Şrift:
Sabah Vyanada İranla altılıq ölkələri arasında növbəti nüvə müzakirələri keçiriləcək
17.02.2014 [10:40] - Güney Azərbaycan xəbərləri, Siyasət
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edəcək.



Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Müzakirələrdə məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. Nüvə danışıqlarından bir gün əvvəl axşam saatlarında M.C.Zərif və K.Eştonun ikitərəfli görüşü olacaq. Onlar bu görüşdə nüvə müzakirələrinin irəliləməsini necə təşviq etmək barədə danışacaqlar. İran nümayəndə heyəti “altılıq” ölkələri ilə nüvə danışıqları aparmaq üçün artıq Avstriyaya yola düşüb. Müzakirələr üç gün davam edəcək.



Danışıqlar M.C.Zərif və K.Eştonun rəhbərliyi altında BMT-nin Vyanadakı mənzil-qərargahında öz işinə başlayacaq və daha sonra İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidtin rəhbərliyi altında davam etdiriləcək. Bundan əlavə, ABŞ hökuməti öz nüvə müzakirəçilərini müəyyənləşdirib. ABŞ nümayəndə heyətinə yenə də dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edəcək. Eyni zamanda ABŞ nümayəndə heyətinin tərkibinə Bruk Anderson, Ceyms Tyombi, Paul İrvin, Riçard Nefyu və Karlos Doxvana daxildir.
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed