Şrift:
“Tunğuç”məcmuəsi və ya açılmayan qapılar, pəncərələr…
24.03.2014 [11:09] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Bağçasaraylı İsmayıl bəy Qaspralının
Səid Ünsizadənin Tiflicdəki
“Ziya” mətbəəsində çap olunmuş
“Tunğuç”məcmuəsi (17 may1881-ci il)
və ya açılmayan qapılar, pəncərələr…


“Tunğuç”məcmuəsi və ya  açılmayan   qapılar, pəncərələr…



Bu yazını AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun sabiq direktoru,elmi araşdırmalar zamanı mənə materialların tapılmassında kömək göstərmiş mərhum professor Məmməd Adilovun xatirəsinə həsr edirəm.

“Tunğuc”—XIX əsrin II yarısında Qafqazın baş şəhərinə-Tiflisə işıq və ziya dalınca gedən Azərbaycanın maarifpərvər ziyalıları Səid Əfəndi və Cəlaləddin Əfəndi qardaşlarının öz şəxsi mətbəələrində qanadlandırdıqları və pərvazlandırdıqları, cəmi dörd səhifəlik türkdilli məcmuədir. İlk və bizə məlum olan yeganə nömrəsinin materialları İsmayıl ibn Mustafa (İsmayıl bəy Qasprinski- N.N.) tərəfindən 8(20)may 1881-ci ildə ( fi 20 şəhri cəmadiyülaxir səneyi-islamiyyə 1298 ) Bağçasaray şəhərində imzalanaraq, “Tunğuc” (“ilk,birincı, pioner” mənasına uyğundur –N.N.) adı ilə “Ziya” mətbəəsində çap olunmaqdan ötrü Tiflisə-Ünsizadə qardaşlarına göndərilmişdir. Məcmuə- Qafqaz Senzor Komitəsinin razılığı ilə cəmi bir həftədən sonra “Ziya” mətbəəsində təb olunmuşdur. “Tunğuc”un belə qısa bir müddətdə işıq üzü görməsinin əsas səbəbi İ.Qasprinskinin hökumət dairələrindəki nüfuzu ilə bağlı idi; o, Bağçasaray şəhərinin rəisi kimi səmərəli fəaliyyət göstərir, rus və türkdilli mətbuatda (“Ziya” qəzetində) Rusiya müsəlmanlarının həyat və məişəti, məktəb və maarifçiliklə bağlı problemləri haqqında məqalə və risalələrlə çıxış edirdi.
“Tunğuc”un çap üçün məhz Tiflisə göndərilməsi təbii idi. Tiflis-Qafqazın paytaxtı sayılırdı.Burada güclü ədəbi mühit yaranmışdı.Tiflis– bir çox ziyalıların özlərinə yaşayış və iş yeri seçdikləri, doğma saydıqları, yaradıcılıq şəraiti, işgüzarlıq mühiti olan şəhər kimi tanınırdı.Türk dünyasının dahilərindən biri olan M.F.Axundovun ömrünün ən maraqlı, millət və xalq üçün uğurlarla dolu olan həyatı bu şəhərdə keçmişdi. Öz dövrünün ən böyük aydınları olan şeyxülislam Əhməd bəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndi Mustafa Əfəndizadə bu şəhərdə dini fəaliyyətlə yanaşı, səmərəli maarifçilik fəaliyyəti də göstərirdilər.
M.Ş.Vazeh, A.Bakıxanov, İ.Qutqaşınlı kimi XIX əsr Azərbaycan maarifçılərini də Avropaya tanıdanTiflis ədəbi mühiti olmuşdur.
“Əkinçi” qəzetinin redaktoru Həsən bəy Məlikovun( o, rəsmi sənədlərdə belə tanınırdı-N.N.) Şamaxı Ali İbtidai məktəbindən sonraki bir illik gimnaziya təhsili də bu şəhərlə bağlı idi. O, Tiflisdəki Real Gimnaziyanı qurtarandan sonra Moskva Universitetinə daxil olmuş, ali təhsilli mütəxəssis kimi bu şəhərə qayıtmışdı.
İ.Qasprinskinin Tiflisdə sözü keçən, dar gündə ona kömək göstərməyə gücü və qüvvəsi çatan, qələminə inandığı və güvəndiyi çoxlu əqidə və məslək dostları var idi. Onlardan biri də “Qafqaz” qəzetinin 5 mart 1881-ci il tarixli 50- ci nömrəsində dünyanın məşhur mətbəə və tipoqrafiya sahibləri Franklin və Qutenberqlə müqayisə edilən Səid Əfəndi Ünsizadə idi.
İ.Qasprinskinin Ünsizadələrlə tanışlığı və maarifçilik əməkdaşlığı
1879-cu ilin noyabrından başlanır.
Zaqafqaziya Əhli-Təsənni İdarəsində işləyən Səid Ünsizadənin Qafqaz rəhbərliyinə yazdığı ərizəyə əsasən 1878-ci il dekabrın 6-da ona 1879-cu il yanvarın 1-dən “Ziya”adlı qəzet çıxarmağa icazə verilir. S.Ünsizadə çıxaracağı qəzetin əvvəlcədən hazırlanmış proqramını özünü qələm əhli sayan ziyalılara göndərir.
Özünü qələm əhli sayan aydınlardan biri də İsmayıl bəy Qasprinski idi. İsmayıl bəy “Tunğuc”un ilk səhifəsində özünü məhz belə tanıdırdı: “Sahibi-qələm İsmail ibn Mustafa”.
İsmayıl bəy Qasprinskinin “Ziya”dakı ilk məqaləsi qəzetin 7 noyabr 1879-cu il tarixli 42-ci nömrəsində dərc olunmuşdur. “İsmail Mirzə “ imzalı müəllif (İsmayıl bəy Qasprinski- N.N.) “Bağçasaraydan göndərilən məktub” adı ilə verilən bu yazıda iki-üç milyondan ibarət olan Rusiya tatarlarının ədəbiyyatsız və qəzetsiz olduqlarına təəssüflənir. O, yazının bu yerində birincı ədəbiyyatın adını çəksə də, mətbuatdan daha çox danışır: ”Ğazetə məmləkətin lisanıdır. Ğazetələr millətə mühafiz ola bilürlər.Ticarət və hər cins islahat sırasında ( cərgəsində) (fərqləndirmə,izahat, çox güman ki, S.Ünsizadənindir-N.N.) yolgöstərici ola bilürlər. Qissəsi,( yəni gödəküz ) qəzetəsiz və ədəbiyyatsız millət sağər, kor, dilsiz adamə bənzər. Bu halda “Ziya”ğəzetəsi nəşr olunmasının çox faidəli, iftixarlı iş olduğundan ziyadəsilə xoşnud olduq. “Ziya”ğəzetəsinin gündən-günə ilərü (irəli)getməsini istəyiriz (istəyirik) və məful (adət etmiş-N.N.) edəriz. Bundan sonra bəz-bəz “Ziya” ğəzetəxanəsinə məktub və ğeyri kağızlar göndərməgi kəndimizə borc ediriz”.
Sonuncu cümlədəki “məktub və ğeyri kağızlar” ifadəsi çox maraqlı görünür. Biz“Tunğuc”un bu “ğeyri kağızlar”dan birı olması qənaətinə gəlir və söhbətimizi davam etdiririk.
İ.Qasprinski “Tunğuc”un “Sözi-əvvəl”ində(“Ön söz”də-N.N.) yazırdı: “Bundan əvvəl taş basma ilə işbu əsəri- acizanəmizi nəşr etmək istəmişük isək də murad hasil olmadığından bu dəfə Tiflisdə Ünsizadə həzrətlərinin basmaxanəsində nəşr etməyə qərar verdük.Hər tazə iş kibi bizim çolpa və çəlimsiz əsərimiz dəxi bir xeyli müzakirələrə səbəb oldu”.
“Tunğuc”un yaranma illərində Bağçasarayda qəzet, jurnal və kitab çapı üçün mükəmməl mətbəə olmadığı üçün İ.Qasprinski Rusiya müsəlmanlarına deyəcəyi sözləri daha tez çatdırmaq istəyir, maarifçilik görüşlərini hamıya ucadan , var qüvvəsi ilə bəyan etməyə can atırdı.
“Sözi-əvvəl”də oxuyuruq: ” …hər nə ki yazar isək, ğərəzimiz cümlə ilə müzakirədir.Məsələn, şimdiki üsul yaşamamızın islahə möhtac bin türli nöqsanımız vardır.Əxlaqca neçə türlü dəvalara möhtac illətlərimiz var. İştə bunları müzakirə etməli. İslahinə, dəfinə, çarəsinə yol aramalı. Ara-sıra bunun kibi sual (məsələ)ləri meydanə qoymaq ilə bərabər lisani-tatariyyənin işlənməsinə, ilərüləməsinə çalışmaq istəriz. Usta və qələmkar degil isək də, vətənimizin yerişüb gələn (bəlkə də yeriyərək gələn-N.N.) gəncləri qələm və fünun ərbabı, əməl və ğeyrət sahibləri olurlar. Hüsni- zənnilə baltalama qələmimizi ələ alub çar (fəlsəfədə dörd ünsür: torpaq,su,hava və od ) açmayə niyyət elədük. Böylə olduqca qüsurlarımıza baqılmasun: çala-çala öydərirüz (öyrədirik-N.N.)deyilən kibi .Bizim qələmimiz odun isə də, gənc vətəndaşlarımız odunları qələm edüb cümlə faidəsinə çalışurlar ümidindəyiz.Kəndimizə gəlincə göstərildigi yolda cüzi faidə edə bilsək, nəfsimizcə kəmali-mükafat hesab edəriz”.
“Tunğuc”un ön söz kimi verilən “Sözi-əvvəl”ini məcmuənin baş yazısı, İ.Qasprinskinin yazı,üslub, əqidə və məslək manifesti kimi başa düşmək olar.
Məcmuənin birinci səhifəsinin tən ortasında “Ziyayi-Qafqasiyyə” adlı yazı şagirdin ustasına təşəkkürünə oxşayır. Bu yazı xələfin sələfinə minnətdarlığıdır: ”Qışın şiddətində günəş görünüb fəqirləri qüvvətləndirdiği kibi ,(”Ziya”)nın nəşri dəxi neçə müsəlmanları məmnun elədi. Dövlətimizdə az-çox hər millətin ədəbiyyatı, basmaxanaları
( litoqrafiyaları –N.N.) və qəzetələri olduğu halda, biz müsəlmanların nə qəzetəsi və nə bir basmaxanəsi var idi. Amerika keyikləri (kik də oxumaq olar, geridə qalmış tayfa kimi də başa düşmək olar- N.N.) kibi cahılliq dəryasınə talmada idik, lakin üç sənədən bəri
(1881-ci il -3 il = 1878 –ci il- N.N.)Tiflis zadəganlarından Ünsizadələr (müəllif yanılır, Ünsizadələr əslən Şamaxı şəhərindəndilər -N.N.) Səid və Cəlal (əslində Cəlaləddindir-N.N.) Ünsızadələrin himməti və ğeyrəti ilə Tiflisdə “Ziyayi-Qafqasiyyə” (əslində “Ziya”dır, “Qafqasiyyə” sözü “Ziya”ya sonradan əlavə olunub-N.N.) bənam bir tatar(“tatar” sözü burada türk, Azərbaycan kimi başa düşülməlidir-N.N.) ğəzetəsi nəşr olunmaqdadır. Bunun kibi işi meydanə gətirmək hər nə qədər güc və müşkül isə də “Ziyayi-Qafqasiyyə” ğəzetəsi qiyafət və hürufatca və ğəzetədə basıldığı bəndlər xəbərlərcə ilərüləməkdə olduğu aşkar olub, gənc müsəlmahlar beynində böyük məmnuniyyət hasil etmişdir”.
Müəllif xalqın tərəqqisində mətbu sözü yüksək qiymətləndirirərək, yazır ki,”ədəbiyyat və ğəzetə xəlqin sədası və lisanıdır. Gözü pərdəli və qulağı təpalu olanlara böyük dəvadır…(üç nöqtə burada məqsədəyönlü şəkildə nəyinsə buraxılmasıdır-N.N.).Bu səbəblərə görə (Ünsizadə ) dutduğı şərif və əziz işlərinin daim məmnuniyyətindən maəda, işinin ilərüləməsini hər vəcə ilə etməliyiz. Bu da ərbabi-qələmin yazması ilə oxumaq bilənlərin ğəzetəni alub oqumaq ilə meydanə gələ bilür, nemsə,fransız və ingiliz kibi millətlərin binlərinə qəzetələri vardır: bəzi əkləncəyə, bəzi ticarətə dair və bəzi tədtis və tərbiyəyə dair və bəzi hər türlü şeydən məlumatdan xəbər verir.Vətənimiz rusiya dəxi bir qaç qəzetələr çıqar: rus lisanından maəda (başqa, qeyri –N.N. ), polyaq,nemsə, şbed, yəhudi lisanlarında dəxi qəzetə vardır.Sair millətlər ədəbiyyat və qəzetəçiliq ilərüləməsinə(irəliləməsinə-N.N) onunçun ğeyrət ilə çalışurlar ki, ədəbiyyat və qəzetə xalqın sədası və lisanıdır, halının tərifçəsirir, həqiqətin duaçısıdı, gözü pərdə və qulağı təpalu olanlara böyük dəvadır.(fərqləndirmə mənimdir-N.N.)”.
Müəllif daha sonra yazır:
Bu səbəblərə görə (Ünsizadə)həzrətlərinin)tutduğu şərif və izir (əzəmətli,böyük-N.N.) işlərinin daim məmnuniyyətindən maəda( başqa, əlavə , qeyri-N.N.)işinin ilərüləməsini hər vəcə ilə tələb etməliyiz. Bu da ərbabi-qələmin yazmasılə oqumaq bilənlərin ğəzetəni alub, oqumaq ilə meydana gələ bilür”.
“Tunğuc”dakı””Ziyayi-Qafqasiyyə” ”məqaləsini qissədən hissə kimi də başa düşmək olar.Başqa sözlə, burada “qızım, sənə deyirəm, gəlinim,eşit” zərbi-məsəli yada düşür.İ.Qasprinski qəzetçiliklə məşğul olanları və ya olmaq istəyənləri S.Ünsizadədən nümunə götürməyə çağırır.
Bizcə, bu məqalə “Qafqaz” qəzetində S.Ünsizadənin və “Ziyayi- Qafqasiyyə” qəzetinin əleyhinə yazılmış məqalələr silsiləsinə cavab kimi yazılmışdır.(bax: “Qafqaz” qəzeti, 1881-ci il, N 39;50;55).
18 fevral 1881-ci ildəV.V.Bezobrazov tərəfindən başlanan müzakirədə xoş sözlərlə yanaşı,iftira və böhtanlar da var idi.Qəzet redaktoru kimi S.Ünsizadə rus dilini yaxşı bilməməkdə təqsirləndirilir, ədəbi dilin normalarını korlamaqda günahlandırılırdı.Əslində əsas məsələ S.Ünsizadəni nüfuzdan salmaq,onun gündən-günə güclənən marifçilik fəaliyyətini gözdən salmaq idi.Müzakirənin əsas təşkilatçısı vaxtilə Rusiyanın Təbrizdə səfiri, sonralar Bakı Bəy Komissiyasının sədri olanVladimir Valeriyanoviç Bezobrazov idi. O, Saratov zadəganlarından biri kimi Peterburqda şərq dilləri üzrə təhsil almışdı. Səid Ünsizadəni qaralamaqda əsas məqsədi “Ziya” qəzetinə rəhbərlik etmək idi.
V.V.Bezobrazov ömrünün sonlarında “Terek” qəzetinin redaktoru olmuşdur.Qulağının dibindən çıxan şişdən ölmüşdür. Haqqında arxivlərdə çox az məlumat vardır. Çöx təəssüf ki, universitetlərdə gənc jurnalist tələbələrə Vladimir Valeriyanoviç Bezobrazovu hələ də məşhur rus yazıçısı Saltıkov-Şedrinin lisey yoldaşı və dostu kimi tanıdırlar.Halbuki Saltıkov-Şedrinin dostu iqtisadçı akademik Vladimir Vladimiroviç Bezobrazovdur.
“Qafqaz” qəzetindəki müzakirədən bir neçə gün sonra”Ziyayi-Qafqaziyyə”nin narın və rizə hürufatı daha aydın və oxunaqlı yazı xətləri ilə dəyişdirildi. İki aydan sonra “Tunğuc” işıq üzü gördü, İ.Qaspirinski dostunu bədxahların böhtan və iftiralarından qurtardı.
“Tunğuc” məcmuəsindəki yerləşdirmə ardıcıllığına görə üçüncü məqalə “Şöyləmidir, degilmidir?” başlığı ilə verilmişdir. Burada müəllifin onu düşündürən suallarına cavab axtarmaq heç də həmişə tələb olunmur. Müəllif sual tərzində dediklərini özü mənalandırır, oxucunu düşünməyə, nəticə çıxarmağa məcbur edir, bəzən də onu cəmiyyətdə hələ də öz həllini tapmayan prollemli məsələləri dərindən araşdırmağa çağırır.Maraqlıdır ki, “Tunğuc”un bu məqaləsi “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-c- ildəki 17-ci nömrəsində olduğu kimi dərc edilmişdir. O da maraqlıdır ki,”Tunğuc”un dili ortaq türk dilində yazılmış əsər kimi çox düşündürücüdür.Bizim fikrimizcə, ortaq türk dili məsələsində birincilik Səid Əfəndi Ünsizadəyə məxsusdur. İ.Qasprinski bu işdə onun layiqli ardıcılıdır.

“Şöyləmidir, degilmidir?” məqaləsi üstü örtük ibarələrlə, Ezop manerası ilə yazılmışdır: ”Ulu vətənimiz dövləti-Rusiya iki parçadır,(Rusiyeyi-Avropa), digəri (Rusiyeyi-Aziya).Rusiyeyi-Avropa Qafqas və Dağıstan ilə bərabər on beş vilayətdə (ğuberniyda) beş milyona qədər müsəlman vardır.Bunların əksəri tatar türki qəbiləsindən olub, lisanları dəxi yek lisandır ( bir dildir-N.N.). Şöylə ki təkləmdə anlaşa bilürlər və cümləsi üçün bir lisani-ədəbiyə qullanması küc degildir. Qazanda yazılan bir kağız Orenburqda, Şəkidə, Bağçasarayda oqunub, anlaşıldığı kibi , Bağçasarayın qələm ibarəsi dəxi ol tərəflərdə lazımınca keçə bilür. Lakin nə yazı bilirüz, nə də oqumaq istəriz!”
İ.Qasprinski xalqın geridə qalmasının əsas səbəbini maarif və mədəniyyət məsələlərinə biganəlik göstərilməsində görür: ”Hər kəs milləti əcnəbi bulub, vətəni karvansara görüb, boğazı və nəfsi üçün bildiyinə görə çalışır, turtunur durar.Vətən və millət nədir, tərəqqi və islahiyyət nədir, mədəniyyət və insaniyyət fazilləri nədir, heç xəbərləri yoq kibidir. Üstü örtük söyləməyi biz bilməriz.Şöylə ki, bizcə, şimdiki üsul yaşamamız üç hərəkətdən ibarə kibidir. Çolpa-çolpa çalışmaq, qabul- qabul aşamaq(yaşamaq-N.N.). Vəqtbəvəqt yuxlamaq! Və əlhasil: Yaşamamız insaniyyət şanınca degildir.Və lakin fəna halımız təsdiq olunur isə nöqsanlarımız aşkar olsa, islahiyyət yolları müzakirə olsa, millət ilərüməsi üçün ağniyalar və zadəganlar və millətə məhəbbəti olan zatlar yəvaş-yəvaş ğeyrətə gəlüb millətin hər sərdə ilərüləməsinə çalışurlar zənn edəriz. Rusiyada bəhri-millət irəlüləməkdədir. Bizləri, əlimizi, ayağımızı, gözümüzü kim bağladı? Sopa ilə əllərimiz iş üçün, başımız fikir üçün degilmidir? Dövlətimiz bizim ilərülədikimizi və rahətimizi istəyür, biz müsəlmanlara bunca ixtiyarlar (pravalar) bəxşiş etmişdir.Cümlə divanları, məktəbləri dəxi açmışdır. Kəndimizə gəlincə, cərvətkar zadəganlarımız, ağniyalarımız çoxdur.Böyük sərmayəli tüccarlarımız az degildir. Şöylə ki, ğeyrətə gəlür isük ilərüləmək üşün alətimiz var kibidir. On beş, igirmi sənə əvvəl bizlər kibi gerüdə olan latışlar,…, yəhudilər, qəraimlər aralarından şimdi neçə xocalar, zabitlər,nazirlər, advaqatlar, makanaçılar çıka bilür, səbəb nə ki bizlər də bunlar kibi çalışmayaq?Bizə qalur isə də ibtidai halda Qazan,Orenburğ,Ufa,Qacımxan, Nijni Saratof,Şəki Ajdərxan,Bağçasaray kibi şəhərlərin cəmaətləri məxsusi rüxsət ilə bir cəmiyyəti-fənniyəyi xeyriyyə tərtib edüb səbiyyə məktəbləri islahına ,mədrəsələrin tərəqisinə ,yeni sənət məktəbləri və kitabxanələr açılmasına çalışmalıdırlar…Bizlər zəmanəmizcə olan beş-on məktəb beş-on kitabxanə peyda edəməmizmi?”
Məcmuənin 3-cü və 4-cü səhifələrində yerləşdirilən ”Almazıstan səyahətnaməsinin müqəddiməsi” adlı yazı da diqqəti cəlb edir.Gözəl təbiət təsviri ilə zəngin olan bu bədii parça İ.Qasprinskinin bədii söz ustası kimi məharətli olmasından da xəbər verir:”Günlərdən bir gün səbah erkən Bağçasaray civarında Beşikdağ üstünə çıxub seyri-ətrafı təmaşeyi- bəhar eləmədə idim….. Önümdə o rəngi əcəm xəlisi kibi çiçəkli çöllər döşənmiş, bir tərəfdə qəleyi-xərabatı neçələrin kəmalının zəvalının şahidi sanasan deyirəm ki, “Bana baq, dünyaya baq”, digər tərəfimdə Gəncə dağı sevdigi ilə iltifat edər kibi səbah ruzgarı ilə quşların nazik səsləri qarışub mollaya şükranə münacatı kibi tatlı-tatlı ötürdi. Üzərimdə dilbərin ala gözləri kibi təmiz və pak göglər çəkilmiş uzaq dağın gerüsindən məşuqum uyqudan qalxar kibi utanub, qızarıb səmavi dilbəri kövnişən göründi”…
“Tunğuc” məcmuəsinin sonuncu ( 4 -cü ) səhifəsindəki materialların hamısı gənc nəslin, mübtədi (ibtidai) sinif şagirdlərinin mütaliə mədəniyyətinin yüksəldilməsinə yönəldilmişdir. Buradakı lətaif, gülməcə və məsəllər türk dili anlaşılan ölkələrdə maraqla qarşılanır.
İ.Qasprinskinin “Ziya” mətbəsində çap olunan ikinci məcmuəci “Şəfəq”dir.
“Ziyayi-Qafqasiyyə” qəzetinin 27 avqust 1881—ci il tarixli 25-ci nömrəsində verilmiş “İxtar”da (xatırlamada, bildirişdə -N.N.) oxuyuruq:”Ziya”nın bugünkü nüsxəsilə göndərilən “Şəfəq” nam məcmuə keçənlərdə mətbəəmizdə təb və nəşr olunub “Ziya”nın keçən dəfə öz vəqtində çıxmağına mane olduğu üçün…məzkur məcmuədən bir nüsxə möhtərəm müştərilərimizə göndərilmişdir”.
“Tunğuc” məcmuəsi də “Ziyayi-Qafqasiyyə” qəzetinin oxucularına məccani(pulsuz,parasız) göndərilmişdir.
Şəfəq” məcmuəci haqqında növbəti yazılarımızın birində ətraflı söz açacağıq.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü, türkoloq
Bakı, 18.12.2011 - 22.03.2014



Ədəbiyyat

1.”Tunğuc” məcmuəsi. Tiflis, 17 may 1881-ci il, 4 səhifə.

2. Zühal Yüksel. Kirim Devlet Sanayi –Pedaqoji Universitesi.
“Tonğucun dil ve muhteva hususiyetleri.
// “İsmail Bey Gaspralı için”, səh.185-196.

3. İsmail Bey Qaspralı için. Ankara.Birinci Baskı,Ekim 2004.697səh.
Baş editor Hakan Kırımlı.

4. Abid Tahirli.Bütün tütklərin tərcümanı.
Bakı,”Ozan” nəşriyyatı, 2012,312 səh.
5.Nazim Nasreddinov.
130 yaşlı “Tunğuc” ve ya açılmayan kapılar, pencereler “Halduncezayirlioğlu”Koleksiyonu,22 aralık (dekabr)2011-ci il.
6.Haldun Cezayirlioğlu. TONĞUÇ mecmuası.
“Haldunsezayirlioğlu Kolleksiyonu”, 24 aralık 2011. ukuk
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed