Şrift:
Xocalı Soyqırımı Cənub-Şərqi Asiyanın ən böyük məscidində anılıb
17.02.2014 [09:32] - Diaspor
Fevralın 14-də İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən, ölkənin və Cənub-Şərqi Asiyanın ən böyük, dünyanın isə 3-cü ən böyük məscidi - İstiqlal məscidində “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 22-ci il dönümünün anım mərasimi keçirilib.



İslam Konfransı Gənclər Forumundan verilən məlumata görə, İstiqlal məscidində cümə və camaat namazları zamanı on minlərlə adam, o cümlədən nazirlik və digər dövlət qurumlarından olan yüksək vəzifəli şəxslər, ölkənin böyük din xadimləri iştirak ediblər. İstiqlal məscidində cümə namazı zamanı İndoneziya Beynəlxalq Tələbələr Assosiasiyasının vitse-prezidenti Elmar İskəndərov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonların işğalı və Xocalı soyqırımı haqqında camaat namazına gəlib on minlərlə adama geniş məlumat verib və onları Azərbaycanın haqq işinə dəstək olmalarına və Xocalı soyqırımının qurbanlarının şərəfinə namaz qılıb dua etmələrinə çağırıb. Camaat namazları zamanı İstiqlal məscidində təxminən 120 min insan iştirak edir. Cümə namazından sonra ölkənin bir sıra din xadimləri və dövlət qurumlarını təmsil edən yüksək vəzifəli şəxslər E. İskəndərova yaxınlaşaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını pisləmiş və Xocalı soyqırımı məsələsində Azərbaycana tam dəstək olduqlarını bildiriblər.



“Xocalıya Ədalət!” beynəlxalq informasiya kampaniyası 2008-ci il, 8 may tarixində, Şuşanın işğalı günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 1150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed