Şrift:
Azərbaycan prezidenti dini fəaliyyətlə bağlı qanunları təsdiqləyib
13.12.2011 [13:03] - Mədəniyyət
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2011-ci il 15 noyabr tarixli 238-IVQD saylı qanununun tətbiqi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanununun tətbiq edilməsi barədə” Azərbaycan prezidentinin 2000-ci il 29 avqust tarixli 389 saylı fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etsin, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat versin.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununun tətbiqi barədə isə sərəncam imzalayıb.

Qeyd edək ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsinə dəyişiklər edilməsi haqqında qanun layihələrini bu il noyabrın 15-də qəbul edib. Dəyişikliklər dini fəaliyyətlə bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyə zidd hesab olunan fəaliyyətlər müəyyənləşdirilib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması sayılacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olacaq.
Bu xəbər oxucular tərəfindən 1120 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed