Şrift:
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Azərbaycan və Ermənistanla birgə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəyanat yayıblar
06.12.2011 [19:29] - Xəbərlər
ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında iştirak edən nümayəndə heyətləri və Azərbaycanla Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatla çıxış ediblər.

APA-nın Vilnüsə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi bir daha təsdiqlənir. ABŞ, Rusiya və Fransa nümayəndə heyətləri adından dövlət katibi Hillari Klinton, xarici işlər naziri Sergey Lavrov və Avropa məsələləri üzrə nazir Jan Leonettinin, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın imzaladığı bəyanat ATƏT Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən 18-ci toplantısı çərçivəsində yayımlanıb.

Bəyanat müəllifləri Minsk Qrupu çərçivəsində təmasları davam etdirməyin və sülhün əldə edilməsi üçün zəruri olan etimad mühitinin formallaşmasının mühümlüyünü qeyd ediblər. Bəyanatda habelə bildirilir ki, atəşkəs rejiminin pozulmasının araşdırılması üzrə mexanizmin işlənməsi istiqamətində səylər davam etdirilməlidir.

“Azərbaycan və Ermənistan prezidentlərini Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş baza prinsipləri üzərində işi yekunlaşdırmağa çağıran prezidentlərin 2011-ci ilin may ayında qəbul etdikləri Dovil bəyanatını xatırladaraq Minsk Qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri təəssüflə qeyd edirlər ki, tərəflər qəti addım ata bilməyiblər. Nümayəndə heyətlərinin rəhbərləri bir daha xatırladırlar ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur.

ABŞ, Fransa və Rusiya nümayəndə heyətlərinin rəhbərləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 2007-ci ildə keçirilən Madrid toplantısından başlayaraq aparılan intensiv danışıqlar prosesi fonunda tərəfləri təkidlə həmsədr ölkələrin irəli sürdüyü təklifləri yenidən diqqətlə nəzərdən keçirməyə çağırıblar.

Azərbaycan və Ermənistanın xarici siyasət idarələrinin rəhbərləri bəyanatda hamı tərəfindən məqbul sayılacaq sülh yolu ilə nizamlanmanın əsaslarının hazırlanması üçün tərəflərə göstərdiyi köməyə görə həmsədr ölkələrə, o cümlədən prezidentlər Dmitri Medvedyev, Barak Obama və Nikola Sarkoziyə minnətdarlıqlarını bildiriblər. Onlar həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərlərini məlumatlandırıblar ki, Azərbaycan və Ermənistan prezidentləri yaxın zamanlarda həmsədr ölkələrin himayəsi altında yenidən görüşməyə və birbaşa dialoqu davam etdirməyə, xalqları sülh, sabitlik və rifaha qovuşdurmağa hazırdırlar”.
Bu xəbər oxucular tərəfindən 1088 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed