13.12.2011 [08:59] - Mədəniyyət
Onun bədənindəki Nəsiminin ruhu idi!
Şairəm, bəslədiyim sidqü səfa,
Çırpnıb izlədiyim nuru dəha.
Şerü ilhamımı dinlər mələkut,
Ruhi-məcruhumu izlər cəbərut.
Mən fəqət hüsni-Xuda şairiyəm!
Yerə enməm də səma şairiyəm!
Başına gələnləri yazdı, yoxsa yazdıqlarımı başına gəldi? Məncə hər ikisi. Çünki o, Hüseyn Cavid idi! İndi və öz zamanında demək olar ki, heç kimə lazım olmayan, sağ ikən öldürülən, ölü ikən bütün sağlardan daha diri olan Cavid! Əfəndilər əfəndisi, Allah Rəsulu son Peyğəmbərin gizli aşiqi, Cavid əfəndi!
Salın, qəribçiliyə salın mənim sözlərimi... Çünki, haqlısınız. Cavidlərə rəhm elədinizmi ki, mənim kimi miskinlərə yazığınız gəlsin?! Gülün, əylənin, sevinin,.. Çünki, cavidlər yoxdur indi. Sizin və sizin kimilər üçün heç vaxt olmayıb. Öz zamanında da yox idi. Əgər olsaydı, imtina etdiyi sovetlərin müqabilində, Demokratik Resbuklikadan gələn “himn yaz” təklifinə “mən sifarişlə şeir yazmıram” cavabını verməzdi. Niyə? Çünki, o, böyük mənada zamansız şair idi. Hərdən reankarnasiyona inanıb, az qalıram deyəm, onun bədənindəki Nəsiminin ruhu idi! Üsyankar, Ənəlhəqq şairi babası kimi o da la məkan idi. La məkan Allaha deyərlər! Bunu da bilirəm. Ancaq mən ürfan ərbabıyam, mollaya müftə aşla siğə halal olduğu kimi, mənə də “Ənəlhəqq” demək mübahdır.
Axı o, İstanbuldan niyə gəldi? Daha doğrusu niyə döndü o gözəlim dünya gəlininin qucağından? Özündən soruşmaq istəyirəm. Tapa bilmirəm, ona görə də onu sevən beş-üç nəfərdən soruşuram: hə, niyə döndü İstanbuldan böyük Cavid? Maqadana sürgün edilmək üçünmü? Ailəsini küçələrdə, yeganə oğlunu vərəm çöplərinin əsarətində buraxmaq üçünmü? Yoxsa, üstündən bu qədər zaman keçməsinə baxmayaraq, meyxana məkanlarına və evləndirmə bürolarına çevrilmiş telekanalların rişxənd obyektinə çevrilmək üçünmü? Niyə gəldi? Bosforun gözlərimin yaşından daha da duru olan sularından qopub, qan və neft iyi verən masson dənizinə qovuşmaq üçünmü? Yox, bu sualların cavabı yoxdur. Ritorika ilə məşğulam vəssəlam.
Yuxarıda dedim Cavid zamansız şair idi. İndi bəlli olur ki, bu sözün iki başı vardır. Birincisi Nəsimi kimi zamansız, ikincisi isə zamanında doğulmayan şair. İnsan kimi doğulub dünyaya gəlməsi Allahın işidir. Ona da qarışacaq deyiləm hər halda... Ancaq şair olmaq, özü də bu cür şair olmaq onun öz əlindəydi axı... Məddah ola bilərdi, saray şairi ola bilərdi. Canım, lap elə mübariz şair olaydı Əhməd Cavad kimi, fəqət bir zümrənin şairi olaydı. İndi ən azından azadlıqsevərlər oxuyardı onu. Ancaq o, kimsənin şairi olmadı. Özünün də yuxarıda gətirdiyim mənzum sitatda dediyi kimi,
“Mən fəqət hüsni-Xuda şairiyəm,
Yerə enməm də səma şairiyəm!”
Al sənə, tənhalıq, al sənə görünməzlik.
Allah şairi olarsan, Allah kimi də görünməz olarsan! Partiyamıza bir şeir yazaydın, indi aktuallığını itirsə də adına və böyük bəstəkarın silinməz musiqisi xatirinə sözlərini bir az dəyişib təkrar Dövlət xor və orkestrlərində ifa edəydilər. Amma yox, o, sözün həqiqi və böyük mənasında Cavid oldu! Yəni əbədi oldu. Dərgahının şairi olduğu Allah kimi əzəli və əbədi!
Behəmdullah, derim Allah, alıb əqlimi fikrullah,
Dilimdə zatın əsması, mənə üns oldu zikrullah.
Könül aynasını sufi, edər isən əgər safi,
Açılar sana bir qapı, əyan olar cəmalullah.
Bu tovhiddən murad olan kəmali-zatə erməkdir,
Görünən kəndi zatındır, deyildir sanma qeyrullah.
Şəms Təbriz bunu bilir, əhəd qalmaz fəna bulur,
Bu aləm külli məhv olur, həmən baqi qalır Allah.
Mövlana Cəlaləddin Rumi
Allah, kuluna; "Ey kulum!" diye buyuruyor; "Dön, yine kapımıza gel, kulağından gaflet pamuğunu çıkar da göklerden gelen; 'Haydi, artık orada durmayın gelin.' sesini duy!"
Ey zavallı, ne zamana kadar, dünya dikenliğinde yalınayak koşup duracaksın? Biz, öteki alemde, gül bahçelerinin kapılarını senin için açtık.
Canı ben yarattım ama, ona bir de dert verdim. Derdini veren, elbette onun dermanını da verir.
Sana kapılarını açtığım gül bahçesi, öyle bir bahçedir ki, oradaki ağaçların dalları da, yaprakları da canlıdır. Birbirleri ile konuşur dururlar. Şunu iyi bil ki, her şey canlıdır. Canı olmayan bahçe, insanın hoşuna gitmez, insanın canına can katmaz.
"Yunus Emre hazretlerinin meşhur ilahisi hatıra geliyor:
"Şol cennetin ırmakları
Akar Allah, deyü deyu,
Çıkmış İslam bülbülleri,
Öter Allah, deyü deyü."
Ey ölüler arasında yaşayan diri oğlu diri! Ölülerin kokusu ile nasılsın? Ne haldesin? Şu yaşayan ölüler, şu pis kokular, senin içini sıkmıyor mu? Seni iğrendirmiyor mu?
Bu sətirlər də Mövlanadandır. Çünki, mətləbimizə birbaşa dəxli var, əlaqəsi var. mövzumuz ürfandır, Haqq eşqidir, həqiqət bəhsidir. Elə bu misraların özü də vaxtsız deyilənlərdən biridir. Ariflər inciməsin deyəndə özüm də yaralanıram vaxtsız və yersiz! Niyə? Böyük Mövlananın misralarına bu nə qiymətdir veririk?
Məsələ burasındadır ki, belə şeylər insani nəfsin eşiyində qalan nəsnələrdir. Qeyri-fəlsəfi dildə izah etsək, insani nəfsin bulunduğu yerlərdə və vücudlarda bu cür anlayışlara yer yoxdur. Nəfsin isə, bulunmadığı yer yoxdur. Məntiqi nəticə belə olmalıdır ki, bizim sevdiklərimiz və ən azından yamsıladıqlarımız mətləblər hər zaman və hər yerdə vaxtsız deyilmişdir.
Elə bu yazı da vaxtsızdır və çoxlarına görə yersizdir. Lakin, biz öz vaxtımızı oturub gözləsək, o vaxt çətin gələ,..
Yadımdadır, uşaq vaxtı kənddə, yay gələn kimi oba deyilən yurd yerlərinə köçərdik. Əmim çoban idi. Tez-tez deyərdi: “A bala, yerimi salın yatım. Sabah vaxtlı qalxacam”. Bu “vaxtlı” kəlməsi elə o vaxtdan məni yaman düşündürürdü. Soruşmağa da utanırdım; görəsən “vaxtlı” nə deməkdir? Sonralar anladım ki, sabahin erkəninə, gün çıxana bir az qalmışa “vaxtlı” deyərdilər. Yəni, ondan öncə də qalxsan, gün çıxandan sonra da qalxsan, vaxtsız olacaqsan. Bu, təxminən, İslamdakı sübh namazının vaxtıdır. Hətta, məşhur bir hədis də var ki, həmin 15-20 dəqiqəlik sübh vaxtından eyni zamanda cənnətdə də mövcuddur (yəni, cənnətin zamanları Yer kürəsinin zamanları kimi səhər, günorta, axşam olaraq deyil, daha fərqlidir. Yeganə ortaq vaxt anlayışı həmin bu sübh çağıdır).
Bunlardan gəlmək istədiyim nəticə budur ki, həqiqətin zamanı, vaxtı bir az müşküldür.
Bizim dediklərimiz, yazdıqlarımız, təbliğ etdiklərimiz elə nöqtədən, elə mənbədən qaynaqlanır ki, hər an dəyişilən, altı üstünə gələn insan həvəsi, insan nəfsi o şeyləri özündən geridə görür, tarix zənn edir. Məsələn, “Allah var” deyir (hələ üstəlik yanına bir “əstəğfirullah” da qoşur), ancaq o Allahı öz həyatında görmür, öz ruhunda hiss etmir. Beləcə, yalançı olur, riyakar olur, qəlbində, ruhunda, ağlında müqəddəslikdən başqa hər şey hökm sürür.
Bizim mədəniyyətimiz dinsiz, dinimiz də mədəniyyətsizdir. Bax elə bu cümlənin özü də vaxtsız deyilənlərdəndir.
Cavid əfəndi də vaxtsız, zamansız şair idi. Hərdən düşünürəm ki, o, ya Nəsiminin zamanında ya da bu günkü tarixdən hesablasaq, təxminən 2080-ci illərdə dünyaya və Azərbaycana gəlməli idi. Yenə deyirəm, Allahın təqdirinə qarışmıram, mən şairdən şeirdən bəhs edirəm. O şeir ki;
Sizi ey qovmi-nəsəra və yəhud,
Əski dinlər edəməz heç məsud.
Çünki xudkam idi Musayi-bənam,
Məryəməin oğlu da çox digərkam.
Biri əzməkdə bulur zövqü səfa,
Digər əzilməkdə bulur şövqü şəfa.
Məncə əzmək də əzilmək də xəta,
Haqqı sev, haqsızı dəf et, zira,
Yakışır haqq məhəbbət, ülfət,
Kinli cəllada ədavət, nifrət.
Bu qılınıc, bir də bu mənalı kitab,
İştə kafi sizə, yox başqa xitab.
Açar ancaq bu kitab el gözünü,
Siləcəkdir bu qılınıc zülm izini.
Kəsbi-ürfan için erkək və qadın,
Çalışın, qəbrə qədər həp çalışın.
Kişi ürfan işığından parlar,
Şübhəsiz, bilgidə Allah gücü var.
Əvət, arif düşünür, Haqqı bulur,
Aqibət, kəndisi bir Tanrı olur!
Bilirsiniz, bu misralar hardandır? “Peyğəmbər” mənzum dramından! Tarixdə hər hansı və özəlliklə də İslam Peyğəmbərini, bütün zamanların gəlmiş-keçmiş ən böyük insanıını teatr səhnəsinə, dramaturgiyaya gətirmək də Cavid əfəndinin hünəri idi! Çünki o, böyük idi! Sözün gerçək mənasında böyük! Heyf, bizim şairimiz olmadı böyük Hüseyn Cavid... Ona nə var e... Oturub indi bərzəx aləmində, axirəti və cənnəti-məvanı gözləyir. Biz yazıqları qoydu getdi bu vəfasız və Yusif Səmədoğlu demişkən, başıbəlalı dünyanın əlində. Qalmışıq çırpına-çırpına ki, yaşayaq necə yaşayaq? Ölək necə ölək ki, həm əlimizdə deyil, həm də ölümdən sonrakı qəbrin ilk gecəsindən tutmuş bütün test imtahanlarına hazırıq, yoxsa yox?! Cavidə və cavidlərə nə var ki,..
Beş gün ömrün neçə əfsanəsi var,
Eşqi var, badəsi, peymanəsi var.
Sonu həsrətlə bitərkən əfsus,
Yenə dünya dolu pərvanəsi var.
Bu nəfis misralar xəyyamsayağı bir rübaidir və elə onun çox sevdiyim “Xəyyam” dramındandır. O “Xəyyam” ki, ustadın öz sağlığında Dövlət mükafatı aldı, özü Maqadana qarlı Vətən dəyişikliyinə (çünki, məhkəmə sənədlərində elə belə də yazılır. Həbs yox, sürgün yox, sadəcə Vətən dəyişikliyi!!!.) gedəndən sonra isə, ailəsinin burnundan gətirildi.
“Mən sizi əfv etdim. Hətta məhəbbətinizi qazanmaq istərəm. Əcəba buna şair nə deyir?
“Məhəbbət, əvət bütün dünyanı xilas edəcək yalnız məhəbbətdir. Məhəbbətlə çırpınan bir çoban qəlbi kin və ədavət püskürən bir sultan kafasından daha iyidir. Əgər dünyanın şanlı vuruşmaları, qanlı çarpşmaları nəticədə bir məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa, bütün həyata, bütün kainata nifrətlər olsun!
“Əcəba məğrur Yıldırım nə düşünür?
“Düşünəcək bir şey yox. Əvət, sən qalibsən. Fəqət bu qələbə Türk əqvamını deyil, fürsət bəkləyən qonşu hökumətləri məmnun etdi. Ah, daha doğrusu, İslam aləmini başsız qoydu”
“Heç maraq etmə xaqanım. Sən kor bir abdal, mənsə dəli bir topal. əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə, sənin kimi bir kor mənim kimi bir topal müsəllət olmazdı”.
Təsəvvür edirsiniz, bunlar mənim uşaqlığımda əzbərlədiyim sətirlərdir. İndi yazını qələmə alarkən xatırladım. Özü də lap uşaq ikən, təxminən 2-ci sinifə gedərkən. Azərbaycanda mənim bildiyim iki nəfər vardı ki, Hüseyn Cavidin mənzum və mənsur bütün dram əsərlərini, o cümlədən “Bahar şəbnəmləri”ni əzbərdən bilir. Biri, rəhmətlik varisi Turan Cavid idi. İkincisi isə, əffinizə sığınaraq, bəndeyi-həqirdir... Sevirəm Cavid əfəndini. Atamdan, anamdan çox sevirəm onu. Elə lap uşaqlığımdan bəri onu evdəkilərdən çox istəmişəm. Onun adını daşıyan 5 saylı orta məktəbdə oxumuşam, evimiz onun evi ilə 100 metr məsafədə olub. Cavidlə böyümüşəm, Cavidlə yaşayıram, qismət olsa elə Cavidlə də öləcəyəm. Onun kimi ölmək istəməzdim, ancaq onun kimi yaşamaq istərdim! Özü demişkən:
Ölüm var ki, həyat qədər dəyərli,
Həyat var ki, ölümdən də zəhərli!
Əsir AZAD
Bu xəbər oxucular tərəfindən 1520 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |