Şrift:
Azərbaycanda polis mayoru rüşvət alarkən həbs edilib
05.12.2011 [18:10] - Xəbərlər
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi polis mayorunun həbsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, noyabrın 28-də vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edərək yaşadığı ünvanda iki mərtəbəli evin tikintisinə görə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynovun hər mərtəbə üçün ondan 1000 manat tələb etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu tərəfindən həyata keçirilmiş operativ tədbirlərlə Toğrul Hüseynov dekabrın 3-də xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Törətdiyi əmələ görə təqsirləndirilən şəxs qismində cəlb edilən Toğrul Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Respublikanın hüquq mühafizə orqanları tərəfindən korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan halların qarşısının alınması və aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1087 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed