Şrift:
ATƏT-in yeni sədri: “Fəaliyyətimizdə ilk prioritet ATƏT məkanında münaqişələrin nizamlanması olacaq”
07.12.2011 [17:57] - Xəbərlər
İrlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Eamon Gilmor jurnalistlər üçün mətbuat konfransı keçirib.

Eamon Gilmor İrlandiyanın ATƏT-ə sədrlik edəcəyi dövrdə fəaliyyətinin üç əsas istiqamətini açıqlayıb. Onun sözlərinə görə, ilk prioritet ATƏT məkanında münaqişələrin nizamlanması məsələsi olacaq. Apreldə Dublində İrlandiyanın sədrliyi ilə ATƏT ölkələrinin konfransı keçiriləcək. Konfransda İrlandiya Şimali İrlandiya ilə münaqişənin nizamlanmasında qazandığı təcrübəni ATƏT ölkələri ilə bölüşəcək. İrlandiyanın ATƏT-ə sədrliyi dövründə digər iki əsas prioritet – yaxşı idarəetmə və söz azadlığı məsələsi olacaq.

İrlandiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirakı ilə bağlı sualı cavablandıran Eamon Gilmor ATƏT XİN Şurasının 18-ci toplantısı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşdüyünü deyib: “Ümidvaram ki, ATƏT-ə sədrliyimizdən istifadə edərək tərəfləri dialoqu sürətləndirmək və danışıqlar prosesində irəliləyişə nail olmaq üçün stimullaşdırmağa nail olacağıq. ATƏT-in fəaliyyətdə olan sədri kimi deyə bilərəm ki, Şimali İrlandiya ilə münaqişənin nizamlanmasından əldə etdiyimi təcrübəni nəzərə almaqla biz bu işə öz töhfəmizi verə biləcəyik”.
Bu xəbər oxucular tərəfindən 1056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed