Şrift:
10-11-ci siniflərdə tədris təmayüllər üzrə həyata keçiriləcək
05.12.2011 [18:17] - Xəbərlər
Azərbaycanda tam orta təhsil təmayüllər üzrə həyata keçiriləcək. Bu barədə təhsil naziri Misir Mərdanov nazirliyin dekabrın 3-də keçirilən geniş kollegiyasında məlumat verib.

Nazir deyib ki, ölkədə 9 illik təhsil icbari olacaq, 10-11-ci siniflərdə isə tədris təmayüllər üzrə həyata keçiriləcək: “Bu məsələyə çox ciddi hazırlıq görülməlidir. “Təhsil haqqında” qanuna və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, tam orta təhsilin təmayüllər üzrə təşkilinin səmərəli həyata keçirilməsinə zəmin yaratmaq və ictimai rəyi formalaşdırmaq məqsədilə 5 pilot məktəb seçilib. Bunlar Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, “Elitar” gimnaziya, Akademik Zərifə Əliyeva adına məktəb və 6 nömrəli məktəblərdir. “XXI əsr Məktəbi” də direktorun müraciəti nəzərə alınaraq pilot müəssisələr sırasına daxil edilib”.

Nazir bildirib ki, həmin müəssisələrin X-XI sinifləri üçün tədris planları təsdiq edilib, tədris planlarında fənlərin sayı azaldılıb. Riyaziyyat-texniki təmayüllü siniflərdə riyaziyyat, fizika, kimya fənlərinin, riyaziyyat-iqtisadiyyat təmayüllü siniflərdə riyaziyyat, Azərbaycan tarixi, coğrafiya fənlərinin, humanitar fənlər təmayüllü siniflərdə ana dili, ədəbiyyat, xarici dil, tarix fənlərinin, təbiət fənləri təmayüllü siniflərdə fizika, kimya, biologiya fənlərinin tədrisinə ayrılan saatlar artırılıb.

M. Mərdanov deyib ki, bu dərs ilindən təhsilin təmayüllər üzrə təşkilinə başlanılıb və bu iş uğurla davam etdirilir: “Dərs ilinin I yarımilinin nəticələri təhlil ediləcək, müəllim, şagird və valideynlərin rəy və mülahizələri dinlənilib müvafiq təkliflər hazırlanacaq. Nəticələr təhlil edildikdən sonra növbəti dərs ilində həmin müəssisisələrin şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur”.
Bu xəbər oxucular tərəfindən 1116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed