Şrift:
Ustad aşıq Cahangirin Təbriz haqında və bir neçə şeiri..
16.05.2014 [11:49] - Mədəniyyət, Güney Azərbaycan-Təbriz
Ustad aşıq Cahangir dövrümüzün sazlı-sözlü və özünün ədəb-ərkanı ilə seçilən, el içində hörmətlə, ehtiramla qarşılanan şəxsiyyətdir. Onun folklorumuzun dastan janrında olan əksər ağız ədəbiyyatını yaddaşında yerləşdirmiş və el arasında məclislərdə dövran açıb söyləməklə yanaşı özünün də həyata bədii münasibəti vardır. Ustad aşığın haqqında geniş söhbət açıb layiqli sözlər demək imkanları çox böyükdür, lakin onun şeirlərindən bir neçəsini saytda vermək daha münasibdir. Odur ki, ustad aşığın bir neçə şeirlərini oxuculara təqdim edirik. Xatırladaq ki, hörmətli ustad aşığın şeirlərindən və səfərlərindən ibarət kitab hal-hazırda çapa hazırlanır.

TƏBRİZİ GƏZƏRKƏN

Təbriz, səni nağıl kimi söyləyən
Nənələri, Babaları itirdim.
Elə söylədilər “Abbas- Gülgəz”i,
Bu gün özüm Tufarqana yetirdim.

Biləndə itirib qardaş qardaşın,
Nənəmin dizinə axardı yaşım.
Vurğunu olduğum bu Tikmədaşın
Xəstə Qasım məktəbini bitirdim.

Qaradağ, Qarabağ-taleyim eyni,
Bu tale korşaldır zehini, beyni.
Bir həsrət aşığı Cavan Hüseyni
Ütü kəntdə göz önünə gətirdim.

Ustad Şəhriyarım, gəldim, gec oldu,
Sağlığında görəmmədim, vec oldu...
Ağlamaqdan gözlərimə güc oldu,
Həsrət deyib ancaq köksüm ötürdüm.

Vətən Cahangirə hər şeydən öndü,
Vətənsiz çoxunun çırağı söndü...
Həsrət oda döndü, alova döndü,
Axır kipriyimlə odlar götürdüm.


FAXRALINI GƏZƏRKƏN

Ilahi sur verdi, ziyarət etdim
Faxralı tək ağır eli, ay lələ.
Hər birinin ətəyində namaz qıl,
Tanımırlar fitnə-feli, ay lələ.

Müqəddəs torpaqdı, müqəddəs yerdi,
İnan ki, qardaşım, ocaqdı, pirdi.
Şair Nəbi sözü hələ də sirdi,
Ustadıdı Cənab Əli, ay lələ.

Gözəldi bu elin aranı, dağı,
Gözəldağ dayanıb gözəl sayağı,
Səngərin qoynunda İlqar bulağı
Xatırladır coşqun seli, ay lələ.


Şeşəpapaq nəsli günəşi, mahı,
Çoban Yasın uca dağlar səyyahı,
Səxavət tanıyır, bir də Allahı,
Xudam verib açıq əli, ay lələ.

Yüz dəfə gəlsən də bu elə azı,
Söhbəddin müəllim qarşılar sazı.
Vaqif tək oğuldan Allah da razı,
Kəlməsidir ancaq “bəli!”, ay lələ

Aşıq Cahangir də unutmaz sizi,
Qüləmin daşında var ayaq izi.
Gördüm Paliddını, gördüm Təbrizi,
Deməzlər bükülüb beli, ay lələ!..

DAĞLAR SƏNİ

Ömrüm boyu unutmaram,
Dağlar səni,dağlar səni.
Kor olaydım, görməyəydim,
Ağlar səni, ağlar səni!

Dərdi məni üzən dağlar,
Al-yaşıl gey, bəzən, dağlar.
Sinəm üstə gəzən dağlar
Dağlar səni, dağlar səni!

Oxunanda “Dağlar” sözü
Cahangirin dolur gözü,
Zaman gələr dağlar özü
Ağlar səni, ağlar səni!

BƏNÖVŞƏ

Qəribsəmə,qərib bizik,
Yurd daşısan, ay bənövşə,
Kim deyir ki,dərd çəkməyə
Sən naşısan,ay bənövşə.

Boynun bükük, qəlbin üzük,
Sən gündəyik, sanma düzük.
Bütün güllər olsa üzük,
Sən qaşısan, ay bənövşə
Həsrət kəsib aramızı,
Bulan yoxdu çaramızı,
Göz-göz olan yaraməzı
Az qaşısan, ay bənövşə.

Şahidisən olanların,
Cahangir tək solanların,
Yurd-yuvasız solanların
Göz yaşısan, ay bənöşə!

USTAD KAMANDARA

Gəl, dağlar ağlayır, laylasız qaldıq,
Dərsini alanı əlif-beyinən.
“Qaytarma” üstündə köklənir sazlar,
Məndə hal qalmayıb, bir ağız deynən.

Bülbülü mat qoyan xoş avazınan
Gəzərdi qoynunda qışı, yazının,
Dediyi laylanı telli sazınan
Demək olmaz nə kamannan, nə neynən.

Tanıdı dünyanı fanı Kamandar
Aşıq sənətinin xanı Kamandar.
Cahangir, axtarma hanı Kamandar?
Yaşat sənətini, rəhmət deynən.


GƏDƏBƏYİM

Sən ümidim, sən dayağım,
Ey gərəyim Gədəbəyim.
Gülən üzüm, görən gözüm,
Ey ürəyim Gədəbəyim.

Sənsən mənim dünya varım,
Həm əhdimsən, həm ilqarım.
Çiçək açan arzularım.
Ey diləyim Gədəbəyim.

Gəlsin görsün Şirvan, Şəki,
Çox gözəlsən gözəl təki.
Gözəllərin özün təki,
Ey mələyim Gədəbəyim.

Sən sabahım, sən danımsan,
Sən canımsan, sən qanımsan.
“Dədə Qorqud” dastanımsan,
Ey Beyrəyim Gədəbəyim.

Sazlı-sözlü bir diyarsan,
Əbədisən, daim varsan
Cahangirsiz intizarsan,
Ey köyrəyim Gədəbəyin.

OĞLUMA NƏSİHƏT

Sazdan ayrı düşsən, oğul,
Həyat üzə çətin gülər.
Yaddaşlardan, tarixlərdən
Silinərsən, kim nə bilər.

Sazdı Türkün canı-qanı,
Abbas Tufarqanlı hanı...
Sözü yaşadır İmanı,
Qurbani, Qasım pirdilər.

Yadda saxla Cahangiri,
Ozanları bil and yeri.
Hikmət gəlir ordan bəri,
Öyrənir, bilir nəsillər.

BORÇALI

Bizəmi yazılıb elə ayrılıq,
Gör başımız nələr çəkir, Borçalı.
Təbriz, Göyçə, Dərbənd, sən də ki, bir dərd,
Bu dərd daşları da dələr, Borçalı!

İstəmirəm parça-paralı gəzim,
Bir canam mən, necə aralı gəzim!
Nə vaxtacan qəmli, yaralı gəzim,
Bir ahu tək belə mələr, Borçalı.

Cahangir, xoş olur Vətən qoxusu,
Ay Şınıxlı, onu bilmir çoxusu.
Bilməm niyə uzun çəkdi yuxusu,
İnşallah, şah babam gələr, Borçalı.

NOVRUZ BAYRAMI

Yurduma xoş gəlib, yaz gətiribdi,
Bayramlar bayramı Novruz bayramı.
Sevən könüllərə saz gətiribdi.
Bayramlar bayramı Novruz bayramı.

Odlu nəfəsindən boran, qar qaçır,
Təbiət canlanır, gül-çiçək açır.
Günəşli ölkəmə nur-şəfəq saçır,
Bayramlar bayramı Novruz bayramı.

Ay Cahangir, dindir sədəfli sazı,
Fərəhlə qarşıla bu gələn yazı.
Xalqımın sevinci, arzu-murazı-
Bayramlar bayramı Novruz bayramı


AY MƏRDİMƏZAR
(təcnis)

Arsizlar baş alıb gedir həyatda,
Arsıza da versən, ey Mərdim azar.
Farsı bir alxış var, qoy deyim, Allah
Nə ahı verməsin, nə mərdimə zar.

Gözəllikdə təkdi bizim Sərəncam,
Gözəlliyə Xudam verib sərəncam.
Gözəllik xətadı, qılsın sər əncam,
Gözəl qucsa, qucmaz heç mərdi, məzar.

Cahangir, gözəlin yeri başdadı,
Ağlı topuqda yox, ağlı başdadı.
Hayıf vüsal ötdü, həsrət başdadı,
Kor olsun gözlərin, ay mərdiməzar.


BİR İLANDI
(təcnis)

Birlikdə and içdik eşqin adına,
Yar pozdu, çəkmədi heç bir il andı.
Vəfasızsan dedim, dilim od oldu,
Aldı məni, dedim bəs, bir ilandı.

Sürünmə yollarda, ər tək keç, ərsən,
Sürünsən yollarda ələ keçərsən...
Zənan günah etsə, sən də keç, ər, sən,
Rast gəlməz isə bəlkə, bir il andı.

Çox axtarma, düşməz belə dinc ələ,
Ələyirsən, fələk məni dinc ələ.
Cahangir cananla bir il dincələ,
Onda deyər bir il il yox, bir il andı.

YOLA GETMİR

Ey ariflər, bilməm niyə
Dünya mənnən yola getmir.
Indi keçimmi gileyə.
Dünya mənnən yola getmir.

Qardaş, vallah alışıram,
Hər nə deyir barışıram.
Ha yalvarıb-yapışıram,
Dünya mənnən yola getmir.

Əkdiyim bol, biçdiyim yox.
Dərd əlindən dincliyim yox,
Gicdiyim yox, bicdiyim yox,
Dünya mənnən yola getmir.

Pis fikirlə yatmamışam,
Höyüş odun satmamışam,
Toyuğuna daş atmamışam,
Dünya mənnən yola getmir.

Hal soruşur gündə biri,
Nə ölüyəm, nə də diri,
Qınamayın Cahangiri,
Dünya mənnən yola getmir.




Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed