Şrift:
Fərəc Quliyev: "Xalq adından danışmaq səlahiyyəti olmayan adamlar bəzən "xalq diplomatiyası" adı ilə çıxış edərək ermənilərlə əlaqə saxlamaq istəyir"
02.05.2014 [11:28] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Xalq diplomatiyası"nın yaratdığı böyük fəsadlar

Azərbaycanın torpaqları işğal altında qaldığı indiki halda bəzi qüvvə və şəxslər Ermənistanla "xalq diplomatiyası" qurmağa çalışır. Bəzi beynəlxalq dairələr bir çox Azərbaycan vətəndaşını da bu prosesə cəlb etməyə nail olub. Onlar müəyyən qrantlar müqabilində ermənilərlə "xalq diplomatiyası" adı altında əlaqə qurur, bir-birilə təmas yaradırlar. Halbuki, Ermənistan işğalçı mövqeyindən hələ geri çəkilmir və bu fonda "xalq diplomatiyası"na da lüzum görülmür.

Millət vəkili Fərəc Quliyev müharibə şəratində olduğumuz ölkə ilə hər hansı münasibət saxlamağın əleyhinə olduğunu diqqətə çatdırdı: "Ermənistanla "xalq diplomatiyası" qurmağa qətiyyən ehtiyac yoxdur. Ümumiyyətlə, müharibə apardığımız ölkə ilə hər hansı bir formada münasibət saxlamağın tamamilə əleyhinəyəm. Ermənistanla Azərbaycan arasında ATƏT-in Minsk qrupu tərəfindən rəsmi şəkildə danışıqlar aparılır. Amma onun da nəticəsi yoxdur. "Xalq diplomatiyası" nə verə bilər ki? Xalqın adından danışmaq səlahiyyəti olmayan adamlar bəzən "xalq diplomatiyası" adı altında çıxış edərək ermənilərlə əlaqə saxlamaq istəyirlər. Bunun üçün birinci növbədə adamın legitimliyi olmalı, xalqdan mandat almalıdır. Heç bir səlahiyyəti olmayanlar isə xalq adından danışa bilməz. Bu məsələdə vətəndaş mövqeyindən çıxış etmək lazımdır. Düşmən torpaqlarımızı işğal etdiyi bir vaxtda hansı "xalq diplomatiyası" ndan söhbət gedə bilər? Müharibə tamamlanmayana qədər hər hansı bir formada əməkdaşlıq, danışıq, diplomatiya, əlaqədən söhbət getməməlidir. Azərbaycan üçün ədalətli status-kvo həllini taparsa, ölkəmizin əraziləri işğaldan azad edilərsə, bundan sonra qonşu ölkələrlə münasibətlər saxlanıldığı kimi, Ermənistanla da münasibət saxlanılmasına baxmaq olar. "Xalq diplomatiyası" fonunda düşmən tərəf ölkəmizin məğlubiyyətlə razılaşdığımızın fərqində ola bilər. Onlar belə qənaətə gələr ki, Azərbaycan tərəfi işğala məruz qalmasına baxmayaraq, əlaqə saxlayırsa, deməli, hazırki status-kvonu yenə də saxlamağa dəyər. Yəni, qarşı tərəfin torpaqlarımızı tərk etməməsi üçün bu hal onlara bir impuls verər. Bu da pis haldır. İkinci tərəfdən, ölkəmiz daxilində insanlar mövcud vəziyyətdə aparılan bu danışıqlar fonunda baş verənləri faciə kimi qiymətləndirməz. Bu da çox təhlükəli məsələdir. Həm də dünya düşünər ki, mövcud vəziyyəti davamlı etmək, status-kvonu həmişəlik etmək üçün "xalq diplomatiyası"nın yeri var və onu genişləndirmək lazımdır. Amma ərazilərimiz işğaldan azad olunmayınca, əlaqə saxlamayacağımız barədə ortaya sərt mövqe qoymaqla həm beynəlxalq ictimaiyyətə və düşmən tərəfə ölkəmizin iradəsinin nə qədər güclü olduğunu göstərər, həm də daxildə vətəndaşlarımız başa düşər ki, indiki halda ancaq və ancaq müharibə əhval-ruhiyyəsi hakim olmalıdır".


Rüfət NADİROĞLU
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed