Şrift:
Güney Azərbaycan xəbərləri
07.12.2011 [18:23] - Gündəm
İranın Azərbaycan əleyhinə tədbirləri davam edir

İran rejimi Azərbaycan əleyhinə yenidən tədbir düzənləyib. Təbrizin din hövzəsində Azərbaycan dövləti əleyhinə keçirilən tədbirlər davam etdirilir.
"Şəriət məhkumları" silsiləsindən keçirilən növbəti toplantıda "Azərbaycan Respublikası (Cümhuriyyəti) şiələri Məhərrəm ayında" mövzusunda müzakirələr aparılıb. Bu barədə İran KİV-i (kütləvi informasiya vasitələri) məlumat yayıb.
Təbrizdəki "İmam Rza" məscidində keçirilən tədbirdə Azərbaycan Respublikasında müsəlmanların vəziyyətinin qənaətbəxş olmadığı iddia edilərək, İranın İslam inqilabı qüvvələrinin bu bölgədə baş verənlərə diqqətsizliyi tənqid edilib. Toplantıda Azərbaycan Respublikası Aran bölgəsi adlandırılaraq, İranın bir hissəsi kimi təqdim edilib: "Aran regionunda (bölgə) İran televiziya kanallarının yayımına qadağa qoyulması rus hökumətinin bu bölgədə İranın varlığına və şiələrə hərtərəfli hücum etməsinə şəraitin yaradılmasına xidmət edir".
Yığıncaqda dəlillərə söykənilmədən Azərbaycanda vəhhabilərə inkişaf və təbliğat aparmaları üçün şərait yaradıldığı da iddia edilib: "Azərbaycanda şiə müsəlmanların çoxluq təşkil etməsinə baxmayaraq, bu ölkə Qafqazda vəhhabilik mərkəzinə çevrilib. Sionizm də bu müsəlman ölkəsində özü üçün fəaliyyət imkanları yaradıb və hər gün öz köklərini Azərbaycanın ictimai-mədəni strukturlarında (saxtar, yapısal) bərkitməkdədir. Bura yeganə müsəlman ölkəsidir ki, "Şeytan əyələri" kitabı çap olunub. Məktəbli qızların hicabla dərsə getməsinə də yalnız bu müsəlman ölkəsində icazə verilmir, o cümlədən İslam dininin təbliğində də qadağalar tətbiq edilir. Belə bir vəziyyətə heç bir şiə müsəlman ölkəsi dözə bilməz. Hazırda çoxlu azəri islamçı fəal əsassız ittihamlarla uzun müddətli həbsdə saxlanır".
Tədbirdə Azərbaycan dövlətini təhdid edən fikirlər də səsləndirilib: "İmam Hüseyn məktəbinin dərslərini öyrənmişiksə, gərək dünya müsəlmanlarının, xüsusilə də Azərbaycan Respublikası şiələrinin məzlum səslərini eşidək və onların fəryadlarına cavab verək. Bu baxımdan Aşura və Kərbəla bizim üçün mühüm məna kəsb edir".


İranda müharibəyə hazırlıq gedir

İran İslam İnqilabını Mühafizə Korpusu (Sepah) strateji obyektlərə (təsisat, əmakin) hərbi zərbə endirilməsindən ehtiyatlanaraq döyüş hazırlığı səviyyəsini yüksəldib.
Bunu “Telegraph” qəzetinə Qərb kəşfiyyatındakı mənbə bildirib.
İslam İnqilabını Mühafizə Korpusunun komandanı Məhəmməd Əli Cəfəri potensial xarici zərbə və gizli hücumlara əlaqədar döyüş hazırlığının yüksəldilməsi barədə əmr verib.
Döyüş hazırlığının yüksəldilməsi ölkə üzrə bütün raket batareyalarını əhatə edir, eyni zamanda əsas müdafiə mövqeləri möhkəmləndirilməlidir.


İran lazımi qədər uran zənginləşdirdiyini açıqladı

İran 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istehsalını uğurla həyata keçirdiyini bəyan edib. İranın "Fars" xəbər agentliyinin məlumatına görə, 2010-cu ilin fevralında Tehran Tədqiqat Reaktorunda istifadə edilmək məqsədilə nüvə yanacağı istehsalı üçün sentrifuq əməliyyatlarına start verən İran, 20 faiz zənginləşdirilmiş uran istehsalı müddətini tamamlayıb. Zənginləşdirilmiş uran 2 ay ərzində Tehrandakı nüvə araşdırma reaktoruna köçürüləcək.
İran zənginləşdirilmiş uranın nüvə silahı istehsalı məqsədi daşımadığını, Tehran reaktorunda tibbi məqsədlərə xidmət edən radio-izotopların istehsal ediləcəyini iddia edir. İran Məclisinin sədr müavini Məhəmməd Rza Bahonarın bildirdiyinə görə, istehsal edilən uranın miqdarı 120 kiloqramdır.
İran ötən il Beynəlxalq Atom Enerjisi Agetliyinə əlindəki 3,5 faiz zənginləşdirilmiş uranı təhvil vermək qarşılığında uran istehsal edən Qərb ölkələrindən 20 faiz zənginləşdirilmiş uran almağı təklif etmişdi. Lakin İranla nüvə danışıqları aparan 5+1 formatı ölkələri bu təklifi rədd etdikdən sonra İran 20 faiz zənginləşdirilmiş uran istehsalını davam edəcəyini bəyan etmişdi.


ABŞ İranda internet-səfirlik açdı

ABŞ internetdə İranda virtual səfirlik açıb. Hazırda ABŞ və İran arasında diplomatik münasibətlər yoxdur və İranda Birləşmiş Ştatların maraqlarını İsveçrə təmsil edir.
“Mən ABŞ-ın Tehranda virtual səfirliyinin açıldığını elan etməyimə şadam. Bu, Amerika və İran xalqlarını yaxınlaşdırmaq üçün yeni imkandır. Diplomatik münasibətlərin olmaması üzündən biz vətəndaşlarımız arasında dialoq çatışmazlığı hiss edirdik. Ümid edirik ki, yeni texnologiyalar sayəsində bu sayt və onunla əlaqəli sosial şəbəkələr aramızda qarşılıqlı anlaşmanı yaxşılaşdırmağa imkan verən körpü rolunu oynayacaqlar”, - Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulandın yazılı açıqlamasında deyilir.
Onun sözlərinə görə, saytın açıqlması ABŞ-ın İran rejiminin “elektron pərdəni bağlamaq, onlayn-filtrasiya tətbiq etmək və peyk yayımını məhdudlaşdırmaq cəhdlərinin” aradan qaldırılmasına istiqamətlənmiş ilk addımıdır. “Biz İran xalqı ilə birbaşa ünsiyyəti genişləndirməyə ümid edirik”, - Viktoriya Nuland bildirib.
ABŞ-ın virtual səfirliyi iran.usembassy.gov (ingilis dilində) və persian.iran.usembassy.gov (fars dilində) ünvanlarıda fəaliyyət göstərir.


«Ənsari-Hizbullah»dan növbəti təhdid

Ruhullah Becani Təbrizdəki konsulluğumuzu tutmaqla hədələdi
İranda təzyiq qruplarından biri kimi tanınan «Ənsari-Hizbullah» təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani prezident Mahmud Əhmədinejada açıq məktub yazaraq onun Azərbaycan Respublikası ilə bağlı siyasətinə etiraz bildirib. Azərbaycan prezidenti İlham Əliyevin ünvanına kobud ifadələr işlədən axund Ruhullah Becani yazıb ki, Azərbaycan Respublikasının varlığı İrana böyük təhlükədir: «Azərbaycan və Qafqaz məsələsi gələcəkdə islam rejimi üçün təhlükəyə çevriləcək. Bir tərəfdən islamofobiya və islama zidd hərəkətlərin yayılması, İranın şimal-qərb əhalisi üçün Bakının əyləncə şəhərinə çevrilməsi, digər tərəfdən isə separatçı qüvvələrin təşkilatlanması ölkəmizi təhdid edir. Mənim Azərbaycan və Ermənistanla bağlı qeyri-dini, masqara və gülünc siyasətinizə etirazım var. Azərbaycan məsələsinə ciddi yanaşın. Orada islamı təhqir edir, din və şiəliyin kökünə balta vururlar. Mən bu barədə bir neçə dəfə xəbərdarlıq etmişəm. Ermənistanda məscidləri donuz tövləsinə çeviriblər. Azərbaycan Respublikasında isə məscidlərimizi yıxıb yerinə sinaqoq tikirlər. Dini rəhbərləri zindana salıb dinin təbliğinə yasaq qoyublar. Ya İlham Əliyevin əl-ayağını yığışdırırsınız ki, bir də islama qarşı bu səhvləri eləməsin, ya da bu ölkənin səfirliyini «Qolhək» (Böyük Britaniyanın Tehrandakı səfirliyinin işçilərinin yaşadığı binalar) bağında baş verənlərin gününə salacaqlar. Birinci addım Netanyahunun (İsrailin baş naziri) casusluq yuvası sayılan Təbrizdəki Azərbaycan konsulluğuna qarşı olacaq».
Bu arada İran saytı (www.irdiplomacy.ir) Azərbaycan Respublikası ilə bağlı məqalə dərc edib. Yazıda bildirilir ki, İran 32 ildir müsəlmanların problemlərinə həssaslıqla yanaşıb: «Buna Bosniyada müsəlmanların qətliamına reaksiya verilməsi, Fələstin, İraq və son zamanlarda Bəhreyndə baş verən hadisələrə münasibət əyani sübutdur. Həmin ölkələrin müsəlmanlarına dəstək olmuşuq və hadisələrə sərt etirazımızı bildirmişik. Ancaq nə üçün İran dövləti və rəsmiləri Çində uyğurlara, Rusiyada çeçenlərə və Azərbaycan Respublikasında müsəlmanlara qarşı olan münasibətə reaksiya vermirlər. Halbuki həmin dövlətlər müsəlman vətəndaşlarının hüquqlarını tapdalayır və hətta onlara qarşı zorakılıq tətbiq edir».
Məqalədə qeyd olunur ki, son zamanlar Azərbaycan Respublikası müsəlman vətəndaşlarının hüquqlarını tapdalayan və onlara qarşı zorakılıq edən dövlətlərin siyahısında birinci sıradadır: «Sual oluna bilər ki, nə üçün İran Fələstin və Bəhreyndəki qədər Azərbaycan Respublikasındakı şiələrin durumuna həssaslıqla yanaşmır. Halbuki Azərbaycan Respublikasının anti-İslam siyasəti ölkədə etirazlara səbəb olub. Hətta bu etirazlar hökumətin «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər etməsindən sonra daha da artıb. «Cahan» saytının verdiyi məlumata görə, bir sıra deputatlar bu qanunun parlamentdə müzakirəsi zamanı İranın Azərbaycan Respublikasına böyük təhdid sayıldığını, ona görə də ölkədə İranın nüfuzunun azalması üçün «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilməsinin zəruri olduğunu bildiriblər. «Dini etiqad azadlığı haqqında» qanuna əlavə və dəyişikliklər edilməsindən sonra Azərbaycan Respublikasında islam dini ilə bağlı təbliğat aparmağa qadağa qoyulub. Azərbaycan Respublikası bu cür addımlarla ABŞ-a və sionistlərə yaxınlaşmaqda davam edir. Hətta bu ölkədə Azərbaycan İslam Partiyasının fəaliyyəti də məhdudlaşdırılıb. Halbuki onlar hökumətin anti-din siyasətinə etiraz ediblər. Onların bəziləri uzunmüddətli həbs cəzasına məhkum edilib. Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova hicabsızlıq kampaniyasına etiraz etdiyi üçün 8 ay həbs cəzası verilib. Bundan əlavə, Azərbaycan Respublikası hicabı məktəblərdə qadağan edib, hicabdan istifadə edənlərlə kobud davranılır, bir müddət öncə hökumət İran müctəhidlərinin kitablarını evlərdən toplayıb və onların satışının qarşısını alıb. Ancaq hökumətin İslam dininə zidd olan bu siyasəti xalq içərisində çox pis qarşılanıb və çox böyük etirazlara səbəb olub, lakin Azərbaycan Respublikasının səlahiyyətli orqanları ölkədəki müxalif dindarları xariclə əlaqədə günahlandırmağa çalışırlar. Buna əyani sübut olaraq millət vəkili Fəzail Ağamalının səsləndirdiyi fikri göstərmək olar. O deyib ki, İranın Qum şəhərində oxuyan azərbaycanlı tələbələr bu ölkənin casusları olduqları üçün qanun qarşısında cavab verməlidirlər. Qeyd edək ki, bu saytın İran prezidenti Məhəmməd Xatəmin dövründə ölkənin xarici işlər naziri olmuş Kamal Xərraziyə bağlı olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 1613 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed