Şrift:
İranla AEBA arasında 7 maddəlik anlaşma əldə olunub
10.02.2014 [10:50] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında növbəti nüvə danışıqları başa çatıb.


İran mətbuatının verdiyi məlumata görə, fevralın 8-9-da Tehran şəhərində keçirilmiş müzakirələrdə əməkdaşlığın davam etdirilməsi mövzusunda razılıq əldə olunub.



İranın AEBA-dakı daimi nümayəndəsi Rza Nəcəfi bildirib ki, ikigünlük danışıqlar 7 maddəlik anlaşmanın əldə olunması ilə başa çatıb: “İranla AEBA həmin praktik addımları həyata keçirmək üçün may ayının ortalarınadək əməkdaşlıq edəcəklər. Bu razılaşma ötən il noyabrın 11-də tərəflər arasında Tehranda əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində təmin edilib. Ümumiyyətlə, ikigünlük müzakirələri konstruktiv adlandırmaq olar. Yaxın günlərdə 7 maddəlik anlaşmanın detalları açıqlanacaq”.



İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib ki, tərəflər arasında danışıqlar konstruktiv və müsbət keçib: “Biz AEBA-nın İranın nüvə fəaliyyətlərinə nəzarət və müzakirələrlə bağlı nəşr edəcəyi hesabatın müsbət olmasını gözləyirik. İran öz öhdəliklərini yerinə yetirib və bu səbəbdən təqdir olunub”.



Onun sözlərinə görə, İranla AEBA arasında əldə olunmuş yeni razılaşmanın detalları yaxın günlərdə açıqlanacaq və həmin sənəddə Parçin hərbi sənaye kompleksinə baxış keçirilməsi ilə bağlı heç bir müddəa yoxdur.



Qeyd edək ki, bundan əvvəl AEBA müfəttişləri ötən il noyabrın 11-də Tehranda əldə olunmuş 6 maddəlik razılaşma çərçivəsində Ərak ağır su nüvə reaktoruna və Geçin uran mədəninə baxış keçiriblər.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed