Şrift:
Tehran təsir imkanlarını artırmaqa cəhd edir
24.04.2014 [15:05] - Gündəm, Güney Azərbaycan xəbərləri, Müsahibə
Əlirza Amanbəyli: "İran Ermənistandan başqa bölgə dövlətlərin heç biri ilə münasibətlərində səmimi deyil”

İran, Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafı və İran dəmiryolunun Azərbaycan vasitəsilə Gürcüstana birləşməsi bölgənin xeyrinədir. Bu sözləri İran Prezidenti Həsən Ruhani bu gün Gürcüstanın İrana təyin olunmuş yeni səfiri İosif Çakaşvili ilə görüşündə deyib.
Həsən Ruhani deyib ki, İran öz dəmiryolunu Azərbaycan vasitəsilə Gürcüstana birləşdirməkdə qərarlıdır. O,bildirib ki, İran üçün Qara dənizə çıxış xüsusilə Batumi limanı vasitəsilə önəmlidir. Onun sözlərinə görə, İran qonşu ölkələrlə, xüsusilə Gürcüstanla əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Görüşdə iki ölkənin özəl sektorunun əməkdaşlığı üçün güzəştlərin tətbiqi və universitetlər arasında əlaqələrin artırılmasının zəruriliyindən danışılıb.
İran rəsmiləri bundan öncə Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlayıblar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.
Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.
İran Bakı-Tiflis-Qars dəmiryol layihəsinə qoşula bilərmi?
Bəzi ekspertlərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında yaxınlaşma hiss olunur. Həqiqətənmi belədir?
Politoloq Vəfa Quluzadə Azərbaycan-İran münasibətlərində o qədər də ciddi problemlər yoxdur. Onun fikrincə, bu, mediada şişirdilmiş formada təqdim olunur: "Azərbaycan İsrail və Qərb ölkələri ilə yaxşı münasibətləri var, ancaq bu İrana qarşı deyil. Azərbaycan da hər zaman İranın maraqlarını da nəzərə alıb. Sadəcə Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İran-Qərb münasibətlərinin yaxşılaşmağa doğru getməsi də İran-Azərbaycan münasibətlərinə müsbət təsir buraxmaqdadır". Politoloq hesab edir ki, İran bu səfərdən sonra müəyyən mənada loyallaşa bilər.
Ekspert Sədrəddin Soltan hesab edir ki, Tehran fundamental məsələlərdə güzəştə getməyəcək. Ekspert hesab edir ki, İran bundan sonra da Azərbaycana qarşı yenə öz bildiyini edəcək: "Mən fundamental məsələlərin həll olunduğuna inanmıram. Hesab edirəm ki, İranın əsas məsələlərdə münasibəti dəyişməyəcək. Azərbaycanın ərazi bütövlüyü məsələsində Ermənistanla münasibətlərini yenə əvvəlki kimi davam etdirəcək. Digər tərəfdən Cənubi Azərbaycanda türklərin haqları yenə tapdanacaq, İrandan Azərbaycana narkotik qaçaqmalçılığı davam edəcək. Rəsmi Tehran Azərbaycanda İranyönlü ictimai-siyasi qüvvələri yenə dəstəkləyəcək. Bu baxımdan, bu səfər belə məsələlərin heç birini həll etməyəcək". Sədrəddin Soltan qeyd edib ki, səfər daha çox iki ölkə arasında münasibətlərin inkişafına, iqtisadi əlaqələrin dərinləşməsinə hesablanıb.
Ekspert bildirib ki, İrana qarşı dünyanın sanksiyaları azalıb və perspektivdə bunun daha da yumşalacağı ehtimal olunur. Onun sözlərinə görə, bunun fonunda prezidentin səfəri perspektivdəki iqtisadi münasibətlərə hesablanıb: "Həsən Ruhani prezident olandan sonra İran hakimiyyətində yumşalma var. ABŞ-ın sanksiyaları da, kəskin ritorik çıxışlar da azalıb. İrana qarşı bir sıra sanksiyalar götürülüb. Məsələn pulunun bir hissəsini qaytarıblar, mülki aviasiyasına qoyulan qadağaların bir hissəsi qaldırılıb.
Atom nüvə proqramı ilə bağlı İranla altılıq ölkələr arasında danışıqlar davam edir. Ortada bir yumşalma var və belə bir məqamda İlham Əliyevin İrana qonşu ölkə kimi səfər etməsində heç bir ziyanlı məsələ yoxdur".

Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin rəhbəri Əlirza Amanbəyli vurğuladı ki, İran rejimi bu yolla ölkəyə tətbiq olunan sanksiyaları netirallaşdırmaq istəyir və bölgədə öz təsir imkanlarını artırmaqa cəhd edir: "Başqa tərəfdən isə İran bilirdi ki, Gürcüstan və Azərbaycan qərb dövlətlərilə sıx istrateji əmkdaşlıq edir. Həm hərbi həm də siyasi. Əgər İran Azərbaycan və Gürcüstanla əmkdaşlıqını genişləndirsə o zaman qərb dövlətləri bu əməkdaşlıqa qısqancılıqla yanaşacaq və nəhayət qərblə münasibətlərimizi pisləşə bilər. İran və Rusiya hər zaman çalışır ki, Azərbaycanı və Gürcüstanı öz təsirləri altına alsın. İran Gürcüstanla bir tərəfli olaraq vizanı ləğv etməsi də bu siyasətin tərkib hissəsidir. Başqa tərəfdən isə İran Gürcüstanda və Azərbaycanda təsir imkanları artırmaq üçün yerli əhali arasında din faktorundan istifadə edərək münaqişələr yaratmaqla bu bölgədə sabitliyi pozmağa çalışır. İran Ermənistandan başqa bölgə dövlətlərin heç biri ilə münasibətlərində səmimi deyil".

Əli
Bu xəbər oxucular tərəfindən 1467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed