06.12.2011 [13:02] - Sosial
Mürsəqulov Sədrəddin Rəşid oğlu
Bu ad Xalq Hərəkatı nümayəndələrinə yaxşı tanışdır. Millətini, Vətənini sevən, bu yolda heç bir fədakarlıqdan çəkinməyən bu dəyərli adamı çox təəssüf ki, ölüm səbəbiylə anmaq məcburiyyətindəyik. Ona olan borcumuzu cüzi bir şəkildə də olsa ödəmək üçün belə bir yazı hazırladıq. Ruhun şad, yerin behişt olsun, dəyərli adam. Bu millət onun uğrunda əmək sərf edənləri heç birini unutmayıb, unutmaz da...
Gəlin tanıyaq Sədrəddin Sübhəm kimliyini. Onu da qeyd edək ki, materialları redaksiyamıza Sədrəddin bəyin həyat yoldaşı Təranə xanım təqdim edib. Eyni zamanda Təranə xanım Qarabağ döyüşçüsüdür və Sədrəddin bəylə həyat yolları da elə meydandan başlayıb. 1990-cı ildə tanış olan əqidə dostları 1992- ci ildə ailə qurub. Evlilikləri bir övladla taclanmasa da onların bir-birinə münasibətləri elə özlərinin özlərinə ən gözəl töhfəsi olub.
Bu cütülüyü bir az da bizim dilimizlə tanıyın.
Mürsəqulov Sədrəddin tanınmış Mürsəqulovlar nəslindəndir. Hələ Sovet dövründəki tələbəlik dövrlərindən türkçülüyü təbliğ etdiyinə görə dəfələrlə qovulma təhlükəsi ilə üzləşib. Gəncə Pedaqoji İnstitunun müəllimi işləyib. Hətta o dövrdə belə Sovet İmperiyasının təqibləri onu öz əqidəsindən döndərə bilməyib. Nəhayət 1988-ci ildə Meydan Hərəkatı başlayanda xalqın azadlıq mübarizəsinə qoşulub öndə gedənlərdən olur. Dəfələrlə Azərbaycanın müstəqilliyi yolundakı əməllərinə görə həbs olunub və xalqın tələbi ilə azadlığa buraxılıb. Xalq Hərəkatına Səttarxan zavodunda fəhlə kimi işə başlayaraq, oradan daha alovlu, daha fəal şəkildə atılıb. Dayaq dəstəsinin sədri, məclis əlaqələndiricisi, qurultay nümayəndəsi olub. Nəhayət müstəqillik əldə edilib. Amma Sədrəddin bəy, yenə də dövlətin, dövlətçiliyin təhlükədə olduğunu hiss edir, hərc-mərclik olduğunu görəndən sonra bilavasitə Heydər Əliyevin müdafiəsinə qalxır və Heydər Əliyevin Azərbaycan prezidenti seçilməsi yolunda fəaliyyəti olur. Moskvadan gəlişi, qarşılanmasında xalqı onun müdafiəsinə qaldırır, Bakıda, Naxçıvanda keçmiş prezidentlə görüşüb ondan tövsiyələr alır. Heydər Əliyev Partiyasının yaradılmasında xidmətləri olur. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra artıq dövlətimiz əmin əllərdədir deyib, öz elmi işinə, Quranına qayıdır.
Siyasi fəaliyyətini elmi fəaliyyətilə əvəzləyir. Allaha olan inamı, Qurana olan sevgisi onu dünyəvi şah-şöhrətdən uzaq tutur.
Və ömür yolu 2011-ci il 1 noyabrda başa çatır. Sədrəddin bəyi üzən həm də qardaşının ölümü olur. Belə ki, 16 oktyabrda Gürcüstanda yaşayan qardaşı rəhmətə gedir. Dəfn mərasimindən sonra özünü narahat hiss edən Mürsəqulov iki həftə sonra dünyasını dəyişir.
Təranə xanım: - Onu itirməyimə günü bu gün də inanmıram. Bilirəm, gələn hər kəs bir gün getməlidir amma...
Son günlərində mənə elədiyi vəsiyyəti naminə Allahdan güc diləyirəm, yaşamağa çalışıram.
Sədrəddin bəyi yaxından tanıyan hər bir s onun necə biri olduğunu bilir. Mənim həyat yoldaşım, qədirbilən yanında həmişə qiymətli olub. Mən onun xanımı olaraq həmişə böyük fəxarət və qürur hiss eləmişəm. Eyni zamanda çalışmışam ki, bu adı layiqincə doğruldum. İnşallah bu məsuliyyətin öhdəsindən layiqincə gəlim.
Mənim övladım Sədrəddin bəyin mənə miras qoyub getdiyi, xatirələri, əlyazmalarıdır. Bir də onun mənə yazdığı “Tər çiçək” şeiri...
...
Cəbhədə qovuşdu cığırlarımız,
sənin də bələdçin sırf qeyrət idi.
“Meydan”dakı çığır-bağırlarımız,
Buralarda bizə bir heyrət idi.
Qaynar günlər keçib, düşüncə sərin,
Bu dünya gözündə bir muncuq olub,
Sənin ağlın, zəkan, düşüncələrin,
Mənim xəyalımda tumurcuq olub...
Biz də öz növbəmizdə Sədrəddin bəyə Allahdan rəhmət, ailəsinə, Təranə xanıma səbir diləyirik. Sən bu Vətənin sinəsinə baş qoydun, dəyərli adam, bizim də borcumuz sənə ən böyük hədiyyəni ərməğan etməkdi.
Uğrundan canından keçdiyin, yoluna fəda olduğun Bütöv Azərbaycanı!
Tanrı yardımçımız olsun!
Bu xəbər oxucular tərəfindən 1388 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |