Şrift:
“Azərbaycanlıların İngiltərə cəmiyyətinə inteqrasiyası zəifdir"
13.12.2011 [09:44] - Güney Azərbaycan-Təbriz
Müsahibimiz Böyük Britaniyada fəaliyyət göstərən Azər Türk Assosiasiyası Yorkşirinin (ATAY) üzvü Babək Bəxtavərdir


Bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında diaspor qurumlarının üzərinə böyük məsuliyyət düşür. Əksəriyyəti bu işdə fəallıq göstərsə də, etiraf etmək lazımdır ki, bir çoxlarının fəaliyyəti nəzərə çarpmır. Elə Böyük Britaniyada fəaliyyət göstərən Azər Türk Assosiasiyası Yorkşirinin (ATAY) üzvü Babək Bəxtavər də belə qurumlardan gileylidir:

- Öncə özünüz barədə oxucularımıza məlumat verməyinizi istərdik...
- Mən Təbrizdə doğulmuşam, 31 yaşım var. Güney Azərbaycan milli hərəkatında ailəliklə aktiv olmuşuq. İranda 2002-ci ildə Kimya-Neft mühəndisliyini bitirmişəm, 2004-cü ildən 2005-ci ilə qədər Petrofilm eksperti olaraq özəl şirkətdə çalışmışam. Daha sonra təhsilimi davam etdirmək üçün Bakıya getsəm də, müxtəlif səbəblərdən bunu başa çatdıra bilməmişəm. 22 may 2006-cı ildə Güney Azərbaycanda baş verən milli qiyamda bir çox soydaşlarımızla birgə, ailəmdən atam Çingiz Bəxtavər daxil olmaqla 4 üzvü həbs olundu. Bu hadisələri dünya mediasına çıxarmaq üçün başqa fəallarla geniş səylər göstərdim. Güneylə əlaqə quraraq, VOA, ANS, Azərbaycan mediası və başqa medialara bu haqda bilgilər verməyim və öncədən Güneydəki fəaliyyətlərim səbəbindən Təbrizə qaytımaq mümkün olmadı. Bunlara atamın zindandan BMT-yə yazdığı yazılarda da toxunulub. Mənim fəaliyyətlərim atamın siyasi fəaliyyətini də çətinləşdirdi. O zatən çox ciddi və tanınmış milli fəal idi və dəfələrlə İran ETTELAAT-ı tərəfindən ölümlə hədələndi və 2010-cu ilin dekabrında şübhəli şəkildə iş yerində dünyasını dəyişdi. 2008-ci ildə təhsilimi davam etdirmək üçün İngiltərəyə getdim. 1 il təhsildən sonra 2009-cu ildə İngiltərədə müvəqqəti yaşayış icazəsi aldım və indi də Vestminster Kingsway Kollecində politologiya üzrə master oxumağa hazırlaşıram.

- İngiltərədə nə qədər azərbaycanlının yaşadığı barədə məlumatınız varmı? Onların təxminən nə qədəri güneyli, nə qədəri quzeylidir?

- Təəssüf ki, azərbaycanlıların sayıyla bağlı statistik məlumatlar yoxdur. Ən azından mən bilmirəm. Xüsusilə güneylilərin sayına gəlincə, bu daha çətin və qarışıq olur. Qeyri-rəsmi məlumatlara görə, İngiltərədə təxminən 100-120 min güneyli yaşayır və təbii ki, bunların hamısı özünü Azərbaycan türkü olaraq tanımır. Amma Güney azərbaycanlıların sayının quzeylilərdən qat-qat çox olması faktdır. Bu, tədbirlərdə, aksiyalarda və s. hadisələrdə özünü açıqca göstərir.

- Soydaşlarımızın İngiltərə cəmiyyətinə inteqrasiyası necə gedir?
- Ümumi olaraq inteqrasiya zəifdir. Yəni, bir kiçik kəsimi çıxmaq şərtilə əksəriyyəti onillərlə burada yaşadığına baxmayaraq, ingilis dilini tam mənimsəyə bilməyib. Belə olan halda, hansı inteqrasiyadan danışmaq olar?

- İngiltərədə soydaşlarımızın təşkilatlanması hansı səviyyədədir, neçə diaspor cəmiyyətimiz var?

- Bu məsələ həqiqətən böyük bir problemə çevrilib. Hazırda İngiltərədə yalnız bir səviyyəli və güclü ictimai təşkilatdan söz etmək olar ki, o da TEAS-dır (The European Azerbaijan Society - Avropa Azərbaycan Cəmiyyəti). Amma bu təşkilat Güneylə maraqlanmır. İkinci qurum "Azərbaycan Evi"dir ki, bu qurumu əsli Türkiyədən olan iğdırlı azərbaycanlı Doktor Əli Təkin yaradıb və Azərbaycan səfirliyi az-çox onlarla maraqlanır. Güney təşkilatlarına gəlincə, öncədən Londonda neçə təşkilatlar yaranıb və dağılıb. Sonuncu Güney Azərbaycan Assosiasiyası olub. Bir ildir ki, onların da fəaliyyətləri yoxdur. Təzəlikcə "London Azərbaycan" adlı təşkilat yaranıb və əsasən ictimai-fəaliyyətlər, uşaqlara ana dili, musiqi və xüsusən mədəni tədbirləri keçirməyi planlaşdırır.
Hazırda Lidsdə əsasən Güney azərbaycanlılar, türkiyəlilər və bir neçə ingiltərəlinin işbirliyi ilə 3 il öncə yaranmış ATAY - Azər Türk Assosiasiyası Yorkşiri daha güclü fəaliyyət göstərir. Bunlardan başqa, güneyli siyasi təşkilatlar da var, amma onlar İran səfirliyi, BBC önündə aksiyalar keçirmək və bu kimi fəaliyyətlərlə məşğuldurlar.

- Siz fəaliyyətdə olan hansısa qurumda təmsil olunursunuzmu?
- Mən hazırda ATAY-da sadə üzvəm. Amma demək olar bütün təşkilatlarla mümkün qədər əməkdaşlıq edirəm.

- Əməkdaşlıq etdiyiniz təşkilatlar Azərbaycan üçün hansı işləri görürlər?
- Quzey Azərbaycandan olan təşkilatlar əsasən Quzey Azərbaycan problemlərini açıqlamağa çalışırlar. Örnək olaraq TEAS Xocalı soyqırımını, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranan problemləri İngiltərə rəsmilərinə çatdırmaqda çox aktivdir. Burda güneylilər və Güney Azərbaycan məsələsi unudulmuş kimidir. Amma önəmli olan odur ki, "Azərbaycan Evi" bir kəsim azərbaycanlını bir araya gətirə bilib və Türkiyə türkləri də ora gəlirlər. Xüsusilə Quzey azərbaycanlı tələbələr ora ocaq kimi baxırlar.
Güney Azərbaycan haqda keçmişdə Güney Azərbaycan Assosiasiyası ilə çoxlu siyasi və mədəni fəaliyyətlərimiz olub. 21 Azər, Babəkin doğum günü, bayram şənlikləri kimi proqramlar keçirilib. Bununla yanaşı 2 il ərzində ardıcıl olaraq Azərbaycan türkcəsi dərsləri keçirilib. Güney Azərbaycanda İran rejimi tərəfindən sistematik repressiya və ayrı-seçkilik siyasətinə etiraz olaraq aksiyalar keçirilib.
ATAY da eyni işləri görür, həmçinin Dünya Ana Dili gününü qeyd edirlər, bəzən insan haqları kampaniyaları keçirirlər. Ara-sıra müstəqil fəallar olaraq "Amnesty İnternational" və Güney Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsi ilə işbirliyi quraraq, İrana etiraz olaraq bir neçə aclıq aksiyası və dustaqlara dəstək kampaniyası keçirilib.

- Ümumiyyətlə, Azərbaycan diaspor təşklilatlarının işini qənaətbəxş saymaq olarmı?

- Açıq danışsaq, sözün əsl mənasında diaspor yoxdur ki, biz deyək fəaliyyətləri necədir. Diaspor əsasən müstəqil azərbaycanlılardan, iş və elm adamlarından təşkil olunmalı və dövlətdən bacardıqca asılı olmamalıdır, müstəqil fəaliyyət göstərməlidir.
TEAS kimi təşkilatlar əslində dövlətin bir parçası sayılır. Onların xaricdə Azərbaycan kütləsinə marağı yox dərəcədədir. Zatən o bölümü heç görmürlər. Türkiyə diasporuna, yaxud fars, kürd və erməni diasporuna baxdıqda, onda diasporun nə olduğu anlaşılır.
Kürd, erməni, fars təşkilatları öz millətlərinə sahib çıxırlar. Hər yerdə əlləri var. Buna görə də kürd və ya erməni dilləri bütün sığınacaqla bağlı olan qurumlarda eşidilir. Bunlar bəlkə adi görünə bilər, amma bir millətin başqa toplumda buraxdığı təsirin bir göstəricisidir. Əgər burda təsirimiz yoxsa, o ölkənin siyasətində necə təsirimiz ola bilər ki?!

- Avropanın bəzi ölkələrində quzeylilərlə güneylilərin diaspor təşklilatları arasında soyuqluq barədə məlumatlar nə dərəcədə doğrudur?
- Təəssüflə deyim ki, azərbaycanlılar dağınıqdırlar, quzeylilərın sayı azdır, güneylilər isə çox olmalarına baxmayaraq, maddi və mənəvi dəstək olmayınca formalaşma bilmirlər. Güneylilərin ictimai-siyasi maraqları Quzey diaspor təşkilatları tərəfindən əhəmiyyət verilməyincə soyuqluq yaranır. İndi bizim vəziyyətə baxın; üzdə Dünya Azərbaycanlıları Konqresi adlı bur qurum var. Amma hanı bunun fəalliyyəti? 2-3 yerə bölünüb. Burada dövlətin təsirindən vaz keçə bilmərik. Dövlət diasporaya nəzarət etmək istəyir. Bəzən Quzey azərbaycanlı müxalifətin toplanmasından, bəzən İranla Güney məsələsi üzrə problemlərin yaranmasından ehtiyat edir. Bütün bunlar diasporun müstəqil fəaliyyətinə əngəl törədir. Azərbaycan dövləti Güney Azərbaycanla bağlı strateji siyasət müəyyən etməyib. Bu gün 50 milyon azərbaycanlıdan danışılır, amma bu azərbaycanlıların Quzey Azərbaycanda yaşamağa haqqı olmur və yaxud başqa gün Azərbaycan mediası Güneydə baş verən olayları boykot edir. Diasporda Güneylə bağlı proqramlar nədir? Bu diaspor Quzey Azərbaycana təhsil almağa gələn güneyli tələbələr üçün Quzeyə sığınan siyasi fəallara nə edib? Amma Güney Azərbaycan milli hərəkatı İran daxili hər zaman Quzeyin dəstəyi və arxası olub. Əslində İranla Azərbaycanın münasibətlərində tarazlıq yaradan və İranın Azərbaycana qarşı hücum siyasətinə qarşı önləyici rol oynayıb. Belə bir durumda dövlətin birbaşa olmasa da, dolayı yollarla Güneyi dəstəkləməsı lazımdır. İran var gücü ilə radikal islamçıları dəstəkləyir, Azərbaycanı gücsüz etməyə çalışır, bu durumda ən uyğun siyasət Azərbaycan tərəfindən İrana qarşı güneylilərin formalaşmasına yardım etmək ola bilər. Amma bu siyasət hələ ki, görünmür. Bu da soyuqluğa səbəb olur. Təbii ki, Güney milli fəalları inanclarına dayanaraq hər zaman Quzeyi dəstəkləyirlər, amma sıradan bir güneyli üzülür və soyuqluq yaranır.

- Diaspor təşkilatlarının vahid bir qurumda birləşməsi yönündə cəhdlər olubmu? Bu yöndə hansı problemlər var?
- Bu yöndə addımlar atılsa da nəticəsi olmayıb. Əslində addım atılarkən vəziyyət daha da ağırlaşıb. 2008-ci ildə ikiyə parçalanmış DAK və DDAK birləşməsi ortaya qoyuldu, amma nəticədə daha ağır vəziyyətə və yeni parçalanmalara səbəb oldu. Yeganə uğurlu olan bir addım 12 dekabr 2010-cu ildə Amsterdam şəhərində Güney Azərbaycanda 21 Azər Milli Hökumətin qurulmasının 61-ci ildönümü ilə bağlı dialoq konfransın keçirilməsi oldu. Bu konfransda 300-ə yaxın Güney azərbaycanlı bir araya gələrək 12 maddədən ibarət əməkdaşlıq mexanizmləri yaratmaq üçün bəyanat qəbul etdilər. 50 siyasi fəaldan ibarət Koordinasiya Şurası seçildi və mən də ordaydım. Təəssüf ki, sonrakı hadisələr və ixtilaflar bunun da uğursuz olmasına səbəb oldu.
Əsas problemlər insanlarımz və təşkilatlarımızda yaşanan totalitarizm düşüncəsindən, eqoizm və gizli despotizmdən irəli gəlir. Hər kəs birliyin onun ətrafında yaranmasını, şəxs və ya qrup olaraq hegemonluğunun təmin edilməsini istəyir. Müxalif düşüncə və fikir şantaj və ya təxribat olur və bu da ağır mənəvi və siyasi itkilərə gətirib çıxarır.

- İngiltərədəki Azərbaycan səfirliyi diasporumuza diqqət göstərirmi?
- Səfirlik bəzi məsələlərdə aktivdir. Amma bu aktivlik yetərli deyil. Diaspor olaraq sadəcə Quzeylə bağlı olan çox məhdud və bəlli hadisələrə maraq göstərir. Güneylilərlə maraqlanma çox azdır və demək olar siyasətlərində əsas yer almır.

- Sizcə, İngiltərədə Azərbaycanı necə tanıyırlar?
- Bir çox insan zəngin neft yataqlarına görə tanıyır. Qarabağ və erməni problemini tanımaları başqa səbəbdir. Ümumi olaraq ingiltərəlilər Azərbaycanı yavaş-yavaş tanımağa başlayırlar. Azərbaycanın qədim tarixi keçmişi olsa belə, rəsmi olaraq yalnız 20 ildir BMT-də bayrağı dalğalanır və bu illərdə məncə, özünü yaxşı tanıdıb. Keçən il Azərbaycanın "Eurovision" yarışmasında 1-ci yer alması tanıtım baxımından çox önəmli rol oynadı. Mədəni baxımdan hələ özümüzü tanıtmaq məcburiyyətindəyik. Mən neçə universitet tədbirində, xüsusilə Kembric Universitetində iştirak etdim, orada farslar bizə aid olan milli və mədəni zənginlikləri öz adlarına yazırdılar. Bu olduqca acınacaqlı hadisədir, amma diasporun vəzifəsi bunların qarşısını almaq və universitetlərdə elm adamlarının üzərində işləməklə Azərbaycan toplumunu doğru-düzgün tanıtmaq olmalıdır.

- İngiltərədə Azərbaycan diasporuna məxsus media varmı?
- Yoxdur. Əvvəllər yalnız BBC-nin Azərbaycan xidməti vardı, o da bağlanıb.
Aqil ASLAN
Bu xəbər oxucular tərəfindən 1531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed