Şrift:
Bu gün Oğuz bayramının su çərşənbəsidir
25.02.2014 [11:02] - Gündəm, Türk dünyası-Turan, Mədəniyyət
Artıq bu həftədən su çərşənbəsi ilə Novruz bayramına hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Su həyatın mənbəyi kimi göstərilir. Əski inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə, “təzə su” - yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Su çərşənbəsi zamanı tezdən qız-gəlinlər bulaq başına axar su olan yerə gedər, suyun üzərindən tullanar. Bu zaman azar-bezarlarının suya getməsini istərdilər.

Qədim türklərin inancına görə, tanrı insanı məhz çərşənbə axşamı yaradıb. Əvvəlcə su götürülüb, külək tərəfindən su ilə torpaq qarışdırılıb, insan şəklinə salınıb, günəşin altında qurudulub, dördüncü çərşənbə, ilin axır çərşənbəsində isə ona nəfəs verilib. Beləliklə, dünyaya insan gəlib. Hesablamalara görə, bütün bu hadisələr çox müqəddəs bir vaxta, gecə ilə gündüzün bərabərləşdiyi günə təsadüf edib. Bundan sonra isə insan üçün yeni həyat, yeni il başlanıb. Çərşənbələrdə, eləcə də Novruz bayramında həyata keçirilən müxtəlif adətlər də başlanğıcını məhz insanın yaranışı ilə bağlı qədim ayinlərdən götürüb.

Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Bu çərşənbədə də insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyarlar.

SU ÇƏRŞƏNBƏNİZ MÜBARƏK OLSUN!
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed