Şrift:
Bu gün Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi başlayır
14.05.2014 [11:04] - Gündəm, Siyasət
Bu gün, 14 may 2014-cü il tarixdə Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ilin yanvarında üzv qəbul olunduqdan bəri tarixində ilk dəfədir ki, təşkilatın əsas qurumu olan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayır.

APA-nın Avropa müxbirinin verdiyi məlumata görə, Azərbaycanın AŞNK-də sədirliyi qurumun bu ilin mayın 6-da Avstriyanın paytaxtı Vyanada keçirilmiş AŞ-na üzv ölkələrinin xarici işlər nazirlərinin 124-cü toplantısında Avstriyadan Azərbaycana təhvil verilib. Azərbaycan bu qurumda 6 ay müddətində bu ilin noyabr ayının 15-nə dək sədirlik edəcək. Azərbaycan tərəfi artıq sədrlik dövründəki əsas prioritetlərini, Bakıda və Strasburqda keçiriləcək rəsmi və mədəni tədbirlər proqramını açıqlayıb.

Dünən axşam isə Azərbaycanın AŞNK-nə sədrliyinə başlaması münasibəti ilə Strasburqda şəhər meriyasının qarşısında Azərbaycanın dövlət bayrağı ucaldılıb və altı ay ərzində Avropa bayrağı ilə yanaşı Strasburqun mərkəzindəki Broqli meydanında 1949-cu ildə AŞNK-nin ilk toplantısı keçirilmiş şəhər meriyası binasının qarşısında dalğalanacaq. Mərasimdə Azərbaycandan öncə AŞNK-nə sədrlik etmiş Avstriya dövlətinin bayrağı aşağı endirilib və daha sonra Azərbaycanın üçrəngli bayrağı ucaldılıb. Mərasim zamanı Strasburq musiqi məktəbinin şagirdləri Avstriya və Azərbaycanın dövlət himnlərini, eləcə də Avropanın himnini ifa ediblər. Avropa Şurası Baş katibinin müavini, xanım Qabriella Battaini-Draqoni, Strasburq merinin müavini Jan-Jak Qsel, Avstriyanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Rudolf Lennkh tədbirdə çıxış edərək, Azərbaycana bu mühüm və tarixi sədrliyi dövründə uğurlar arzulayıblar. Jan-Jak Qsel öz çıxışında Azərbaycanın ilk dəfə Nazirlər Komitəsində sədrliyə başladığını qeyd edərək, iki gün öncə Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfər etməsini önə çəkdi və bu səfərin Fransayla Azərbaycan arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bildirib. Xanım Qabriella Battaini-Draqoni isə çıxışında Azərbaycanın korrupsiya ilə mübarizə sahəsində fəallıq göstərəcəyinə və eləcə də Avropa Şurası ilə əməkdaşlığın əsas tərkibb hissəsi olan qonşuluq, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişaf etdirəcəyinə əmin olduğunu söyləyib. Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəsi, səfir Emin Eyyubov isə öz növbəsində Azərbaycanın boynuna düşən bu şərəfli və məhsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcəyini bildirərək, Avropa Şurasının üç əsas təməli olan demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərinə güclü dəstək verəcəyinə və Avropa məkanında demokratiya, təhlükəsizlik və sabitliyin qorunması sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin qarşılaşdığı problemlərlə ciddi şəkildə məşqul olacağını bildirib.

Mərasimdə Avropa Şurasının yüksək vəzifəli şəxsləri və üzv ölkələrin daimi nümayəndələri, şəhər meriyasının təmsilçiləri, Strasburqda fəaliyyət göstərən diplomatik korpusların nümayəndə və səfirləri, eləcə də Strasburqda təhsil alan və çalışan azərbaycan icmasının nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Bu xəbər oxucular tərəfindən 769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed