Şrift:
Təbriz Birincilər Şəhəri
06.12.2011 [13:54] - Güney Azərbaycan-Təbriz
Tanınmış gürcü yazarı İlya Çavçavadze yazır: "Ermənilər elə danışır ki, guya biz heç zaman Qafqazda olmamışıq və bu gün də yoxuq". Bu, o zamanlar idi ki, ermənilər Gürcüstanda gözdən uzaq yerlərdə olan pravoslav kilsələrini ələ keçirir, bu abidələr üzərindəki gürcü yazılarını qoparıb öz saxta cızıqlarını qoyurdular. Bu və buna oxşar eybəcər hadisələr təkcə Azərbaycan və Gürcüstanda deyil, Güney Azərbaycanda da baş verib.
Onlar bir neçə il əvvələ qədər sübut etməyə çalışırdılar ki, İranda ilk çap dəzgahı İsfahanın yaxınlığında, ermənilərin daha çox məskunlaşdığı yerdə olub. Ermənilər çapxananı öz adlarına çıxaranda az qala farsları da inandırmışdılar. Amma sonradan fars mənşəli alimlər belə tədqiq edərək bu nəticəyə gəldilər ki, İran ərazisində ilk çapxana Təbriz şəhərində olub.
200 yaşlı bu daş çap dəzgahı hal-hazırda Təbrizin "Əsnadi-Milli" adlanan Muzeyində yerli və xarici seyrçilərin ixtiyarına verilib. Farsların "səngi çap" dedikləri bu çap dəzgahının ilkin adı basmaxana olub, işıqla basıldığı üçün belə adlanıb. Sonralar "basmaxana" ərəb kəlməsi "mətbəə" sözü ilə əvəz olunub. Güney azərbaycanlılar buna çapxana, Quzey də sadəcə çap dəzgahı deyilir.
Əski dəzgah üçün qazılmış daş hərflər müəyyən ölçülü lövhədə möhkəm çərçivələnirmiş. Əvvəlcə üzərinə rulonla rəngi yayır, üstünə kağız qoyur, sonra ayaqla hərəkətə gətirilən dəzgahda quraşdırılmış işıq altına verirmişlər. İşıq düşən kimi çap kağıza əks olunur, beləcə yazılı səhifələr alınırmış. Elektrik işığına qədər isə xüsusi üsullarla günəş şüasından istifadə olunub. İllər keçdikcə daş hərflər möhkəm, keyfiyyətli və heç zaman çat verməyən qoz (girdəkan) ağacı məmulatından hazırlanıb.
Vaxtilə köksündən çıxardığı qəzet, jurnal və kitablarla insanların şüurunu ziyalandıran İranın ilk çap dəzgahı sonuncu yarım əsrdə təbrizli Əli Sərəndinin əlindən tutub. O, hal-hazırda oğlu Babəklə birgə özünün "Həqaiq" çapxanasına rəhbərlik edir.
Əli Sərəndi 16 yaşında ikən İranda Ağırlıq Qaldırma üzrə Bədən müsabiqəsində "Cahan pəhləvanı" adını qazanıb. İran inqilabına qədər məşqçilərin qiymət verəni olub. Ağırlıq Qaldırmadan əlavə Əli Sərəndi 8 ostanlıq üzrə güləş idman növünə görə də ad çıxarıb. Amma anası deyəndən sonra ki, "bala, qorxuram, güləşi at, yoxsa südümü sənə halal eləmərəm", o gün-bu gün o, güləşdən könüllü surətdə ayrı gəzib. Ağırlıq Qaldırma üzrə idmançı və Güləş ustası Əli Sərəndi bu gün Təbrizdə daha çox İranın 200 yaşlı ilk çap dəzgahının sahibi kimi tanınır.
Əli Sərəndi: (Mən təqribən 15 yaşımda bu çapxananı almışam, ondan fəaliyyət eləmişəm. Bu çapxana əvvəlin maşınıydı ki, gəlib İrana. O zaman ki… şurəvi Azərbaycan da bu Azərbaycanla bahəm idi.) 200 il əvvəlin maşınıdı ki, gəlib İrana. Bu maşını mən "Əsnadi Milli"yə hədiyyə eləmişəm ki … gəlsinlər, görsünlər ki, əvvəlin maşın Təbrizdə. Və bu, bizə böyük iftixardı.
Təbrizin və bütövlükdə İranın ilk çap dəzgahı əvvəllər yalnız dövlət sənədlərinin basılması və kitab nəşri üçün istifadə edilirdi. Əli Sərəndi bu barədə söhbətində bir az tarixə də baş vurub dedi ki, "Bu ilk daş çap maşınını İrana ziyalı azərbaycanlı Zeynalabdin Təbrizi Rusiyanın Petrovski şəhərindən gətirib, Abbas Mirzə dövründə".
Çap dəzgahı Təbrizə gəldiyi gündən Azərbaycanın ən təlatümlü günlərini yaşayıb, sinəsində sirrlərini yazıb, hər günü bir tarixə dönən gündəlik səlnamələr dərc edib. Əli Sərəndi söyləyir:
Əli Sərəndi: Bu çap maşınını Səttarxan zamanı gəlib götürüblər - çapıblar, sonradan hərflərini də yığıb təzədən gətiriblər bura, yəni bu işlər çapxananın başına gəlibdi.
İranın tanınmış tarixçisi Səməd Sərdariniya özünün "Təbriz əvvəlincilər şəhəridir" kitabında bu barədə yazır və bir il əvvəl rəhmətliklə görüşərkən o bizə bunları danışdı:
Səməd Sərdar Niya: O zaman əvvəlin şərhrdi ki, Təbriz İrandakı, təbrizlilər 200 il bundan qabaq çap maşını qoyurlar. O zaman bu çap maşını o rolu oynayıb ki, bu gün radio, televiziya, internet həmin rolu oynayır. Təbrizin çap maşını o qədər mütərəqqi idi ki, hətta Bakının bir çox kitabları o vaxt 1-ci olaraq Təbrizdə çap olub. Seyid Əzim Şirvaninin "Divan"ı 1897-də, Füzulinin tamam əsərləri 1-ci dəfə burda çap olub, dünyaya səslənib. Ya A.Bakıxanov ki İran-Rus müharibəsi dövründə gəlib 6 ay Təbrizdə qalıb və 1-ci olaraq fars dilinin qrammerini Təbrizdə yazıb, burda çap olunub, Tiflisdə ruscaya tərcümə edilib, Moskva Universitetində tədris olub.
Dünyanın qanunu belədir, hər şey yaranır, yaşayır, təravəti solur, qocalır. Hər gələn il özü ilə bir yenilik gətirir. Sonralar daş çapı öz yerini ofset üsulu ilə dəyişdi. Burda rəng bilavasitə kağıza deyil, əvvəlcə elastik səthə - ofset silindri üzərinə çəkilmiş rezinə, ordan isə kağıza köçürülürdü. Yastı çap üsulu olan ofset reproduksiyaları səthi hamar olmayan kağız üzərində sürətlə çap etməyə imkan verirdi. Hərflər qurğuşundan idi. İndi də bəzi ölkələrdə sayı 200-300 ədəd olan az çap zamanı istifadə olunur. Müasir dövrümüzdə isə nəşrlər artıq daha sürətli kompüter üsuluna keçib. Əli Sərəndi deyir:
Əli Sərəndi: İndi həmin bu şəhər Təbrizdə 500 çapxana var. Bir vaxt bu, 5 dənə idi Təbrizdə. Sayı az olsa da, bu qədim basmaxanalar çox böyük əhəmiyyət kəsb edib. O dövrdə çap olunan müxtəlif sənədlər, qəzet, jurnal və kitablar dövrünün görkəmli yazarlarını, şəxsiyyətlərini yetişdirib. Təbrizli tarixçi Səməd Sərdariniya bu barədə belə danışırdı:
Səməd Sərdariniya: Buna görə o çapın dalısıycan tərcümələr meydana gəldi, neçə dildə kitablar tərcümə olunub Təbrizdə, ingilis, fransız, ərəbcədən. Bu kitablar səbəb olub ki, İran milləti və Azərbaycanlılar dünya ilə iltibat bərqərar edirlər. Məxsusən dünya ədəbiyyatı, siyasəti, iqtisadiyyatı ilə tanış olurlar. Bunların zehni ayılır, görürlər ki, bağlı mühitdə imişlər. Çoxlu kitablar, qəzetlər, jurnallar çap olunur. Bunlar hamısı çap maşınının bərəkətinə idi.
Göründüyü kimi, İranda ilk olan Təbrizin çap dəzgahı və onun vasitəsilə dövriyyəyə buraxılan qəzet, jurnal və kitablar nə qədər yazarı tanıtmaqda və eyni zamanda, beyinləri ziyalandırmaqda əvəzsiz xidmət edib. Deyirlər, kitab oxumayan adam ruhdan ayrılmış bədən kimidir.

Sevil Təbrizli
Bu xəbər oxucular tərəfindən 4848 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed