Şrift:
Azərbaycan diasporu təşkilatlanmalıdır
14.03.2014 [09:58] - Diaspor
Vüqar Abbasov: «Təşkilatlarımız plansız, hərəsi özünə uyğun fəaliyyət göstərirlər»
Son illər Azərbaycanda diaspor quruculuğu istiqamətində ciddi addımlar atılıb. Təkcə ötən il xarici ölkələrdə 13 diaspor təşkilatı yaradılıb və bununla diaspor təşkilatlarının sayı 446-ya çatıb. İl ərzində xarici ölkələrdə həyata keçirilmiş tədbirlərdən 140-ı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edib. Lobbi quruculuğu sahəsində xarici ölkələrin ictimai-siyasi xadimləri, dövlət orqanları, siyasi partiyaları, nüfuzlu beynəlxalq təşkilatları, müxtəlif ölkələrin parlament üzvləri birgə 35 tədbir keçirilib. Maraqlıdır, görülən işlər nəticəsində Azərbaycan diasporu yetərincə təşkilatlana və ölkəmizin haqq səsinə çevrilə bilibmi?
Məsələyə münasibət bildirən hazırda Niderlandda yaşayan Vüqar Abbasov deyir ki, bu ölkədə də xeyli diaspor təşkilatımız var: «Müasir dövrdə diasporun əsas işi, mübarizəsi informasiya müharibəsi müstəvisinə keçib. Niderlandda çoxsaylı diaspor təşkilatlarımız var. Bu təşkilatlar öz çevrələrindəki insanlarla birlikdə vaxtaşırı tədbirlər təşkil edir, insanlarımızı bir yerə yığmağa cəhd göstərirlər. Bu yaxınlarda təşkilatlarımızdan biri, Azərbaycan Türk Kültür Dərnəyi özünün 20 illiyini qeyd etdi. Təşkilat digər fəaliyyətləri ilə yanaşı, hər il Novruz bayramını da burda yüksək səviyyədə, soydaşlarımızla birlikdə qeyd edir. Yeri gəlmişkən bu il də 23 martda milli bayramımızla bağlı tədbir keçirəcəkləri ilə bağlı anonslarını veriblər. “Ana Vətən” Niderlanddakı Azərbaycanlı Qadınlar birliyinin ən yadda qalan layihəsi kimi Niderlandda Nizami adına məktəbin fəaliyyətə başlamasını göstərmək olar. Niderlandın Limurq əyalətində fəaliyyət göstərən Vahid Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik Cəmiyyəti də var ki, bu cəmiyyətin fəaliyyətini mətbuatda çox görməsəniz də, əslində yüksək səviyyədə fəaliyyətləri var və göstərməkdə davam edirlər. Təkcə həmən əyalətin kitabxanalarında Azərbaycan guşəsini açmaqlarını qeyd etmək kifayət edər. Bu yaxınlarda Niderlandın Frisland deyilən əyalətində daha bir Azərbaycan təşkilatı, “Hollandiyada Azərbaycan Evi” fəaliyyətə başladı və ilk tədbiri də Xocalı soyqrımına həsr olunmuşdu. Ümid edirəm ki, bu təşkilat gələcəkdə çox uğurlara imza atacaq. Təbii ki, bundan başqa da burda çoxsaylı təşkilatlarımız var, məsələn Benilüks Azərbaycanlıları Konqresi (BAK). Bu təşkilat da öz bildiyi, bacardığı səviyyədə fəaliyyətdədir. Ancaq düşünürəm ki, bir çox halda bir yerdə fəaliyyət göstərmələri lazımdır ki, bu barədə müsbət bir söz deyə bilməyəcəyimdən təəssüf edirəm. Aralıqda olan umu-küsülərə son qoyulmalıdır. Bir yerdə oturub gələcək fəaliyyət proqramları hazırlamaq lazımdır. Ayrı-ayrı düşüncələrimizin olması bizlərin düşmən olması anlamına gəlməməlidir. Biz eyni millətik və demək ki, bərabər görə biləcəyimiz işlər var».
V.Abbasovun sözlərinə görə, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin həmin ölkələrdəki haqq səsinə çevrilməsi üçün fəaliyyəti aktivləşdirmək lazımdır: «Mən indi deyəcəklərimi dəfələrlə jurnalistlərlə söhbətimdə, müsahibələrimdə bildirmişəm. Amma bəzən bu fikirlər düzgün anlaşılmır. Bu başdan qeyd edim ki, mənim təşkilatım yoxdur və təbii ki, dediklərim olmayan təşkilatımın maraqlarına xidmət etmiş deyil. Odur ki, deyəcəklərimi hamının düzgün anlamasını istərdim. Təşkilatlarımız plansız, hərəsi özünə uyğun fəaliyyət göstərirlər. Ən azından ümumi məsələlərlə bağlı bir proqramın olması vacibdir. Düşünürəm ki, bu işdə Diasporla İş Üzrə Dövlət Komitəsinin qatqısı lazımdır. Bir də istənilən məsələyə bir qədər bilgili yanaşsaq daha düzgün olar. İlk öncə “haqq səsi” deyəndə nəyi nəzərdə tutursuz, onu bilməliyik. Təşkilatlarımız da Holland cəmiyyətinə hansı problemimizi təqdim etmək istəyirlərsə ilk öncə o problemin özünü, ona yanaşmanın düzgün variantını və yerli insanların psixologiyasını bilməlidirlər ki, hər şeyi olduğu kimi çatdıra bilsinlər. Yoxsa tamamilə əks effekt verə bilər. Məsələn, Xocalı faciəsindən bir başa söhbət açılsa, inanın ki, bunu çox az adam dinləyəcək. Bunu bir başqa formada, deyək ki, Azərbaycanla bağlı ümumi söhbətdə bir neçə cümlə ilə də söyləmək olar. Ancaq bu bir neçə cümlə sənin bütün danışdıqlarından daha effektli təsir göstərə bilər. Yenə də təqdimatdan çox aslıdır. Məsələn, mən hazıda oxuduğum təhsil ocağında tələbələr qarşısında “Mən kiməm?” adlı prezentasiya ilə çıxış etdim və 30 dəqiqəlik çıxışımın təxminən 3 dəqiqəsini Xocalı hadisələrinə, rusların regionumuzdakı yaratdığı problemlərə həsr etdim və sonda sualların əksəriyyəti bu mövzuda oldu. Təbii ki, bu mənim qaydamdır. Hər kəsin bir iş üslubu var və mən hır birinə hörmətlə yanaşıram. Sadəcə bir daha qeyd etmək istəyirəm ki, təqdim edəcəyimiz problemi və işləyəcəyimiz insanların psixologiyasını bilməmiz vacibdir. Bura ən önəmli şərtlərdən biri kimi isə yerli dili qeyd etmək istəyirəm. Yerli dili bilməsək özümüz deyib, özümüz də eşidəcəyik. Qeyd etdiklərim bütün təşkilatlara aid etməyi düzgün hesab etməsəm də, hər hansı bir təşkilatın adını burdan çıxardıb digərlərini üzərimə salmaq da istəmirəm. İşini bilən təşkilatlarımız təbii ki, olmamış deyil. Sonda bir daha qeyd etmək istəyirəm ki, heç bir fikir ayrılığı, eləcədə siyasi fikir ayrılığı düşmənçilik anlamına gəlməməlidir. Bu, bizlər, xaricdə yaşayanlar üçün xüsusi ilə önəmlidir».
Bu xəbər oxucular tərəfindən 1139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed