Şrift:
Elxan Süleymanov Avropa qurumlarının rəhbərlərinə müraciət edib
18.03.2014 [14:01] - Gündəm, Siyasət
Avronest Parlament Assambleyasının vitse-prezidenti, AŞPA-nın üzvü Elxan Süleymanov Avropa Komissiyasının Prezidenti Xose Manuel Barrozuya, Aİ Şurasının Prezidenti Herman Van Rompuya, Avropa Parlamentinin Prezidenti Martin Şultsa, AŞPA Prezidenti Anne Brasseura, Avropa Şurasının baş katibi Tyorbörn Yaqlanda, AVRONEST PA həmprezidentləri Yevgeni Kirilova və Boris Tarasyuka, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştona, Aİ-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füleyə, Avropa Şurasının, Avropa Parlamentinin, AVRONEST PA-nın bütün üzvlərinə müraciət ünvanlayıb.

Bu barədə E.Süleymanovun mətbuata verdiyi məlumatda deyilir.

E.Süleymanovun müraciətində bildirilir: "Sizə Ukrayna Respublikasında hökm sürən ciddi vəziyyətlə bağlı müraciət edirəm. Mən Ukrayna böhranı ilə bağlı baş verən hadisələri yaxından izlədikcə Avropa İttifaqının Aİ-nin Şərq Tərəfdaşlığındakı ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı belə qeyri-qanuni hücumlarla bağlı rəftarında güclü uyğunsuzluqların şahidi oluram. Mən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və müstəqil dövlətin iradəsinin ziddinə olaraq beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsini yolverilməz hesab edirəm. Müşahidə etdiyimiz kimi, Avropa Parlamenti beynəlxalq qanunların pozulmasını pisləyən bir neçə məruzə və qətnamə qəbul edib, Aİ-nin əksər liderləri, eləcə də siz və həmkarlarınız isə güclü və sərt tənqidlər səsləndirmisiniz. BMT Təhlükəsizlik Şurası martın 15-də Ukraynaya dair qətnamə qəbul etməyə cəhd göstərdi. Aİ və ona üzv dövlətlər də Rusiyaya qarşı sanksiyalar tətbiq ediblər. Bütün bu addımlar Avropanın Ukraynanın ərazi bütövlüyünü açıq-aydın dəstəklədiyini göstərir".

E.Süleymanov müraciətində qeyd edib ki, ərazi bütövlüyü beynəlxalq hüququn baza prinsipi olmaqla, müasir dünya siyasəti və diplomatiyasının normal və dinc fəaliyyətinə şərait yaradır: "Bu, məhz beynəlxalq səviyyədə müzakirə apara, işləyə və uğur qazana biləcəyimiz fundamental əsasdır və o fakta əsaslanır ki, heç bir dövlət separatçı hərəkatlara müdaxilə edə, yaxud onları təşviq edə, digər dövlətin torpaqlarına hücum yaxud onları hərbi işğal edə və ya sərhədləri təcavüzkar yolla dəyişməyə cəhd göstərə bilməz. Biz Ukraynada olduğu kimi, Azərbaycanda da bu prinsipin faktiki olaraq hər cür pozulmasının şahidi olmuşuq".
Müraciətdə qeyd olunur: "Qanun qanundur və heç zaman müxtəlif ölkələr üçün fərqli şəkildə şərh edilməməlidir. Azərbaycan ərazisinin təxminən 1/5 hissəsi 24 ildir ki, Ermənistanın işğalı altındadır, Ermənistan Dağlıq Qarabağ və ətraf 7 rayonunu nəzarətdə saxlayır və orada istədiklərini edir. İşğal nəticəsində Azərbaycanın bir milyondan artıq əhalisi qaçqın və məcburi köçkün düşüb, yüz minlərlə insan isə zərər çəkib. BMT Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən bir sıra qətnamələr, eləcə də Aİ bir sıra mətnlər qəbul edib.

Mən sizə xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil və Ukrayna böhranı qədər diqqətə layiqdir. Ermənistanın işğalının gələcəkdə ağır nəticələri olacaq və biz hazırda humanitar fəlakət və təhlükə təhdidi ilə üz-üzəyik. Dörd yüz mindən artıq əhalimiz əkin sahələrini çirkləndirən, insanları sudan məhrum edən, eləcə də dağılma və daşqınla nəticələnə biləcək Sərsəng su anbarının Ermənistanın işğalı altında olması səbəbindən humanitar faciə ilə üz-üzədir.
Azərbaycanın tam siyasi və Avropa hüquq və azadlıqlarından faydalanan ərazisinin - Naxçıvan Muxtar Respublikasının 410.000 sakini Ermənistan tərəfindən blokadaya alınıb və təhdidlə üz-üzədir. Ermənistanın işğalı altında yaşayan, eləcə də təcavüzdən qaçmış insanlar kimi, həmin insanların da həyatı beynəlxalq ictimaiyyətin köməyi və görəcəyi tədbirlərdən asılıdır. Buna baxmayaraq, dəstəklədiyi prinsiplərə əməl etməyən Avropa İttifaqının təhlükəli ikili standartlarının şahidi oluruq.

Mən Avropa institutlarından Azərbaycan və onun ərazi bütövlüyünü dəstəkləyən bəyannamə və tədbirlərə bu gün Ukraynana edilən eyni dəstəyi göstərmələrini tələb edirəm. Mən Aİ-dən Dağlıq Qarabağı dondurulmuş münaqişə deyil, bütövlükdə Cənubi Qafqazda Sərsəng su anbarı daxil olmaqla, erməni snayperlərinin hər gün atəşə tutduğu və Ermənistan hərbi əməliyyatlarının daimi təhdid yaratdığı təhlükəli qeyri-sabitlik mənbəyi və işğal olunmuş ərazi kimi tanımağı tələb edirəm. Mən sadəcə Avropa İttifaqından öz qətnamələrinə və BMT-nin qəbul etdiyi qətnamələrə riayət etməyi tələb edirəm. Əks halda nə üçün belə ikili fikirlərlə üzləşdiyimizə qərar verməliyik. Biz Avropa riyakarlığının köklərini anlamalı və Aİ-nin diskriminasiyanın bütün mümkün formaları ilə mübarizə aparmağı tələb edən Azərbaycana qarşı ayrıseçkilik nümayiş etdirdiyini qəbul etməliyik. Azərbaycan güclü, tolerant və demokratik dövlətdir və bu səbəbdən Sizdən hansı amilə görə ölkəmizin etinasızlıqla qarşılandığını və Ukrayna ilə müqayisədə daha az vacib olduğunu soruşmağa məcburam".
E.Süleymanov müraciətində vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə daha çox və güclü əməkdaşlıq arzusundadır: "Lakin Ermənistanın apardığı işğalçı siyasət qarşılığında Aİ-nin ona qarşı tədbir görmədiyini hiss edərsə, daha çoxunu edə biləcəyini, hətta gələcəkdə də Qafqazda sülh və sabitliyi təhlükəyə ata biləcəyini anlayacaq.

Bizim ərazilərimizin əhəmiyyətli hissəsi işğal altındadır. Biz Naxçıvanın blokadada olduğu şəraitdə yaşayırıq. Ermənistan təcavüzünün nəticəsi olaraq blokadaya görə 410 min Naxçıvan əhalisi, Sərsəng su anbarının işğal altında olması səbəbindən ətraf 6 rayonun 450 min nəfər əhalisi və 20 ildən artıq müddətdə davam edən hərbi işğal səbəbi ilə 1 milyona qədər azərbaycanlı, ümumilikdə 1.850.000 nəfər Azərbaycan vətəndaşı insan hüquqlarından məhrum olmaqla öz ölkəsində qaçqın kimi, mürəkkəb sosial-iqtisadi şəraitdə yaşayır. Sərsəng su anbarında Ermənistanın işğalı səbəbindən faktiki olaraq yarım milyon əhalimizin həyatı bu gün təhlükədədir. İndiyə qədər Avropa Şurası Parlament Assambleyası bu məsələyə dair üç qətnamə təklifinə məhəl qoymamışdır. Avropa Şurası hər vəchlə Ermənistanın müdafiəsində duraraq onlara havadarlıq edir, hətta ərazi bütövlüyünün pozulması ilə bağlı bu həqiqəti daha aydın göstərə biləcək məruzəçi təyin etməkdən belə çəkinir. Dağlıq Qarabağa dair BMT TŞ-nın dörd qətnaməsinə (UNSC 822, 853, 874 və 887/1993) də etinasızlıq göstərilir və regionda sülh və sabitliyi itiririk. İndi Ermənistanın təcavüzü ilə üz-üzə olduğumuz bir vaxtda Avropanın görəcəyi tədbirlərə və göstərəcəyi köməyə həmişə olduğundan daha çox ehtiyacımız var. Müraciətimə verəcəyiniz cavabı qabaqlayaraq, sizləri yalnız qətnamələrin qəbulu ilə kifayətlənməməyə, onların icrasına nail olmağa, işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırıram.

Beləliklə, sizdən ikili standart, riyakarlıq və ayrıseçkilik göstərməməyi gözləyirik. Azərbaycana da Ukrayna ilə eyni səviyyədə dəstək verin. Gəlin dünyanın hər yerində ərazi bütövlüyü prinsipinə riayət etməklə, Avropa İttifaqının özəyini təşkil edən dəyərlərə həqiqətən hörmət etdiyimizi göstərək. Sizi Ukrayna ilə bağlı məsələlərin müzakirə olunacağı bütün səviyyəli tədbirlərdə Azərbaycan torpaqlarının işğalı məsələsinin də müzakirə olunması barədə qərar verməyə çağırıram".
Bu xəbər oxucular tərəfindən 864 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed