Şrift:
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı yeni strategiyanın hazırlanması təklif olunur
20.02.2014 [11:32] - Sosial
Azərbaycan üçün kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi çox önəmli məsələdir və dövlət aqrar sektora ciddi dəstək verir.

Bunu bu gün Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Bakıda keçirilən Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forumda Azərbaycan Prezident Administrasiyası aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov bildirib.


Onun sözlərinə görə, bu sahəyə böyük investisiyalar yatırılır: «Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondunun kreditlərinin 65-70%-i kənd təsərrüfatına yönəldilib. Mineral gübrələrin 50%-i, cins mal-qaranın kəndliyə satılması dövlət tərəfindən həyata keçirilir. Kəndlilərə dövlət tərəfindən subsidiyalar verilir».


A.Əmiraslanov deyib ki, ölkənin əsas vəzifələrindən biri kənd təsərrüfatı torpaqlarından düzgün istifadə edilməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır: «Bu gün aqrar siyasəti həyata keçirən qurumlar qarşısında dövlət başçısının tapşırığı var. Bu işin fundamental tələblərindən biri elektron kənd təsərrüfatının həyata keçirilməsi, kadr potensialının gücləndirilməsidir. Elektron kənd təsərrüfatının yaradılması ilə torpaqların elektron qeydiyyatını həyata keçiriləcək».


Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, kənd təsərrüfatında kooperasiyanın inkişaf etdirilməsi Azərbaycanda əsas məsələlərdən biridir: «Əsas diqqətimiz ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, qidanın təhlükəsiz olmasıdır ki, bu da bu sahəyə ciddi nəzarətin olmasını, bu isə yeni strategiyanın hazırlanmasını tələb edir».


A.Əmiraslanov deyib ki, dövlət fermerlərə dəstək verir və bu, humanitar yardım deyil: «Fermerlər yardımın bölüşdürülməsinə görə məsuliyyət daşıyırlar. Məhsul-pul zənciri prinsipini əsas götürürük. Düşünür ki, bu aqrar siyasəti və kənd təsərrüfatının effektivliyini təmin edəcək. Bu gün bütün dünyada kənd təsərrüfatında ərzaq zənciri sahəsində müəyyən problemlər var və heç bir ölkə bu problemi həll edə bilmir».


Şöbə müdiri vurğulayıb ki, bu gün ölkədə ərzaq bazarına birbaşa müdaxilə yoxdur: «Kənd təsərrüfatı məhsullarının satış kanallarında çoxsaylı həlqələr mövcuddur. Düşünürəm ki, bu sahədə müəyyən yeniliklər həyata keçirilməlidir. Aqro-ərzaq zəncirinə kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, satışı və saxlanması prosesləri daxildir. Bu da dövlət tərəfindən tənzimlənməlidir və səmərəlilik təmin olunmalıdır».


Sonda A.Əmiraslanov bildirib ki, bu gün Bakıda və regionlarda qiymət fərqi fermerlər arasında narazılıq yaradır. Bu baxımdan bazarın ədalətli təşkili olduqca əhəmiyyətli məsələdir.
Bu xəbər oxucular tərəfindən 1054 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed