Şrift:
Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə ölkə çempionatı keçirilib
31.03.2014 [09:58] - İdman
Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə VII ölkə çempionatı keçirilib.

APA-nın məlumatına görə, çempionatın açılış mərasimində əvvəlcə dövlət himni səsləndirilib. Tədbirdə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti Vüqar Muradov, Göyçay rayon Gənclər və idman İdarəsinin rəisi Elşən Şirinov çıxış ediblər. Bildirilib ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Son 4 ildə bu idman növü üzrə dünya və Avropa çempionu titulunu qazanmış 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. Hazırda ölkəmizin 45 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.

Yarışda 22 şəhər və rayondan 220 idmançı 8 yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizə aparıb. İlk üç yeri tutan idmançılara diplom və medallar verilib.

Qeyd edək ki, baş məşqçi Xaləddin Şirinov ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaq. İdmançılar mayın 24-28-də Buxarest (Rumıniya) şəhərində keçiriləcək Avropa çempionatında və noyabrda Polşada keçiriləcək təşkil olunacaq dünya çempionatında Azərbaycanı təmsil edəcəklər.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed