Şrift:
İnam Atanın fəlsəfi-tənqidi əsərləri haqqında
17.02.2014 [10:41] - Gündəm, DAVAMın yazıları
İnam Ata (Asif Ata) tənqidində əsas məqsəd yazıçının görmədiyini görmək, demədiyini deməkdir. Bu, qətiyyən yazıçının, yaradıcının imkanlarını inkar etmir, daha da o imkanların genişliyini göstərir. Ata tənqidinin – təhlilinin məqsədi insanilik uğrunda döyüşdür. O, ədəbi tənqiddən hünər istəyirdi, onun döyüşkənlik ölçüsünü yaradırdı: «Tənqid – ədəbiyyatla xalq arasında körpüdür, ədəbiyyat vasitəsilə xalqla danışmaqdır. Xalqı öyrənmək və öyrətməkdir.
Tənqidin qapısı xalqın üzünə açıq olmalıdır. Tənqidin qapısını xalqın üzünə bağlamaq – tənqidi yox eləməkdir. Son illər tənqidi yox eləmək meyli güclənib. Elə yazırlar ki, xalq anlamasın, çünki anlamalı elə bir şey yoxdur. Buna görə də anlaşılmaz yazırlar, anlaşılmazlıq arxasında gizlənirlər.
Terminlərdən yapışırlar, elmi görünməyi idraki görünməkdən üstün tuturlar, qəlizliyi dərinlik əvəzinə işlədirlər, istedad işığını məlumat parıltısıyla əvəz etmək istəyirlər» («İnsan Haqqı», 1987).
İndi də ictimai mühitdə bəziləri İnam Atanı çağında məşhur olan «Müdriklik səlahiyyəti» (1976) adlı kitabı ilə yada salırlar. Ancaq o, zamanını sürətlə aşdı, 4 il sonra «Mütləqə İnam» kitabına daxil olan «İnsan» kitabını yazmağa başladı ki, bu, artıq Asif Atanın Mütləqə İnam dünyabaxışının özülünü qoyması idi…
Bu dönəmdən başlayaraq onun fəlsəfi-tənqidi yaradıcılığı ilə sırf fəlsəfi-ruhsal əsərlər yaradıcılığı qoşa gedib. Artıq ömrünün son illərində Ata demək olar, tənqidi əsər yazmırdı, bütünlüklə yaratdığı dünyabaxışının kitablarını yazmağa girişmişdi.
«Müdriklik səlahiyyəti»ndə o dövr üçün şimşək çaxışına bərabər, hamını gerçəkdən heyrətləndirən əsərlər oxuculara sunuldu: «Fəlsəfə və poeziya», «Sənət və şəxsiyyət», «Şeir və ənənə», «Sənət və özünüdərketmə», «Həqiqət və yarımhəqiqət», «Şeyx Nəsrullah əsarəti», «Qəm və üsyan», «Sənətdə gənclik və sənətin əbədi gəncliyi».
30-40 yaşlarında Atanın zamandan yüksəkliyə çağıran fikirləri o çağların gəncliyinin ağlında zülmətdə işıq kimi bir şey idi.
İndi bəzilərinin o çağlar Atanın sosializm realizmindən yazmasına münasibəti ilə bağlı Safruhun aşağıdakı fikrini sunmaqla yetərlənirəm: «Hər bir yaradıcılığın dönəmləri olur. Asif Atada bu dönəmlər iki cür olub – 1) hamınınkı kimi öz fərdi yüksəliş inkişaf dönəmləri, 2) DTK ilə qarşılaşma –çarpışma dönəmləri. Ata hətta sosializm realizmi metodu üzrə dissertasiya da müdafiə etməyə məcbur olmuşdu (1965). Bu barədə özü yazır: “Soruşa bilərsiniz ki, nəyə lazımdı bu?! – Ocaq olmazdı onda – mən kəndə getsəydim”.
Az sonra (dissertasiya ilə rəsmi – ədəbi məqamlarda özünə yer elədikdən sonra) Ata o metodu qatlayıb qırağa qoymuş, özünün Mütləqə İnam təlimi əsasında öz ədəbi tənqid metodunu və fəlsəfi-bədii məqam janrını yaratmışdır.
Azərbaycanda bizim İnam Atamızdan başqa təlim yaratmış, janr yaratmış tənqidçi olubmu, varmı? Məktəb yaratmışı necə?»
Atanın imperiyanın ən pis çağında möhtəşəm cəsarəti, özündənkeçməsi göz qabağındadır. Kimsənin bu tarixdən uca faktı danması qəti mümkün deyil.
Atanın sağlığında işıq üzü görmüş ikinci tənqidi əsərlər toplusu isə «İnam və Şübhə»dir (1988).
Hər iki kitab böyük çətinliklər bahasına çap olunub. İkinci kitabda «Məcnunluq», «Koroğlular və Həmzələr», «Xaqanilik», «Vəcdli idrak», «Sənət və kəşf», «İnsan və sənət», «Nizamilik», «İnam və Şübhə» kimi əsərlər var.
İnam Atanın ruhundan yaratdığı öz Nizamisi, Xaqanisi, Füzulisi, Sabiri, Cəlili, Hadisi, Cavidi, Cabbarlısı var. Ümumən dünya ədəbiyyatının klassikləri ilə bağlı da onun bənzərsiz fikirləri var.
İndi də kəlmə İnam Atanın əsas fəlsəfi-tənqidi əsərləri haqqında.
«Tarixə Çatmaq» əsəri tarixi taleyimizə, bugünümüzə və sabahımıza yetkin, müdrik baxışdır.
«Tarixə çatmaq» XX yüzil Azərbaycan nəsrinin tanınmış örnəkləri əsasında (Cəlal Bərgüşadın «Siyrilmiş qılınc», İsa Hüseynovun (Muğanna) «Məşhər», «İdeal», Fərman Kərimzadənin «Xudafərin körpüsü», Əzizə Cəfərzadənin «Şirvan trilogiyası», Əlisa Nicatın «Mirzə Şəfi», Pənahi Makulunun «Səttarxan» romanları) yazılıb, Atanın özünəməxsus yaradıcılıq janrlarından biri olan fəlsəfi-bədii məqam janrındadır.
«Tarixə çatmaq» əsəri yaradıcılıq siqləti etibarilə insanın zamandan, mühitdən, şəraitdən üstünlüyünü təsdiq edir, faciələrimizi göstərməklə yanaşı, qədim böyüklüyümüzlə öyünmək imkanı, yurddaşlarımıza ictimai gedişatın bütün çalarlarına ruhani gözlə baxmaq imkanı yaradır.
Ata Azərbaycanın tarixi şəxsiyyətlərinə ulusal baxış halı, ölçüsü sunur. Həmişə Ata təəssüflənirdi ki, Azərbaycanın bu boyda mənəvi zirvələri var, ancaq yenə də qaranlıqdan çıxa bilmirik. Səbəbi də odur ki, Azərbaycan tarixən böyüklüyünü yaratdığı dərəcədə onu artıran, böyüdən, dəyərləndirən əməllər silsiləsi yetirə bilməyib.
Əsərdə fəlakətlərimizin səbəbləri, Babəkliyimizin, Hürufiliyimizin, Səttarxanlığımızn mahiyyəti açılır, dəyərləndirilir. Eləcə də Babəkliyimizə, Səttarxanlığımıza tarixi və çağdaş baxışlara münasibət bildirilir. Xüsusilə son illərdə Şah İsmayıl Xətayiyə münasibət bədii nəsrin fonunda daha da ikili xarakter alıb. Tarixi gedişat ədəbiyyatda xəlqi qiymətini almır. «İki Xətayi» versiyası bədii yaradıcılıq məhsulundan daha çox oxucuda gerçək tarixilik təəssüratı bağışlayır. Əsərdə Xətayinin səhvlərinin nədən ibarət olduğu da açılır…
«Şeyx Nəsrullah Əsarəti» Atanın məşhur fəlsəfi-tənqidi əsərlərindəndir, Mirzə Cəlilin «Ölülər»i mövzusunda yazılmış ən qüdrətli əsərdir desəm, yanılmaram. Əsər Ataya məxsus yüksək təblə, vəcdlə yazılıb.
Əsərin birinci bölümü «Şeyx Nəsrullahın peyda olması» adlanır. Burada Ata «Şeyx Nəsrullah sindromu”nun yaranması səbəblərini açır, fikirlərini son dərəcə aydın ifadə edir, oxucuya onun nə demək istədiyi gözəl çatır. Bu bölümdə Ata «Uzaqlıq mifi»nin mahiyyətsizliyini açır: “İnsan özünü itirəndə – Şeyx Nəsrullah peyda olur”.
«Özgələşmə» bölümündə qorxunun yaratdığı özgələşmənin mahiyyəti üzə çıxarılır: “Ölülər aləmində düşünən yoxdur”.
«Eyniləşmə» bölümündə Ata «dirilərin ölü eyniyyəti»nin nədən ibarət olduğunu təhlil edir.
«Kütləvi psixoz» bölümündə Şeyx Nəsrullahın qorxu ilə hər şeyə nail olmaq istəyini gerçəkləşdirən amillər araşdırılır.
«Şeyx Nəsrullah aktyorluğu»nda onun bu keyfiyyətinin insansız mühitdə imkan tapa bildiyi vurğulanır.
«Kütləvi Günah»: burada mütilərin qorxaqlığından doğan rəzillik, ikiüzlülük əsərdəki misallarla təqdim olunur.
«İsgəndər təkliyi»ndə İsgəndərin diriliyinin, habelə faciəviliyinin səbəbləri göstərilir.
«Ölməzlik» adlanan sonuncu bölümdə Ata bu qənaətə gəlir: «Bəşəriyyət özünü tam dərk etməyincə, özünə tam inanmayınca, özünə tam qayıtmayınca Şeyx Nəsrullahlar ölməzdir!”
Atanın Mirzə Cəlilin yaradıcılığı üstə yazdığı növbəti əsəri “Tilsim”dir (1993). Əsərdə mövhumatın, həqiqətsizliyin doğurduğu insansızlıq çeşidləri Ata görümündə sunulur.
“Şeir Dərdi” fəlsəfi-tənqidi əsərində yaradıcıdan şeiriyyətin mahiyyətinə uyğun yaşamaq, yazmaq istəyi, tələbi var – gerçəklikdən üstün. Çünki zamana uyğun şeiriyyət olmur, beşgünlük ədəbiyyat olur. Əsərdə Vətən, İnsan dərdinin Azərbaycan şairlərinin yaradıcılığında özünüifadə məqamları araşdırılır, çatışmazlıqlar göstərilir, insani-yaradıcı ölçüyə uyğun gələnlər təqdir olunur:
“Dərddən yaranıb şeir – dərdsizlikdən ölə bilər”.
Eləcə də “Şeir Dərdi”ndə dərdkeşliyin çalarları, insanın var olmasında özüylə üz-üzə qalmağın, dərdindən güc almağın hikməti açılır...
Bayatı çağırmaq uca ruhumuzdan doğub. Bayatı yaratmaq mahiyyətcə xalqı təmsil etmək deməkdir. Gözəl, ülvi olan əbədiliyi təsdiq edir, xalq adlı ünvana axır. Bir bayatıda bir kitablıq hikmət var. Bayatılarda diqqəti çəkən əsas məqam budur: sevgi bitməzmiş, habelə sevənin dərdi qurtarmazmış. Kədərdən, fəlakətdən güc almaq hünərdir. Bayatı dili ana dilıimizin həm də üzağlığıdır. İnam Atanın “Bayatı işığı” yazısında bayatılarımızın ruhu, fəlsəfi mahiyyəti açılır.
“Ölməyən Dərd” (Sabir üstə) adlı fəlsəfi-bədii məqamı çağımızın ruhsuzluğuna, ümidsizliyinə, idealsızlığına sabahlı, gələcəkli baxışdır. Nə qədər ki, cəmiyyət insanilik tələbi üstə yaşamır, heç bir şər çaları ölmür, itmir, yox olmur. Ata hər bir yazısında özünəməxsusdur, bənzərsizdir. O, özü demişkən, bəyəndiyini əla bəyənib, çünki həmişə Mütləqilik ölçüsünə əsaslanıb. Ata Sabiri dünya satirasında bənzərsiz şair sayırdı. Sabirin sənətkarlığının bir cəhəti də onun meyxananın imkanlarından bacarıqla yararlanması idi.
Ata Sabirin yaradıcılığı üstə yazdığı “Ölməyən dərd” əsərində şairin insan, millət dərdinin mahiyyətini açır, çıxış yolunu göstərir: nə qədər ki, millət olaraq ayılmamışıq, var ola bilməyəcəyik.
İnam Atanın «Zülmətdən İşığa» adlı fəlsəfi-tənqidi əsəri 21 il qabaq yazılıb. Bu yazı qarşıdakı onillərdə də aktual olacaq. Çünki Ata mütləq həqiqəti deyir. «Zülmətdən İşığa» yeni, bənzərsiz, qədimlik ənənəsi üstə inamlı ədəbiyyat yaratmağın ölçülərini verir – çağdaş yaradıcılıqdan, cəmiyyətçilikdən üstün, insani birliyi yaradan.
Atanın istədiyi ədəbiyyat – sinfilikdən, şəraitdən, mühitdən, ehkamdan, siyasətbazlıqdan, ədəbi, elmi bürokratizmdən üstündür.
İnam Atanın fəlsəfi-tənqidi əsərlərinin hamısı vəcdlidir, yüksək eşqlidir, coşqundur... “Nizamilik” əsərində Nizami Gəncəvinin əsərlərini özünəməxsus üslubda təhlil edir, Nizamiliyin mahiyyətinin xəlqi-bəşəri kökləri açılır, yüksək sənətkarlığı təqdir olunur.
“Xəyal gerçəkliyi” əsəri Azərbaycan nağılları üstə yazılıb, burada nağıllarımızın mahiyyəti açılır, Atanın nağıl janrına özünəməxsus, tamamilə bənzərsiz münasibətini ifadə edir.
“Həqiqət və yarımhəqiqət” əsəri C.Cabbarlının “Oqtay Eloglu”su və “Aydın”ı üstə yazılıb, insanın bitməyən həqiqət axtarışları təhlil edilir, yarımhəqiqətdən ötə olması qaçılmaz sayılır.
“Məcnunluq” əsərinin qaynağı – Füzulilikdir. Aşiqliyin ali timsalı olan Füzulinin Məcnunu Atanın qələmində, mütləq görümündə bənzərsiz qiymətini alır. Əsərin ilahi şeiriyyətli dili diqqəti çəkən əsas məqamdır.
“Koroğlular və Həmzələr”də mərdliklə namərdliyin yer-göy fərqi, Azərbaycan-türk ruhunda fitrətən yaşayan Koroğluluq xislətinin mahiyyət səviyyəsində açımı verilir.
“Xaqanilik”də Ə.Xaqaninin əsərləri üstə onun insanlığa görk olası ibrətamiz taleyi, vüqarından ayrıla bilməməsinin, insan ləyaqətini hər şeydən üstün tutmasının səbəbi Ata görümündə açılır. Aydın olur ki, bu, Xaqaninin insanlıq tələbiylə yaşamasındandır.
“Vəcdli idrak” əsərində İ.Nəsiminin zamanı ötən vəcdi, həqiqətə yetən insani aqibətli ömrü şeiriyyətində axtarılır, insanlığa nümunə olaraq sunulur, Atanın diliylə desək, Nəsiminin örnəyində “aşiqlik, filosofluq, cəngavərlik” təsdiq olunur.
Atanın “Azərbaycanımız-Azərbaycanlığımız” dəyərlər silsiləsindən olan “Hürufiliyimiz–Ənəlhəqliyimiz” içsəsi bunun möhtəşəm davamı, nöqtəsidir...
“İnam və Şübhə” əsərində İnam–Şübhə təzadının sənətdə ifadəsi, insanın gerçəklik–mahiyyət arasındakı çırpıntıları, həqiqətə yetməsinə mane olan antiinsançı yaradıcılıq cərəyanları, eləcə də dünyanın məşhur ədəbi əsərləri təhlil edilir, bəşərin əsilliyə – İnama yetəcəyi, şübhədən qurtulacağına inam ifadə olunur.
“İnsan yönü”ndə insana çatmayan, əksinə, insanı əsarətə salan həyat, sənət, tənqidin antinisani xisləti açılır, bunların insan yönünə düşməsi üçün dünyaya insan gərəkliyi tələb səviyyəsində vurğulanır.
“Yerdəkilərin göy həsrəti”ndə H.Cavidin əsərləri üstə insanın əzəli göylük eşqi, ucalığa, insanlığa, həqiqətə, ədalətə yetmək çağırışı səslənir, əslində göylük ünvanının insanlığa – İnama, İdraka, Mənəviyyata, İradəyə yetmək olduğu haraylanır...
“İnsan haqqı”nda Azərbaycan ədəbiyyatının tanınmış nəsr nümunələri təhlilə cəlb olunur, ədəbi tənqidin insanla, həqiqətlə bağlı olmasının gərəkliyi, insan haqqına yetməli olduğu vurğulanır.
“Dünyadan artıq” əsərində Ö.Xəyyam rübailəri üstə insanlıq qayğıları dilə gətirilir, “Xəyyam meyi”nin mahiyyəti açılır, insanın dünyadan üstünlüyünün mənəvi əsasları göstərilir.
“Nikbinlik” əsərində Füzulu eşqinin zamandan ötəliyi, əzabdan fərəh yetirməsi qüdrəti öyülür, əsl nikbinliyin insaniliyə yetmək olduğu vurğulanır.
Bu sıradan Atanın daha bir şeiriyyətli əsəri – “Füzuliylə Ruhdaşlığ”ı var, “Azərbaycanımız–Azərbaycanlığımız” dəyərlər silsiləsindən olan, “Füzuliliyimiz–Aşiqliyimiz” içsəsi var, Füzulinin möhtəşəm obrazını yaradan!
“Doğmalıq” əsərində “Dədə Qorqud Kitabı”nın ulusal ruhu (ilahi insani birlik, türk ailəçiliyi, adqoyma, bənzərsiz doğmalıq çalarları və s.) təhlil olunur, xalq ruhunun ölməzliyi, ulusal-bəşəri imkanlarının tükənməzliyinə inam vurğulanır.
“İnam harayı” adlı fəlsəfi-bədii məqamda M.Hadinin inam, insan haraylı şeirləri təhlil olunur. Əsərdən çıxan nəticə budur: “Bəşər ya Mütləqə çatacaq, İnsanlaşacaq, ya da məhv olacaq”.
“Gerçəkliyi ötmək” (“Şeiriyyət ruhu”) əsərində Atanın şeiriyyətlə bağlı düşüncələri sistemli şəkildə ifadəsini tapır. Ata gerçəkliyi ötən, hadisəni sadəcə təsvir etməyən, Nisbini Mütləqə çatdıran şeiriyyət istəyir, çağına qədərki şeiriyyət ifadəçilərinin yaradıcılığından örnəkləri təqdim edir, fikirlərini əsaslandırır.
“Dairələr” əsərində İnsanın mühit, Vətənin ayrılıq, İdrakın ehkam adlı dairəyə düşməsi fəlakəti haqqında danışılır, çıxış yolu olaraq Mütləqə İnam dünyabaxışı göstərilir.
Bu əsərlər İnam Atanın möhtəşəm irsinin bir hissəsidir, Onun Mütləqə İnam yaradıcılığının başlanğıcıdır əslində. Ata İnamının ilkin rüşeymlərini fəlsəfi-tənqidi əsərlərində ifadə edib.
Atanın tənqidi əsərlərini dönə-dönə oxumaq, özümləşmək gərək...

16 Köçəri ayı 35-ci il. (16 fevral 2014).
Bu xəbər oxucular tərəfindən 1654 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed