06.12.2011 [13:45] - Güney Azərbaycan-Təbriz
İran hakimiyyəti başını itirib
“Atlas” araşdırmalar mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu ilə müsahibə
- Elxan bəy, son günlər Qərb-İran mün asibətləri gərginləşməkdədir. Hadisələrin sonunu necə görürsünüz?
- İran ətrafında halqa daralır. Tehran başını itirib. Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzləşən İran vəziyyətdən çıxış yolu axtarmaqdansa durumu daha da mürəkkəbləşdirir. Tehranda Böyük Britaniya səfirliyinə hücum Qərbdə böyük ajiotaj yaradıb. İran hakimiyyəti bu olaya görə Londondan üzr istəsə də, hadisənin arxasında İrandakı siyasi və dini dairələrin dayandığı açıq hiss olunur. Hakimiyyət dairələrinin icazəsi olmadan səfirliyə hücum mümkün olmazdı. Böyük Britaniya səfirliyinə hücum 1979-cu ildəki olayın təkrarı idi. Eyni ildə 1979-cu ildə də ABŞ səfirliyinə hücum edilmiş, sənədlər ələ keçirilmiş, diplomatlar girov götürülmüşdü. Qərb-İran qarşıdurmasına qaldıqda isə Tehran nüvə çalışmalarından əl çəkməyincə vəziyyət düzəlməyəcək.
- İranın hərbi dairələri Türkiyəni raket hücumu ilə hədələyirlər. Sizcə, İranın Türkiyəni vurması nə dərəcədə realdır?
- İran Türkiyəni vura bilməz. Buna nə İranın gücü, nə də imkanı çatar. İran hakimiyyətinin çox reklam etdirdiyi raketləri Türkiyəni hədəf götürsə belə, Ankara bundan on qat çox raketini və hərbi təyyarəsini qonşu ölkəyə tuşlaya bilər. İran hakimiyyəti başını itirib. Tehran təklənməsinə rəğmən, qonşularını da hədələməklə məşğuldur. Türkiyə Qərblə İran arasında müharibənin əleyhinədir, nüvə məsələsinin danışqlar yoluyla həllinə çalışır. Ankara hətta bu mövqeyinə görə bir müddət öncə Qərblə münasibətlərini gərginləşdirmişdi. Bu da İranın Türkiyəyə etdiyi yaxşılıq. İranda anlamırlar ki, Türkiyə NATO üzvüdür. Türkiyəni hədəf almaq bütün NATO ölkələri ilə müharibəyə rəvac verməkdir.
- Ümumiyyətlə, İran dünyaya belə meydan oxumaqla hara gedir?
- İran dünyaya meydan oxumaqla öz işini çətinləşdirir. Bölgədə inqilabi dəyişikliklər Tunis, Misir və Liviyadan sonra Suriyaya gəlib çıxıb. Bu ölkədə də dəyişikliklər qaçılmazdır. Suriyadakı rejim də tarixin arxivinə göndəriləcək, dəyişikliklər dalğası İranın sərhədinə dirənəcək. İran hakimiyyəti bu vəziyyətdən çıxış yolunu Suriya rejimini dəstəkləməkdə görür. Ancaq Əsəd rejiminin sonu bəllidir. İrandakı rejim islahatlarda maraqlı deyil. Çünki, bu islahatlar dini hakimiyyətin sonunu gətirəcək. Ancaq özləri islahat aparmasalar belə, İran buna kənardan məcbur ediləcək. Necə ki, Tunis, Misir və Liviya islahatlara məcbur edildi.
- İran eyni zamanda Azərbaycana qarşı anti fəaliyyətini davam etdirir. Deyə bilərsizmi, Azərbaycandan nə istəyir?
- İran Türkiyə ilə yanaşı Azərbaycanı da təhdid etməkdə davam edir. İran məscidlərində Azərbaycan əleyhinə şüarlar səslənir, ölkəmiz əleyhinə “beynəlxalq konfrans” keçirirlər, Hezbollah təşkilatının İran təmsilçisi Azərbaycanın Təbrizdəki konsulluğunu hədəf götürəcəklərini açıqlayır. Bütün bu təxribatların arxasında birbaşa Tehran dayanır. İran müstəqil Azərbaycanın varlığını həzm etmir. Çünki, bilir ki, Azərbaycanın inkişafı Güneydəki bacı və qardaşlarımızın diqqətini cəlb edəcək, onların gözündə Azərbaycanın cazibəsi artacaq. Tehran bu prosesin qarşısını da süni yolla almağa çalışır. Yəni Azərbaycanı zəfilətmək məqsədilə təxribatlar yolunu tutub.
- Rafiq Tağının ölümündə də İranın adı çəkilir...
- Rafiq Tağının qətlinin icracısı bəlli olmasa da, sifarişçisi bəllidir. Bu İrandır. Rafiq Tağının özündən də xəstəxanada ölüm ayağında “kimdən şübhələnirsiniz” sualını verdikdə yazıçı birmənalı olaraq İranın adını çəkib. Rafiq Tağını hədəf edən İran ayətullaları olub, yazıçının ölümünə fitva verən onlardır. Bu fitva olmasaydı Rafiq Tağı qətl edilməzdi. Qətlin sifarişçisi bəllidir. Rafiq Tağının ölümündən bir qədər əvvəl ABŞ dərgilərindən birində belə bir xəbər yayımlandı ki, İran Azərbaycan da daxil olmaqla Qərbin müttəfiqi olan bir sıra ölkədə qətllər planlaşdırır. Rafiq Tağının qətli ilə bağlı bu versiya doğrulandı. İran İnqilab Keşikçiləri Korpusunun - Sepaha bağlı saytında “Azərbaycan Respublikasının Salman Rüşdisi öldürüldü” xəbəri yayımlandı. Bu yerdə bir neçə il öncə İranlı ayətullalardan birinin Rafiq Tağıya verdiyi fitva yada düşür. Bütün bunları nəzərə alaraq Rafiq Tağının ölümündə İran izinin olmasından şübhələr əsaslıdır. İranlı axund Məhəmməd Cavad Lənkərani yazıçının qətlə yetirilməsindən sevindiyini bildirib. Açıqlamasında Rafiq Tağını təhqir edən Məhəmməd Cavad Lənkərani qatili qəhrəman adlandırıb. Bu da müstəqil Azərbaycan tarixində “yenilikdir” - İrandan gələn açıq sifariş əsasında Azərbaycan vətəndaşı qətlə yetirilib. Bu hesabla Rafiq Tağının qatili hansısa yolla sərhədi keçib İrana yetişsə, qəhrəman kimi qarşılanacaq, müxtəlif imtiyazlar qazanacaq. Lənkəraninin açıqlamasının bir başqa hissəsi də diqqət çəkir. O, islam düşmənlərini, satqın və dini satan ünsürləri iyrənc əməllərinə görə bundan sonra da cəzalandıracaqlarını bildirib. Belə çıxır ki, Azərbaycanda kimlərin necə düşündüyünü bundan sonra İranda müəyyənləşdirəcəklər? Ayətullahın açıqlamasının bu hissəsini o deməkdir ki, İrandakı dairələr bundan sonra da Azərbaycanda lazım bildiyimiz insanların qətlinə fitva verəcək və bunun icrasına çalışacaqlar. Yəni Azərbaycan bu hesabla yeni qətllərə hazırlaşmalıdır. Azərbaycan rəsmiləri Rafiq Tağının qətlinə bir kriminal hadisə kimi yanaşır və bu səpkidə açıqlama verirlər. Ancaq iranlı axundun açıqlaması göstərir ki, bu, sadəcə kriminal deyil, bu qətlin arxasında böyük güclər dayanır. Rəsmi Bakının bu açıqlamaya susması, münasibət bildirməməsi Azərbaycan vətəndaşlarını növbəti təhlükələrə sürükləmək deməkdir. Açıq-aşkar milli və dövlət təhlükəsizliyimizə təhdid var. Bu halda susmaq qorxaqlıq əlaməti kimi qələmə veriləcək və qonşu ölkədəki radikal qüvvələr üstümüzə daha çox gələcəklər. İran ağır dövrünü keçirir. İran faktiki özünü dünyadan təcrid edib, Qərblə yanaşı İslam dünyasının böyük hissəsi ilə də münasibətləri gərgindir. Görünür, İran Azərbaycanı hədələməklə Qərbə onu göstərir ki, biz əlimiz çatan yerlərdə ciddi aksiyalar həyata keçirəcəyik. Ancaq Tehranın bu siyasəti İranın problemlərini bir az daha artıracaq.
Müsahibəni götürdü: Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1533 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |