Şrift:
Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 elementi açıqlayıb
08.05.2014 [11:30] - Gündəm, Siyasət
Ceyms Uorlik: “Bu elementlər ABŞ-ın Minsk Qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 6 elementi açıqlayıb. news.am” saytının verdiyi məlumata görə, C. Uorlik Vaşinqtondakı Karnegi Fondunda (Carnegie Endowment for International Peace) çıxışında bildirib ki, bu elementlər həmsədr dövlətlərin prezidentləri Obama, Sarkozi və Medvedevin 2009-cu ildə Akvil və 2010-cu ildə Muskokada qəbul etdikləri birgə bəyanatlarda əksini tapıb.

C. Uorlik qeyd edib ki, həmin elementlər ABŞ-ın Minsk Qrupu çərçivəsində yeritdiyi siyasətin əsasını təşkil edir:

1. Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər razılaşmalıdır ki, yekun statusun müəyyənləşdirilməsi gələcəkdə qarşılıqlı razılaşdırılmış və hüquqi qüvvəyə malik olacaq, öz iradəsini ifadə etmə əsasında həyata keçiriləcək. Aralıq variantlar müvəqqəti olacaq.

2. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Bakı tərəfindən nəzarət olunmayan ərazisinin aralıq statusu müəyyən olunmalı və həmin ərazinin təhlükəsizliyi və özünüidarəsi təmin edilməlidir.

3. Dağlıq Qarabağ ətrafında ələ keçirilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmətin olmadığı bir şəraitdə problemin həlli mümkün deyil və Azərbaycanın həmin ərazilər üzərində suverenliyi bərpa olunmalıdır.

4. Ermənistanı Dağlıq Qarabağla əlaqələndirəcək dəhlizin olması vacibdir. Bu dəhliz təhlükəsiz gediş-gəliş üçün lazımi genişliyə malik olmalıdır, lakin bütün Laçın rayonunu əhatə edə bilməz.

5. Uzunmüddətli həll çərçivəsində qaçqın və məcburi köçkünlərin öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququ tanınmalıdır.

6. Sülhməramlı əməliyyatı özündə ehtiva edəcək beynəlxalq təhlükəsizlik təminatları vacibdir. Bütün tərəflərin etimad etdiyi və yaxşı hazırlanmış sülhməramlı əməliyyat olmadan sülhün təmin olunmasına dair nümunə yoxdur.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed