Şrift:
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb
07.04.2014 [12:23] - Gündəm, Siyasət
Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb.


Naxçıvan Beynəlxalq Hava Limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar.



Prezident Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.



İlham Əliyev səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində aeroportun fəaliyyətini daha da müasirləşdirmək və təhlükəsizliyi artırmaq məqsədilə alınan müxtəlif təyinatlı yeni maşın-mexanizmlərə baxıb.


Bildirilib ki, bu maşınların arasında təyyarə yanacağı daşıyan, yanacaqvuran, sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan avtobuslar, eləcə də sağlamlıq imkanları məhdud sərnişinləri hava gəmilərinə mindirmək və qarşılamaq üçün xüsusi avadanlıqla təchiz edilən maşınlar var. Yeni alınan avtotrap və avtokonveyerlər, qoşqular və təyyarədartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, təyyarə mühərrikini hava ilə işə salan aqreqat, hava gəmilərini buzlaşmaya qarşı hazırlayan və uçuş-enmə zolağını qardan və buzdan təmizləmək üçün nəzərdə tutulan maşınlar da yüksək texniki göstəricilərə malikdir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.


Sonra İlham Əliyev inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri V.Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov prezidentə məlumat veriblər ki, inşasına ötən ilin martında başlanılan bina ən müasir səviyyədə tikilib. Ümumilikdə 53 iş otağının yerləşdiyi yeni binada, həmçinin hava gəmilərinə texniki xidmət sahəsi, daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava hərəkətinin idarə edilməsi, aviasiya-metrologiya və digər aidiyyəti xidmətlər üçün hərtərəfli şərait var. Binada akt və konfrans zalları, həmçinin işçilərin xarici dillərə yiyələnmək üçün tədris otağı yaradılıb.


Diqqətə çatdırılıb ki, aerovağzal binasının yenidən qurulması və bərpasından sonra aeroportun sərnişin dövriyyəsi saatda 450-500 nəfərə çatacaq. Bu isə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası hava limanının strateji yükünü daha artıracaq.



Səfər çərçivəsində İlham Əliyev həmçinin Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed