Şrift:
Moskvada Rusiya və Türkiyənin xarici işlər nazirləri arasında görüş keçirilib
27.05.2014 [13:31] - Gündəm, Siyasət
Moskvada Rusiyanın və Türkiyənin xarici işlər naziri Sergey Lavrov və Əhməd Davudoğlu arasında görüş keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, əvvəlcə nazirlərin təkbətək, daha sonra isə nümayəndə heyətləri ilə birgə görüşü keçirilib.

S. Lavrov nümayəndə heyətləri ilə birlikdə keçirilən görüşdə Suriya, Orta Şərq, Şimali Afrika, Cənubi Qafqaz, Orta Asiya və Qara dəniz hövzəsində Türkiyə ilə işbirliyi məsələlərini müzakirə edəcəklərini bildirib. Rusiyalı nazir iki ölkə arasında Ukrayna ilə bağlı dialoqun davam etdiriləcəyini də söyləyib.

Ə. Davudoğlu isə çıxışında Rusiya-Türkiyə münasibətlərinin son vaxtlar gücləndiyini deyib: "İki ölkə arasında siyasi, mədəniyyət, iqtisadi və humanitar sahələrdə münasibətlər yüksək sürətlə inkişaf edir. Beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir. Orta Şərq, Qafqaz və Qara dəniz hövzəsində yaşanan hadisələri müzakirə edəcəyik".

Ə. Davudoğlu Ukraynanın Rusiya ilə Türkiyənin ortaq qonşusu olduğunu və bu ölkədə baş verənləri də müzakirə edəcəklərini qeyd edib.

Qeyd edək ki, Ə. Davudoğlu Rusiya-Türkiyə Ortaq Strateji Planlaşdırma Qrupunun toplantısında iştirak etmək üçün Moskvaya səfər edib.
Bu xəbər oxucular tərəfindən 764 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed