Şrift:
Fərəc Quliyev: “Regionda təhlükəsizliyin təmin olunması hətta Krımdan da qat-qat vacib bir məsələdir” -ŞƏRH
30.05.2014 [12:52] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Qafqaz tənliyinin həllində Azərbaycan, Qarabağ elementi kənara qoyula bilməz”


Son vaxtlar dünyanın aparıcı dövlətləri və təşkilatlarının rəhbərlərinin Cənubi Qafqaz regionuna səfərlərinin artması, paralel olaraq ATƏT-in Minsk Qrupunun bir qədər fəal görünməsi Krım hadisələrindən sonra Qərbdə, Avropada Cənubi Qafqaza marağın artdığı görüntüsü yaradır. Ancaq məsələ ondadır ki, hələ də müəyyən xarici dairələr ikili standartlar yanaşmasından tam qurtula bilmir, region dövlətlərinə münasibətdə tərəf tuturlar. Bəs görəsən belə bir vəziyyətdə, hələ də ikili standartların davam etdiyi bir situasiyada Cənubi Qafqaz regionunda mövcud olan problemləri, xüsusilə Dağlıq Qarabağ problemini həll etmək mümkündürmü? Yaxud Qərb regionda sülh və sabitliyin bərqərar olmasında nə dərəcədə maraqlıdır?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyir ki, artıq beynəlxalq təşkilatlar, böyük dövlətlər, xüsusilə Qərb Qarabağ məsələsinin təkcə Azərbaycanın problemi olmadığını anlayır. Millət vəkilinin sözlərinə görə, Qarabağ kartı ilə bölgədə yeni dünya düzəninin üstün vəziyyətə gətirilməsinin qarşısı alınır: “Həmçinin bütün dünya təhdid olunur. Krım hadisəsindən sonra bu bir daha ortaya çıxdı”. Millət vəkili onu da bildirib ki, Cənubi Qafqaz regionu hər zaman maraq dairəsində olub və Qafqaz tənliyinin həllində Azərbaycan, Qarabağ elementi kənara qoyula bilməz: “Burada həmin elementin xüsusiyyətləri nəzərə alınmadan, problem həll olunmadan Cənubi Qafqazda təhlükəsizlik sisteminin qurulması, bölgədə sülhün bərpa olunması mümkün deyil”. Fərəc Quliyev hesab edir ki, ATƏT-in Minsk Qrupunun tərkibində də dəyişiklik edilməlidir: “Milli Məclisdə çıxışlarım zamanı bildirmişəm ki, ATƏT-in Minsk Qrupunda Fransa və Rusiya başqa dövlətlərlə əvəz edilməlidir. Çünki həmin dövlətlər açıq şəkildə tərəf tuturlar. Fransa və Rusiya nəinki bitərəf mövqedən çıxış edir, əksinə tərəf tuturlar. Rusiya Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatında konkret olaraq Ermənistanın tərəfini saxlayır və bildirir ki, Qarabağ məsələsi müharibə yolu ilə həll olunarsa bu ölkə Ermənistanın yanında olacaq. Eyni zamanda Fransa qondarma erməni “soyqırımı”nı tanımaq barədə ortaya açıq-aşkar mövqe qoyur. Yəni sözügedən iki ölkə Azərbaycan və Ermənistan arasında nəinki bərabərlik işarəsi qoyur, hətta tərəf tuturlar. Təəssüfedici məqam ondan ibarətdir ki, hər iki dövlət haqsız olan tərəfin mövqeyindən çıxış edir, onun müdafiəsinə qalxır”. Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunda Rusiya Federasiyası və Fransanın yerinə Türkiyə Cümhuriyyəti və Gürcüstanı əlavə etmək lazımdır. Fərəc Quliyev deyir ki, belə bir addım atmaq üçün kifayət qədər əsas var. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının iki il əvvəl qəbul etdiyi qərar da bunun üçün zərurət yaratmış olur: “BMT-nin iki il əvvəl belə bir qərarı oldu ki, bölgələrdə hər hansı bir münaqişə olanda həmin bölgədə bu münaqişədən zərər çəkən ən yaxın dövlətlər sülh prosesinin yaradılması prosesində iştirakçı olmalıdırlar. Mən də bu prizmadan çıxış edərək təklif etmişdim ki, ATƏT-in Minsk Qrupunda Rusiya və Fransanın yerinə Türkiyə və Gürcüstanı əlavə edək. Çünki hər iki ölkə bu bölgəyə bağlıdır. Eyni zamanda həm Türkiyə, həm də Gürcüstan bu münaqişədən zərər çəkir. Digər tərəfdən hər iki dövlətin məsələnin həllində iştirak etmək imkanları var”. Fərəc Quliyevin qənaətincə, ATƏT-in Minsk Qrupu formatının dəyişdirilməsinə ciddi şəkildə ehtiyac var: Əgər bu baş verməyəcəksə bölgədə sabitlik, sülh əldə olunmayacaq: “Qeyd etdiyim kimi bu təkcə Azərbaycanın məsələsi deyil. Artlq bölgədə eneji təchizatları, şirin su hövzələri ilə bağlı dava gedir. Hesab edirəm ki, bura çox qəliz bir bölgədir. Ona görə də düşünürəm ki, bu bölgədə Cənubi Qafqazın təhlükəsizliyin təmin olunması hətta Krımdan da qat-qat vacib bir məsələdir və bu məsələni həll etməyin vaxtıdır”. Fərəc Quliyev onu da qeyd edib ki, Qərb, Avropa, problemin həlli missiyasını üzərinə götürən dövlətlər və təşkilatlar məsələnin həllinə nail olmasa Azərbaycan müharibə yolu ilə işğal altında olan ərazilərini azad edəcək. Çünki Azərbaycanın buna həm haqqı, həm də gücü çatır.

Süleyman İsmayılbəyl OLAYLAR informasiy agentliyi
Bu xəbər oxucular tərəfindən 1254 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed