Şrift:
Erməni təcavüzü BMT gündəliyində
20.02.2014 [13:21] - Gündəm, Siyasət
"Prezidenti və rəsmi şəxslərinin insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı bir ölkənin bəyanatları heç bir çəkiyə malik deyil"
BMT Təhlükəsizlik Şurasının gündəliyinin “Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında qanun aliliyinin təşviq edilməsi və gücləndirilməsi” bəndi üzrə qurumun açıq iclası keçirilib. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən verilən məlumata görə, Litvanın xarici işlər naziri Linas Linkeviçusun sədrlik etdiyi iclasda çıxış edən BMT-nin baş katibi Pan Gi Mun təşkilatın bu istiqamətdə fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Azərbaycan nümayəndəsi bildirib ki, Azərbaycanın bu məsələ üzrə mövqeyi ölkənin Cənubi Qafqaz bölgəsində və dünyada davamlı sülh və inkişafın bərqərar edilməsinə töhfə vermək marağından, o cümlədən təcavüz, zorakı separatizm, xarici hərbi işğal və etnik təmizləmələrin nəticələrinin aradan qaldırılmasındakı təcrübəsindən irəli gəlir.

Məruzədə əsas diqqət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına yönəldilib. qeyd olunub ki, 1987-ci ildə qonşu Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddialar irəli sürməsi sonradan ölkəmizin ərazilərinin işğalı, minlərlə azərbaycanlı dinc sakinin qətlə yetirilməsi və bir milyondan artıq soydaşımızın Ermənistandan və işğal edilmiş ərazilərdən qovulması ilə nəticələnib. Münaqişə dövründə aralarında hazırda Ermənistanda yüksək siyasi və hərbi vəzifələr tutan şəxslər də daxil olmaqla cinayətlər törədənlərin cəzasız qalmaları iki dövlət arasında sülh və barışa nail olmaq istiqamətində ciddi maneədir.

Bildirilib ki, Ermənistanda terrorçuların və müharibə cinayətkarlarının tərənnüm edilməsi, o cümlədən onların milli qəhrəman statusuna qaldırılması və onlara dövlət təltiflərinin verilməsi Ermənistan rəhbərliyinin qanun aliliyi və sivil münasibətlərin universal dəyərlərindən nə qədər uzaq olduğunu nümayiş etdirir.

Azərbaycan nümayəndəsi Ermənistan nümayəndəsinin əsassız, yalan və böhtan xarakterli bəyanatına münasibətdə bildirib ki, prezidenti və digər yüksək səviyyəli rəsmi şəxslərinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdığı bir ölkənin bəyanatları heç bir çəkiyə malik deyildir. Bu xüsusda mövcud problemlərin həll edilməsinin ən yaxşı yolu Azərbaycan ərazilərinin işğalına son qoyulması, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmini və müharibə dövründə azərbaycanlı mülki şəxslərə qarşı törədilmiş cinayətlərə görə cavabdeh olan bütün şəxslərin məsuliyyətə cəlb olunmasıdır.
Bu xəbər oxucular tərəfindən 658 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed