Şrift:
Bir qrup azərbaycanlı mühacir fəal İsveçdə etiraz aksiyası keçirib
02.05.2014 [10:23] - Güney Azərbaycan xəbərləri, Diaspor
Mayın 1-də Stokholm və Goteborq şəhərlərində baş tutan piket hazırda İranın müxtəlif həbsxanalarında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi daşıyıb.

Aksiya iştirakçıları əllərində Səid Mətinpur, Yürüş Mehrəlibəyli, Behnam Şeyxi və digər azərbaycanlı siyasi məhbusların plakatlarını tutaraq İran əleyhinə şüarlar səsləndirib və yerli ictimaiyyətə onlarla bağlı broşürlər paylayıblar. Piketdə Urmiya gölündəki vəziyyət də əsas diqqət mərkəzində olub. Aksiyaya İran ərəbləri də dəstək verib.

Qeyd edək ki, mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist hüquqlarını müdafiə təşkilatı tərəfindən 3 May – Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində “informasiya qəhrəmanı” elan edilmiş S. Mətinpurun 15 gün aclıq aksiyası öz nəticəsini verib.

Belə ki, Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə 7 ilə yaxındır Tehranın Evin həbsxanasında saxlanılan jurnalist artıq təkadamlıq kameradan ümumi korpusa geri qaytarılıb. Bundan əlavə, aprelin 17-də Tehranın Evin həbsxanasının 350-ci bəndində baş vermiş toqquşmaya etiraz olaraq aclıq aksiyası keçirən digər məhbuslar da ümumi korpusa geri qaytarılıblar. Ancaq məhbusların aclıq aksiyasına son verib-vermədikləri haqda heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed