Şrift:
Nazirlik rəsmisi: Bəzi qrup əlillər üçün ildə bir dəfə komissiyadan keçmək şərti ləğv oluna bilər
08.05.2014 [11:39] - Sosial
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəssisə və idarələrdə əlillər üçün nəzərdə tutulan iş yerlərinin istifadə edilməməsi hallarına qarşı ciddi addımlar atmağı planlaşdırır.

Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənov məlumat verib.

Onun sözlərinə görə, əlillərin sosial şəraitinin yaxşılaşdırılması üçün nazirlik bir sıra çatışmazlıqları aradan qaldırmağa çalışır: "Təkliflərimizi hazırlayıb, Nazirlər Kabinetinə göndərmişik. Məsələn, bir çox təşkilat və idarələrdə əlillər üçün kvotalar var. O vəzifələrdə əlillər işləməlidir. Amma bu şəraiti yaratmırlar. Buna görə qaydalar sərtləşdiriləcək. Əlillərin hüquqlarının müdafiəsi “Məşğulluq haqqında qanun”la məhdudlaşmır. Bu məsələ 1992-ci ildə qəbul olan qanunla tənzimlənir. Bütün müəssisələr bu qanuna əməl etməlidir. Əməl etməyənlərin isə cərimələnməsinin, cəzalandırılmasının tərəfdarıyıq".

Azərbaycanda əhalinin 5.6 faizinin, yəni, 560 minə yaxın şəxsin əlil olduğunu bildirən şöbə müdiri onlara verilən müavinətlərin az olmasına da münasibət bildirib: "Bu fikri qəbul edirəm, bəziləri üçün bu məbləğ doğrudan da azdır. Gələcəkdə bu işə də baxılacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi ilə müavinətlərin artırılmasında maraqlıdır. Bu gün qarşımızda duran əsas məsələ məhz müavinətlərin artırılmasıdır".

Vüqar Həsənovun sözlərinə görə, əlilliyin müəyyən olunması qaydalarına da dəyişikliklər ediləcək: "Əlilliyin müəyyən olunması Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən olunur. Artıq bu sahədə dəyişikliklər olacaq. Təkliflərimizi irəli sürmüşük. Cənab nazir də dəfələrlə deyib ki, ciddi dəyişikliyə ehtiyac var. Bu dəyişiklik ola bilər ki, hamıya şamil edilməsin. Amma bir qrup əlil üçün ildə bir dəfə komissiyadan keçmək şərti ləğv edilə bilər".

"Azərbaycanda bir zamanlar mövcud olmuş əlillər üçün xüsusi ixtisaslaşmış müəssislər yenidən bərpa oluna bilərmi?" sualını qonaq belə cavablandırıb: "Əslində xüsusi ixtisaslaşmış müəssislərdə əlillərin işləməsi təcrübəsi sovetlər birliyinə xas xüsusiyyət deyil, bu bir dünya təcrübəsidir. Bu yaxınlarda Fransada səfərdə olanda belə bir müəssisəyə baş çəkdik. Çox maraqlı idi onların iş yerləri... Düzdür, Azərbaycanda bəzi ekspertlər bunu əlillərin cəmiyyətdən diskriminasiyası kimi dəyərləndirirlər, əlillərin cəmiyyətdən təcrid olunması kimi qəbul edilər. Amma əslində bu, doğru yanaşma deyil. Belə müəssisələrin olması onlar üçün iş yeri, məşğuliyyət və qazanc deməkdir. Lakin biz digər bir üsulu seçirik. Düşünürük ki, bütün müəssisələrdə əlillər üçün müəyyən sayda iş yerlərinin olması daha məqsədə uyğundur".

Azərbaycana daha keyfiyyətli əlil arabalarının gətiriləcəyini də deyən nazirlik rəsmisi bildirib ki, bu istiqamətdə konkret işlərə başlanılıb. Bu yaxınlarda ölkəyə daha yeni və keyfiyyətli əlil arabalarının ölkəyə gətirilməsi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed