Şrift:
Erməni terror qruplaşmalarının cəhdlərinin qarşısı alınır
27.03.2014 [14:39] - Müsahibə
“Milli Təhlükəsizlik Nazirliyinin yerinə yetirdiyi xüsusi funksiyalar arasında birinci yerdə, sözsüz ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsi durur”. “Media forum” saytı xəbər verir ki, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində belə deyib.



Prezident İlham Əliyevin “Bizim yalnız bir böyük problemimiz var – bu da Dağlıq Qarabağ problemidir” sözlərini misal çəkən nazir bildirib ki, Qara­bağ müna­qi­­şə­sinin həlli ilə əlaqədar ölkə rəhbərliyinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması milli təhlükəsizlik orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən biridir.

Eldar Mahmudov qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyi erməni terrorçuluğu ilə uğurla mübarizə aparır, uzun illər boyunca müxtəlif erməni terror qruplaşmalarının üzvlərinin Azərbaycanda terror aktlarının təşkili və ictimai-siyasi sabitliyi pozmaq cəhdlərinin qarşısı alınır: “Ermənistanın təcavüzünün nəticələri ilə əlaqədar reallıqların geniş dünya ictimaiyyətinə çatdırılması sahəsində Azərbaycan prezidentinin “hücum taktikası” ilə bağlı tövsiyəsinin yerinə yetirilməsi Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin ən vacib istiqamətlərindən biridir. Bu gün bu işin planlı və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün digər dövlət orqanları ilə əməkdaşlıq uğurla həyata keçirilir. Milli Təhlükəsizlik Nazirliyi müvafiq qanunvericilik çərçivəsində Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Strateji Araşdırmalar Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Müəllif Hüquqları Agentliyi və digər orqanlarla informasiya mübarizəsi sahəsində sıx əməkdaşlıq edir.

İnformasiya mübarizəsi sahəsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyət istiqamətlərindən biri Ermənistanın təcavüzkar siyasətinə qarşı təbliğat vasitələri fondunun formalaşdırılmasıdır. Bu məqsədlə elmi-tədqiqat işlərinin aparılması, milli mədəni irsin, maddi-mənəvi dəyərlərin qorunması təşviq olunur, yeni kitablar dərc edilir, eləcə də əvvəlki illərdə dərc olunmuş kitablar müxtəlif dillərdə yenidən çap edilir. Ermənistanın təcavüzkar siyasəti, erməni terrorçuluğu, qədim Azərbaycan torpaqlarının, o cümlədən işğal altında olan torpaqlarımızın tarixi ilə bağlı elmi-tədqiqat işləri müxtəlif xarici dillərdə dərc edilir. Bununla da Dağlıq Qarabağ münaqişəsi haqqında kitab fondu əhəmiyyətli dərəcədə zənginləşdirilir. Bu fondda olan müvafiq materiallar başqa ölkələrdəki diplomatik nümayəndəliklərə, dövlət orqanlarına, diasporlara, elmi və təhsil müəssisələrinə, tərəfdaş dövlətlərə, habelə xarici ölkələrin görkəmli ictimai-siyasi xadimlərinə göndərilir. Dünyanın bir çox dillərində dərc edilmiş kitablar ictimai fikri Azərbaycanın xeyrinə dəyişdirməyə nail olur. Sözsüz ki, bu informasiya mübarizəsində sədri olduğum Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının aidiyyəti dövlət strukturları və müvafiq təşkilatlar arasında xüsusi rolu və yeri var.

Dövlət Komissiyası Ermənistanın təcavüzkar və terrorçu dövlət kimi tanıdılması, xüsusilə Xocalı soyqırımının dünyada tanınması üzrə digər dövlət orqanları və ictimai təşkilatlarla əlaqəli şəkildə kompleks tədbirlər həyata keçirir. Dövlət Komissiyasının 20 illiyi münasibəti ilə Azərbaycan prezidentinin təbrikində qeyd edildiyi kimi, bu baxımdan bu qurumun fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı problemlər, o cümlədən onların taleyinə aydınlıq gətirilməsi, fiziki işgəncələrdən və mənəvi iztirablardan xilas edilməsi Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən hesab olunur və Dövlət Komissiyası bu istiqamətdə müvafiq beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığı davam etdirir. Komissiyanın təşəbbüsü ilə çəkilən sənədli filmlər və digər faktoloji materiallar erməni terrorçuluğu və işğalının mahiyyətini tam mahiyyəti ilə əks etdirir. Dövlət Komissiyası bu münaqişədə Azərbaycanın ədalətli mövqeyinin təbliğatı sahəsində ciddi uğurlara nail olur”.

Milli təhlükəsizliyin təmin olunmasının digər istiqamətləri üzrə təhdidlərin aradan qaldırılmasından danışarkən Eldar Mahmudov deyib ki, Azərbaycan Respublikasının, o cümlədən ölkənin Silahlı Qüvvələrinin əleyhinə xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinə, habelə terrorçuluğa qarşı mübarizə MTN-in daim diqqət mərkəzindədir: “Ölkənin xarici siyasət kursunun uğurla həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına yönəlmiş kəşfiyyat fəaliy­yətinin uğurlu nəticələr verməsi üçün­ düşmən dövlətlərin plan və niyyətləri barədə vaxtında məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir.

Məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində dövlət təhlükəsizliyinə zərər vurmağı, terrorçuluq əməlləri hazırlamağı, qanunsuz olaraq böyük miqdarda odlu silah əldə etməyi və digər cinayətlər törətməyi planlaşdıran terrorçu dəstələr vaxtında ifşa edilir”.

Müsahibəsində nazir Azərbaycan dövlətinin beynəlxalq antiterror koalisiyasında iştirakında milli təhlükəsizlik orqanlarının fəaliyyətindən də söz açıb və bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının peşəkarlığı və səyləri sayəsində müsbət nəticələr əldə edilib: “Onların arasında beynəlxalq terrorçuların neytrallaşdırılmasını, həmçinin humanitar örtük altında fəaliyyət göstərən, müxtəlif terrorçu subyektlərin maraqlarına xidmət edən təşkilatların fəaliyyətinə qadağa qoyulmasını xüsusi qeyd etmək olar.

Məsələn, Azərbaycanda ilk dəfə təşkil olunan “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ərəfəsində bəzi dairələrin və beynəlxalq terror təşkilatlarının təxribat-pozuculuq və terror niyyətlərinin qarşısı alınıb. Paytaxtda və ölkənin müxtəlif bölgə­lə­rində həyata keçirilən xüsusi əməliyyatlar nəticəsində, beynəlxalq terror şəbəkəsi tərəfindən Azərbaycanda silsilə terrorçuluq aksiyalarının törədilməsi, əhali arasında vahimə, etnik və dini zəmində qarşıdurma yaradılması, sabitliyin pozulması və beynəlxalq aləmdə respublikanın nüfuzuna xələl gətirilməsi üzrə verilən göstərişlərin həyata keçirilməsinə cəhd göstərən radikal ekstremist qruplaşmaların və təşkilatların üzvləri istintaqa cəlb olunublar”.
Bu xəbər oxucular tərəfindən 1024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed