Şrift:
Moskvada Rusiya müxalifətinin mitinqi başa çatıb
10.12.2011 [19:50] - Xəbərlər
Moskvanın Bolotnıy meydanında dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına Rusiya müxalifətinin etiraz mitinqi başa çatıb.

Rusiya mətbuatının xəbərinə görə, aksiyanın sonunda 5 bənddən ibarət qətnamə qəbul edilib.

Mitinq iştirakçıları seçkilərinin saxtalaşdırılmış nəticələrinin ləğv olunmasını, Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun istefaya getməsini, bütün saxtalaşdırma və pozuntu faktlarının araşdırılmasını, siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb ediblər.

Bundan başqa, müxalifət partiyalarının qeydiyyata alınması, siyasi partiyalar və seçkilər haqqında demokratik qanunvericiliyin qəbul olunması, azad və ədalətli seçkilərin keçirilməsi tələbləri də səslənib.

Aksiya iştirakçılarının sayına gəlincə, bu barədə müxtəlif rəqəmlər səslənir. Rəsmi orqanlar iştirakçıların sayının 25 min, KİV 35 min, mitinqçilər isə 50-85 min olduğunu bildirirlər.

“Rabfak” qrupunun ifasında “Bizim dəlixana Putinə səs verir” mahnısı ilə başlayan aksiya Viktor Tsoyun “Dəyişiklik” mahnısının səsləndirilməsi ilə başa çatıb. Aksiyanın təşkilatçıları növbəti mitinqin dekabrın 24-də keçiriləcəyini bəyan ediblər.

Qeyd edək ki, Moskvadakı mitinqlə eyni vaxtda Rusiyanın Sankt-Peterburq başda olmaqla bir neçə digər şəhərində də dekabrın 4-də keçirilmiş parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz aksiyaları keçirilib.
Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed