Şrift:
Güney Azərbaycan xəbərləri
06.12.2011 [14:56] - Gündəm
ABŞ Cənubi Koreyadan İrana qarşı sanksiyaları gücləndirməsini istəyir

ABŞ dövlət katibinin böyük məsləhətçisi Robert Aynhorn İranın nüvə proqramının dünya üçün böyük təhdid olduğunu və beynəlxalq ictimaiyyətin bundan ciddi narahatlıq keçirdiyini bildirib. Robert Aynhorn paytaxt Seul şəhərində cənubi koreyalı həmkarı ilə görüşdə bildirib ki, İran nüvə proqramını sürətlə davam etdirir və bununla bağlı məlumatları dünya ictimaiyyətindən gizlədir. Eyni zamanda nüvə proqramı ilə bağlı danışıqların başlanmasında da maraqlı deyil. Ona görə də bu ölkəyə qarşı kəskin addımların atılması zəruridir. ABŞ dövlət katibinin böyük məsləhətçisi Cənubi Koreyada İrana qarşı sanksiyaları gücləndirməyi və bu ölkədən neft məhsullarının idxalına qadağa qoymasını istəyib.


Avropa Birliyinin sanksiya tətbiq etdiyi İran şirkətləri və iş adamlarının siyahısı açıqlanıb

Dekabrın 1-də Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib.

AB ölkələri xarici işlər nazirlərinin görüşündə İran hökuməti ilə bağlılığı olan 180 şəxs və şirkətə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qərar qəbul olunub. Sıralarında İranın ali təhsil naziri Kamran Daneşçunun da olduğu siyahının bir hissəsini təqdim edirik:

1. İranın ali təhsil naziri, doktor Kamran Daneşcu
2. Beynalxalq Persia Bankının rəhbəri Məhəmmed Rza Meskeryan
3. “Aryen Bank”ın rəhbəri Həsən Bahaduri
4. “Rifah Bank”ın rəhbəri Peyman Nuri
5. “Sinan Bank”ın rəhbəri Abdulnəsir Himməti
6. “Post Bank”ın rəhbəri Məhəmməd Həsən Mohebbiyan
7. “Melli İran Bank”ın sabiq rəhbəri Mahmudrza Xavəri
8. “Saderat Bank”ın sabiq rəhbəri Məhəmməd Cəhromi
9. “Milli İran Bankı”nın London şöbəsinin rəhbəri Əhməd Əzizi
10. İran Atom Enerjisi Təşkilatı sədrinin mavini Seyid Şəmsəddin Burbordi
11. “Kalaye elektrik” şirkətinin rəhbəri Məhəmməd Xansari
12. MATSA şirkətinin rəhbəri Məhəmməd Məhəmmədi
13. İran Fizika Araşdırma Mərkəzinin rəhbəri Məhəmməd Sadiq Nasiri
14. İran Hərbi Lojistika Araşdırma Mərkəzinin rəhbəri Davud Babayi
15. İran Partlayış və Zərbə Araşdırmaları Mərkəzinin rəhbəri Cavad Ala Yasin
16. İranın nüvə proqramını yanacaqla təmin edən şirkətin rəhbəri Məhəmmədrza Rizvanizadə
17. İş adamı Milad Cəfəri
18. İş adamı Əli Kərimiyan
19. “Tosie Saderat” Bankının rəhbəri
20. “Zovvar Persia” Beynəlxalq Bankının Dubay şöbəsinin rəhbəri
21. “Mansa” şirkəti
22. Bəhmən vilayətinin valisi
23. “Aryan Nik” şirkəti
24. “Barge Azaraxş” şirkəti
25. “Behine Bazarqani” şirkəti
26. “Eyvaz” şirkəti
27. “ Fatsa” şirkəti
28. “Tamas” uran zənginləşdirmə şirkəti
29. “İran Puya” şirkəti
30. “Felate Qarre” dəniz təsisatı şirkəti
31. “Karanir” şirkəti
32. “Xele Afarine Pars” şirkəti
33. “MACPAR” maşın sənayesi və ticarəti (Türkiyədə qeydiyyatdan keçmiş şirkət)
34. “Mobin sancesh” şirkəti
35. “Multimat” ticarət şirkəti (Milad Cəfəri tərəfindən idarə olunur)
36. İran Partlayış və Zərbə Araşdırma Mərkəzi
37. “Saman Nasbe Zayande Rood” şirkəti
38. “Saman Tosie Asya” şirkəti
39. “Samen” şirkəti
40. “Step Standard” sanaye və ticarət şirkəti
41. “Surna” şirkəti
42. “Taba” şirkəti
43. “Test tefsir” şirkəti
44. “Toseye siluha” şirkəti
45. “Yar sənət” şirkəti
46. “Turbo kompressor” şirkəti
47. Əzim Ağacani
48. Əbülqasım Müzəffəri
49. Əli Əkbər Təbatabai
50. “Yas air” şirkəti
51. İran Gəmiçilik Şirkəti
52. “Ümid Dərya” şirkətinin rəhbəri Qasım Nəbipur Rahyan
53. İran Gəmiçilik Şirkətinin sabiq rəhbəri Nasir Batebi
54. “Royal Med” Gəmiçilik Şirkətinin rəhbəri Mənsur İslami
55. İran Gəmiçilik Şirkətinin Avropadakı nümayəndəliyinin rəhbəri Məhəmməd Təlayi
56. Kapitan Əlirza Qızlayıq
57. Qulamhüseyn Qolpərvər
58. “Hafiz Dərya” şirkətinin rəhbəri Həsən Cəlilzadə
59. İran Gəmiçilik Şirkətinə 2011-ci ildən rəhbərlik edən Əhməd Sarkandi
60. İran Gəmiçilik Şirkətinin sabiq rəhbəri Məhəmməd Hadi Pajand
61. “Boustead” agentliyi
62. “Diamond” Gəmiçilik Şirkəti
63. “Xeybər” Gəmiçilik Şirkəti
64. “Kiş” Gəmiçilik Şirkəti
65. “Məntəqeyi İmaratda” Gəmiçilik Şirkətinin rəhbəri Məhəmməd Müqəddəmifər
66. “Okean exspress” şirkəti
67. “Sail Shiping” şirkəti
68. “Dalamis” Dənizçilik Şirkəti
69. “Ata Nari” şirkəti
70. “Golden Samit Holding” şirkəti
71. “Yuta Nari” şirkəti
72. “Arabe Daryayi” şirkəti
73. “Helale Daryayi” şirkəti
74. “Sateliners” şirkətinin rəhbəri Əhməd Təfəssüli


Müharibə olsa, İranın "qara siyahısı"na kimlər düşəcək?

Qərb ölkələri ilə İran arasında get-gedə gərginləşən münasibətlər İranın qonşularına, eləcə də region ölkələrinə mənfi təsir göstərə bilər. Ekspertlər bu qənaətdədir ki, İrana qarşı hərbi əməliyyat başlayacağı təqdirdə, region ölkələri müxtəlif təhlükələrlə üzləşəcək.
İranın nüvə proqramı və onun törədə biləcəyi fəsadlar uzun müddətdir ki, beynəlxalq ictimaiyyət tərəfindən müzakirə mövzusudur. Qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyalara alternativ yol kimi hərbi müdaxiləni istisna etmir. ABŞ-ın müdafiə naziri Leon Panetta bir neçə gün əvvəl bəyan etmişdi ki, İran ABŞ gəmilərinin Bəsrə körfəzində hərəkətinə mane olarsa, o zaman qarşısında Amerika ordusunu görəcək.
Qərb və İsrail mediası isə yazır ki, rəsmi Təl-Əviv İran problemini diplomatik yox, hərbi yolla həll etməyin tərəfdarıdır.
İran ABŞ tərəfindən hücuma məruz qalacağı təqdirdə, Vaşinqtonun regiondakı müttəfiqi olan İsrailə zərbələr endirəcəyini söyləyir. İranın sınaqdan keçirdiyi uzaq mənzilli "Şahab-3" raketi 2000 km məsafədə olan hədəfləri vurmaq iqtidarındadır ki, İsraildə yerləşən hərbi bazalar İran sərhədindən məhz bu məsafədə yerləşir.
İrana qarşı hərbi müdaxilə olarsa, bu, minlərlə qaçqın və məcburi köçkünün həmsərhəd dövlətlərə üz tutması ilə nəticələnə bilər. Bu isə ilk növbədə qonşu Türkiyə və Azərbaycana aiddir. Belə ki, Suriyadakı toqquşmalar, qaçqınların ilk növbədə Türkiyəyə üz tutduğunu göstərib.
1 milyon məcburi köçkünü olan qonşu Azərbaycan da İrandan gələn insan axınından sığortalanmayıb. Vaşinqtonda yerləşən Qafqaz və Mərkəzi Asiya İnstitutunun araşdırma departamentinin rəhbəri Svante Kornel ANS-ə müsahibəsində müharibənin yerüstü yox, daha çox İranın hərbi müəssisələrinə aviazərbələrin endirilməsi şəklində olacağını söyləyib. Hazırda regionda təhlükəli situasiyanın yarandığını deyən Kornel İranın cavab verəcəyi ölkələr barədə də danışıb.
«Bu ölkələrin sırasında Körfəz ölkələri ola bilər. Səudiyyə Ərəbistanı da İran tərəfdən zərbələrə tuş gələ bilər»,- deyə o bildirib.


KEÇMİŞ İRANLI DİPLOMAT: “İRAN RƏSMİLƏRİ ÖZLƏRİNİ İTİRİBLƏR”

İranın Yaponiyadakı səfirliyinin keçmiş məsləhətçisi Əbülfəzl İslami jurnalistlərə açıqlamasında Böyük Britaniyanın Tehrandakı səfirliyini tutan qüvvələrdən danışıb.
Əbülfəzl İslami 2010-cu ilin fevral ayında jurnalistlərə açıqlamasında tutduğu vəzifədən istefa verərək Yaponiyaya sığındığını bildirib. O, istefasının 2009-cu ilin iyununda keçirilən prezident seçkisindən sonra iranlı müxaliflərə qarşı güclənən repressiyalara etirazla əlaqədar olduğunu bəyan edib.
Əbülfəzl İslami deyib ki, Böyük Britaniyanın səfirliyini adi tələbələr yox, hökumətin öz adamları tutub: “Səfirliyə hücum çəkənlər adi xalq və ya tələbələr olmayıb. Hücumçular öz adamları olmasaydı, onları asanlıqla əzə bilərdilər. Bu hücumun proqramını da özləri əvvəlcədən hazırlamışdılar.
Hesab edirəm ki, İran İslam Respublikasının rəsmiləri özlərini itiriblər. Heç nə haqqında düzgün qərar da qəbul edə bilmirlər. Hazırda islam respublikasına qarşı yönələn təzyiqlərin həcmini təsəvvür edə bilməzsiniz. Biz xaricdə yaşayanlar bu təzyiqlərin nə dərəcədə ağır olduğunu hiss edirik. Bunlar özlərini itiriblər. Buna görə də ağılsız, düşünülməmiş qərarlar qəbul edirlər”.
Noyabrın 29-da Böyük Britaniyanın Tehran səfirliyi qarşısında aksiya keçirən hökumət yönlü tələbələr və “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) üzvləri səfirlik binasını tutublar.


AMEA Şərqşünaslıq İnstitutunda Şəhriyara həsr olunmuş jurnal işıq üzü görüb

Azərbaycan xalqının böyük şairi, XX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 ili tamam olub. Bu əlamətdar tarixlə əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalı xüsusi buraxılış dərc edib.
Filologiya üzrə fəlsəfə doktoru Vüqar Məmmədovun verdiyi məlumata görə, jurnal Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyevanın “Milli ruhun təntənəsi” yazısı ilə açılır. Jurnalın “Şəhriyarın ömür səhifələri” rubrikasında Şərqşünaslıq İnstitutunun elmi işçisi Afət Rüstəmovanın fars dilindən tərcümə etdiyi yazılar təqdim olunub. Bu yazılarda böyük şairin həyatı onun özünün, qızı Şəhrzadın, qardaşı qızı Şərarə Xohginabinin dilindən nəql edilir.
“Şəhriyarın fikir və sənət dünyası” bölməsində filologiya üzrə fəlsəfə doktoru Nüşabə Əlizadənin “Azərbaycan şəhriyarşünaslıq məktəbi”, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Şəhriyarın “Divani-türki»sində irfani düşüncənin ifadəsi”, filologiya elmləri doktoru Elman Quliyevin “Heydərbaba” yüksəkliyi – sənət möcüzəsi”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Əkrəm Rəhimlinin “Milli oyanışda Şəhriyar poeziyasının rolu”, Ruhəngiz Məmmədovanın “Şəhriyarın anadilli şeirlərinin bəzi poetik xüsusiyyətləri” məqalələri dərc olunub. Şəhriyar poeziyasının dili ilə bağlı Lefkə Avropa Universitetinin assistent-professoru Nazim Muradovun “Şəhriyarın “Heydərbabaya salam” poemasında dildə qənaət qanunu modelinə uyğun strukturlar haqqında, filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənovanın “Şəhriyarın fars “Divan”ında felin semantik-üslubi xüsusiyyətləri” məqalələri verilib.
“Tərcümə” bölməsində Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədinin farscadan çevirdiyi Şəhriyarın «Mövlana Şəms Təbrizinin xanəgahında» əsəri təqdim olunub. Jurnalda həmçinin filologiya üzrə fəlsəfə doktoru Esmira Fuadın (Şükürova) yeni çap olunmuş “Söz sərrafı Şəhriyar” kitabı haqqında filologiya elmləri doktoru Almaz Məmmədovanın rəyi dərc olunub.
Sonda Şəhriyar nisgili ilə yazılmış Bahaəddin Karakoçun “Gün sızlayır Şəhriyar»a və Seyid Nurəddin Dərafərinin “Heydərbaba” şeirləri oxucuların nəzərinə çatdırılır.


Hüquqşünas İlqar Altay Rafiq Tağının qətli ilə bağlı İranda araşdırma aparıb

Hüquqşünas İlqar Altay Cavad Lənkəraninin Qumdakı ofisində gördüklərini ilk dəfə “Yeni Müsavat”a danışıb.
İctimai Təhqiqat Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay noyabrın (November) 19-da naməlum şəxs tərəfindən bıçaqlanan və 4 gün sonra müalicə olunduğu xəstəxanada müəmmalı şəkildə vəfat edən yazıçı Rafiq Tağının işi ilə bağlı İranda araşdırma aparıb. Bu barədə “Yeni Müsavat”a İlqar Altay özü məlumat verib.
İ.Altay dedi ki, noyabrın 28-də İrana səfərinin məqsədi qonşu ölkədəki ictimai-siyasi vəziyyəti, Azərbaycana olan ictimai-siyasi təhdidlərin mənbəyini, Güney Azərbaycandakı soydaşlarımızın durumunu öyrənmək və oradakı fəallarla görüşmək olub. Səfərinin beş gün davam etdiyini deyən İ.Altay bildirdi ki, R.Tağının bıçaqlanması və sonra xəstəxanada ölməsi onu bu məsələni də araşdırmağa sövq edib: “Rafiq Tağının ölümü bu səfərlə üst-üstə düşdü. Ona sui-qəsd olanda əsas şübhələr İran üzərində cəmləndi. Buna da səbəb onun İslama qarşı, İran əleyhinə müəyyən çıxışları olmuşdu. Olaydan sonra isə ayətullah Fazil Lənkəraninin oğlu Cavad Lənkərani müsəlmanlara təbrik yollamışdı. Öncə o fitvanın mənbəyi ilə maraqlındım. Rafiq Tağının ölümünə fitva verən ayətullah Fazil Lənkərani İranda çox böyük nüfuz sahibidir. O, dünyasını dəyişəndən sonra oğlu Cavad Lənkərani onun vəzifəsini tutur. Onların ofisləri Tehranda olsa da, özləri İranın dini mərkəzi olan Qum şəhərində yaşayırlar. Əvvəlcə Tehrandakı ofisə getdim. Noyabrın 30-da isə səhər saat 11-də Quma getdim və onların ofisində oldum. Oradan bildirdilər ki, ayətullah Cavad Lənkərani Məşhəddədir. Ofisdən onunla əlaqə saxladılar. Cavad Lənkərani bildirdi ki, ofisində onun dəftərxana müdiri Höccətülislam Əhməd Xudai ilə görüşüm. O da axunddur. Dəftərxananın müdiri 4 il Azərbaycanda, 8 il Rusiyada Xomeneyinin nümayəndəsi olub. O, Lənkəranidən soruşmaq istədiyim suallara cavab verdi. Fitva və təbrik müraciəti ilə bağlı maraqlı məsələlər açıqladı. Verilən fitva ilə onun icrası arasında İslam dinində hansı əlaqənin olduğunu, onun icrasının vacibliyini aydınlaşdırdım. Dedilər ki, fitva vermələri vəzifə borclarıdır. Fitvanın icrasını isə bütün müsəlmanlara yolladıqlarını bildirdilər. Fitva icra olunarsa, ona haqq qazandırılır. Mənə Rafiq Tağı kimisinin ölümünün müsəlman dünyası, İslam qaydaları üçün vacib olduğunu söylədilər. Bildirdilər ki, Rafiq Tağı müsəlman ola-ola İslam dininə həqarət edib. Amma fitvanın icra olunması məsələsinin üzərində dayanmadılar. Fitvanın icrasının təşkilinə baxmadıqlarını, sadəcə fitva verdiklərini və kim icra etsə onu alqışladıqlarını qeyd etdilər”.
Hüquqşünas dedi ki, orada Cavad Lənkəraninin R.Tağının ölümü ilə bağlı təbrik məktubu yaymasında müəyyən fikir ayrılığı olduğunu müşahidə edib: “Cavad Lənkəraninin Rafiq Tağının ölümü ilə bağlı müsəlmanlara ünvanladığı təbrik məktubu ilə bağlı onlar tərəddüd edirlər. Bu təbrik ruhanilər arasında çaşqınlıq yaradıb, bəyənənlər də, bəyənməyənlər də olub”.
İ.Altay dedi ki, ofisdəkilər Cavid Lənkərani ilə telefon əlaqəsi yaradarkən ayətullah bildirib ki, hüquqşünasın suallarına e-mail vasitəsi ilə cavab verəcək: “Mən də Rafiq Tağının işi ilə bağlı 5 sual yazdım və ofisə təqdim etdim. Bildirdim ki, dekabrın 5-nə kimi cavab gözləyəcəyəm. Cavab gəlməsə, dəftərxananın müdirinin dediklərini mətbuata açıqlayacağam”.
Suallara hələlik cavab almadığını deyən İ.Altay əlavə etdi ki, Lənkəraninin Qumdakı ofisinin girəcəyində Rafiq Tağının şəkli var və onun haqqında fars dilində böyük bir yazı asılıb: “Tehranda o yazını tərcümə etdilər. Orda Rafiq Tağının İslam dininə qarşı çıxdığı qeyd olunub. Həmin yazı Rafiq Tağı haqqında yazılar, onun ölümünə fitva verilməsi haqdadır. Bu yazılar ora gələn müsəlmanlar üçündür”.
İ.Altay R.Tağının şəkili olan həmin yazının bir neçə il öncə oradan asıldığını dedi. İ.Altay İrandakı araşdırmaları ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəyini də söylədi.


Bəhreyndə Britaniya səfirliyinin yanında törədilən partlayışın səbəbi İrandır?!

Bəhreynin paytaxtı Manamada Britaniya səfirliyinin binası yaxınlığında partladılmış mikroavtobusla (minibus) bağlı təhqiqat davam edir.
Mikroavtobusda kiçik həcmli partladıcı qurğu yerləşdirmiş terrorçuların hədəfi britaniyalı diplomatlar olub.
Partlayış səfirlik binasına böyük zərər vurmayıb. Bəhreyn əmirliyinin DİN-nin (daxili işlər nazirliyi) verdiyi rəsmi məlumata görə, partladıcı qurğu mikroavtobusun təkərlərindən birinin altına yerləşdirilibmiş.
"İstintaq gedir. Partlayışın gücü və qəlpələrin dağılma istiqamətini nəzərə alaraq deyə bilərik ki, dinamitdən istifadə olunub", - DİN-nin mətbuat katibi Salah Səlim deyib.
Əhalisinin əksəriyyəti şiə olan, amma sünni sülalə tərəfindən idarə olunan Bəhreyndə fevral-mart (February- March) aylarında kütləvi etiraz aksiyaları (yürüş) keçirilmişdi. Küçələrə çıxan on minlərlə insan əmirin hakimiyyətdən əl çəkməsini istəyirdi.
Səudiyyə Ərəbistanı işə qarışaraq ölkəyə qoşun yeridəndən sonra etiraz aksiyaları yatırılıb.
Bəhreynin hakimiyyət dairələri ölkədə baş verənlərdə İranı suçlayır.


Xameneyi Suriya ilə bağlı fətva verib

İranın ali dini lideri, Seyyid Əli Xameneyi müsəlmanları Suriya istehsalı olan məhsulları almağa çağıran fətva verib.
Fətvanı Türkiyənin İrandakı səfiri açıqlayıb. O, “Facebook”dakı bloqunda yazıb ki, fətvadan sonra İran bütün Suriya məhsullarını almağa başlayıb.
İranlı ayətullahlar fətvalarla ərəb ölkələri, Türkiyə və Qərbin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi blokada və embarqoya qarşı çıxmağa çalışırlar.
Bu arada isə Küveytin “al-Seyassah” qəzeti məlumat yayıb ki, Dəməşqdə Bəşər Əsədin İran və Şimali Koreya rejimlərinin nümayəndələri ilə gizli görüşü keçirilib. Görüşdə Suriyaya raket və digər hərbi məhsulların çatdırılması imkanları və bu sahədəki problemlər müzakirə edilib.


İRANDA GƏNC BLOQÇU TUTULUB

İranda gənc bloqçu və tələbə Bahar Əliniya tutulub. Hadisə bir həftə əvvəl baş versə də, xəbər yenicə yayılıb.
Xaricdə təhsil alan Bahar Əliniya ailəsini görmək üçün iki həftə əvvəl İrana qayıtmışdı. O bir həftə əvvəl evdən çıxarkən şübhəli şəkildə yoxa çıxmışdı. Gənc bloqçunun ailəsindən jurnalistlərə bildiriblər ki, bir həftə axtarışdan sonra Baharın tutulduğunu, Tehranın Evin zindanında saxlandığını öyrəniblər.
Baharın konkret nədə günahlandırıldığı bilinmir.


AVSTRALİYA İRANA YENİ SANKSİYALAR TƏTBİQ EDİR

Dekabrın 6-da Avstraliyanın baş naziri Kevin Radd İrana yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb. sanksiyalar İranın neft və maliyyə sektorlarını əhatə edir.
Raddın sözlərinə görə, Avstraliya hökumətinin qərarı Tehranda Britaniya səfirliyinə hücum və Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramı barədə məruzəsi dalğasında verilib: “Yeni sanksiyalar İranın nüvə proqramına aid bir sıra şirkətləri və mülki şəxsləri əhatə edir, İranın neft və maliyyə sektorları ilə biznesə məhdudiyyət qoyur. Tehran BMT Təhlükəsizlik Şurası ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə proqramı sahəsində tələbləri istiqamətində konstruktiv addımlar atmalıdır”.
Avstraliya bundan əvvəl İranın neft və qaz sektoru ilə biznesə bir sıra məhdudiyyətlər tətbiq etmişdi.


İRANDA İSLAHATÇI JURNALİST TUTULUB

İranda islahatçı jurnalist Fərşad Qurbanpur tutulub. Jurnalist bir neçə gün əvvəl tutulsa da, xəbər yenicə yayılıb.
ETTELAAT əməkdaşları Fərşad Quranpuru dekabrın 1-də qaldığı evində tutub aparıblar. Sonradan o, evinə zəng vuraraq Tehranın Evin zindanının 350-ci korpusunda saxlandığını bildirib.
Bir neçə islahatçı qəzetlə əməkdaşlıq edən jurnalist ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşuna qarşı təbliğat aparmaqda və xaricdəki bəzi müxalif saytlarla əməkdaşlıq etməkdə günahlandırılır.
Bu xəbər oxucular tərəfindən 1369 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed