqişəyə çəkməyə çalışacaq
“Bu gün İran özü ölkəyə xarici müdaxilədə maraqlıdır. Yaxud da ki, İrandakı hər hansısa siyasi qruplaşma həmin bu xarici müdaxilədə maraqlıdır”. Bu sözləri “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, burada hakimiyyəti zəbt etmiş İslam İnqilabı Keşikçiləri, “Sepah” adlanan qurum və başlıca olaraq onun təmsilçisi Mahmud Əhmədinejad maraqlıdır. Politoloq deyir ki, İranın daxilində bir siyasi böhran artıq yetişir: “İranın nüvə proqramı ilə bağlı tətbiq olunan beynəlxalq sanksiyalar da bu vəziyyəti gərginləşdirir. Bu gün İranın çevrəsinə nəzər yetirsək, görəcəyik ki, İran hər tərəfdən münaqişə əhatəsinə düşüb. Bu da istər-istəməz İranın daxili proseslərinə ciddi təsir edir”.

Ə. Oruclu düşünür ki. bu şəraitdə İran hakimiyyətinin ultra-radikal “Sepah” qanadı daxili ziddiyyətlər baxımından problemin həllini xarici düşmən amili axtarmaqda görür: “Məhz bu səbəbdən görəcəyik ki, İran sanki özünə hər gün yeni düşmən axtarır. İki gün əvvəl İran Türkiyəni raketlərlə vuracağı ilə hədələdi. Son 1-2 ay ərzində İran rəsmiləri mütəmadi olaraq Azərbaycanı hədələyirlər. Bununla da onlar Qərb maraqlarına təhdid yaratmaqla, Qərbi qıcıqlandırmaq istəyirlər”.

Politoloqun sözlərinə görə, digər tərəfdən Böyük Britaniya səfirliyinə qarşı olan son hərəkət çox güman ki, bu gün İranın öz marağından və İranda hakimiyyəti zəbt etmiş qrupun marağından irəli gələn bir addımdır: “İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyinin son iki bəyanatında bu özünü daha qabarıq şəkildə göstərib. Birinci halda o, İsfahan Universitetində çıxış edərkən deyib ki, İranda prezident hakimiyyətini baş nazir hakimiyyəti ilə əvəzləmək lazımdır. Bu, artıq daxili münaqişələrin olmasından xəbər verir. Digər tərəfdən isə o bildirib ki, ABŞ və NATO İrana hücum edərsə, öz qarşısında “Sepah”ı görəcək. Maraqlısı odur ki, o, İranın Ali Dini Şurasına daha çox sadiq olan Müdafiə Nazirliyinin adını çəkməyib”.

Mərkəz rəhbəri hesab edir ki, bu mərhələdə Qərb İrana hərbi müdaxilə etməyə hələ tələsməyəcək. Onun sözlərinə görə, Qərb çalışacaq ki, sanksiyalarla İranı daxili münaqişəyə çəksin: “Bundan sonrakı mərhələdə artıq proseslərin gedişatından asılı olaraq hərbi müdaxilə ola da, olmaya da bilər”.
Bu xəbər oxucular tərəfindən 1145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed