Şrift:
HAZIRKİ OLAYLAR YALNIZ İNDİ VƏ TƏKCƏ UKRAYNADA BAŞLANMAYIB
03.06.2014 [10:21] - Gündəm, Diaspor
Mahir HƏMZƏYEV (Vilnüs)

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri,
1990-1992-ci illərdə Litva Sayudis hərəkatı Seyminin üzvü,
2009-2012-ci illərdə Litva Milli İcmalar Şurasının sədri


Rusiya tərəfindən əvvəlcə Ukraynanın bir hissəsinin – Krım yarımadasının anneksiya olunması və sonra isə bu ölkənin cənubi-şərqindəki regionu bütünlüklə qopardıb zorla Rusiyaya birləşdirmək üçün indiyədək aramsız olaraq davam edən cəhdlər, yaradılmış böhran vəziyyəti və faciəli olaylar göstərir ki, Kreml özünün imperialist niyyətlərini reallaşdırmaq naminə xalqlar arasında milli zəmində açıq-açığına ədavət salmaqdan və qatı şovinizm əhval-ruhiyyəsini qızışdıraraq qanlı qarşıdurma yaratmaqdan çəkinmir. Rusiya başçıları artıq çoxdan yaxşı başa düşüblər ki, əsasən onların təhriki ilə yaradılan və böyük fərasətlə idarə edilən etnik münaqişələr bir bəhanə olaraq qonşu dövlətlərin daxili işlərinə müdaxilə etmək üçün çox gözəl səbəb və vasitədir. Indiyədək bu cür bəhanələrə əsaslanıb dəfələrlə həyata keçirilmiş müdaxilələr həmin dövlətlərin ərazilərinin „qayçılanmasına“ gətirib çıxarmışdır.

Bu nöqteyi-nəzərdən belə bir ehtimal irəli sürməyə əsas vardır ki, Rusiya digər qonşu dövlətlərin torpaqlarını da, o cümlədən Azərbaycan və Litva ərazilərini də eyni məqsədlə hədəfə ala bilər. Nəinki ala bilər, hətta deyərdik ki, hal-hazırda belə bir təhlükəli addımın atılması həm nəzəri, həm də əməli cəhətdən tam real şəkildə mümkündür. Çünki, bu cür addımlar „ipə-sapa yatmayan“ qonşulardan Kremlin „qisas almaq“ strategiyasının səciyyəvi və kinli əlamətlərindən biridir. Belə ki, biz İmperiyanın qıraqlarında yaşayan xalqların hələ 1988-ci ildə müstəqilliyə qovuşmaq cəhdləri göstərdikləri zaman bunun şahidi olmuşuq. Odur ki, hazırki qanlı olaylar yalnız indi və təkcə Ukraynada başlanmayıbdır.

İndiki olayların məzmun və istiqamətini qabaqlar SSRİ-nin bəzi respublikalarının sovet imperiyası məngənəsindən azadlığa qurtulmaq istədiyi zaman rəsmi Moskvanın ayrı-ayrı xalqları qəsdən bir-birilə toqquşdurub gərginlik yaratmaq siyasəti, həmin respublikalarda guya „daxili səbəblərdən törəmiş“ və „təbii şəkildə əmələ gəlib üzə çıxmış“ separatçılığa mərkəzdən dəstək verib şövqləndirmək hərəkətləri çox gözəl izah edir. Buna aid misallar kifayət qədərdir: Qarabağ, Dnestryanı bölgə, Abxaziya və Cənubi Osetiya (Acarıstan və Qaqauziyada da vaxtında belə təşəbbüslər edilibdir), indi isə Krım və Ukraynanın cənubi-şərq bölgəsi.

Analoji model o vaxtlar Litvada da sınaqdan keçirildi. Xatırlatmaq istərdik ki, 1988-1991-ci illərdə Litvanın cənubi-şərq ərazilərində baş qaldırmış polyak „muxtariyyatçıları“ bəzilərinin düşündükləri kimi Varşavadan yox, məhz hər yolla Moskvadan qızışdırılırdılar. Amma, o vaxtlar „separatçıların“ fəaliyyət göstərdiyi ərazilər indi Ukraynanın Krım yarımadası ilə baş vermiş halda olduğu kimi açıq-açığına ilhaq olunmurdu. Belə ki, „müstəqil əyalətlər“ onda ya birbaşa Rusiyanın protektoratı altına düşürdü, ya da qondarma Dağlıq Qarabağ respublikasının „müstəqilliyi“ ilə bağlı halda olduğu kimi, guya heç kəsdən asılı olmadan öz təşəbbüsü ilə hərəkət edən, əslində isə öz sahibi Rusiyaya vəfalı köpək kimi sadiq olmaq qarşılığında qonşu dövlətin əlinə keçirdi. Hazırda isə açıq-açığına birbaşa anneksiya etmək addımları atılır. Bu, o deməkdir ki, təcavüskar siyasətin icrası daha da tezləşdirilibdir.

Buna görə də İmperiya tərkibindən qurtulmaq istəyən ölkələrə qarşı onları İmperiyada saxlamaq məqsədi ilə Mərkəz tərəfindən tətbiq edilən mexanizmi bütün təfərrüatı ilə başa düşmək indi də çox vacib əhəmiyyət kəsb edir. SSRİ-dən ayrılmaq istəyən İttifaq respublikaları (Mərkəzin işlətdiyi terminlə desək, „separatçı“ respublikalar) və eləcə də muxtar respublikalar (məsələn, Tatarıstan və yaxud Çeçenistan) belə niyyətlərinə görə dərhal cavab zərbəsinə məruz qalırdılar. Bu zaman həmin ölkələrdə yaşayan milli azlıqlardan ibarət „mikroseparatçılar“ təşkilatlanırdılar. Daha dəqiq desək, bu təşkilatlanma „yuxarıların“ göstərişi və dəstəyi ilə həyata keçirilirdi. „Mikroseparatçı“ dəstələrin özəyi isə əsasən Sov. İKP aktivindən və DTK-nın inanılmış şəxslərindən yaradılırdı.

Hansı İttifaq respublikaların tərkibində milli-ərazi və yaxud etnik-ərazi prinsipləri əsasında yaradılmış muxtar əyalətlər vardısa, Moskva həmin muxtar qurumların „xidmətlərindən“ böyük fərasətlə istifadə edirdi. Mənim etnik vətənim Azərbaycanda „bu vəzifəni“ cırtdan inzibati qurum – 1923-cü ildə Mərkəzin təşəbbüsü ilə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yerinə yetirdi. Belə ki, DQMV 1988-ci ilin fevral ayında Azərbaycandan ayrılması barədə bəyanat verdi (əslində Dağlıq Qarabağda erməni separatizmi 1988-ci ilin fevralında yerli qanunverici orqanın “müstəqillik” barədə qərarı ilə yox, daha əvvəl başlamışdı. Bu separatizmi Moskvada yüksək partiya və hökumət vəzifələrində işləyən ermənilər də qızışdırırdılar).

Qonşu Gürcüstanda isə bu rolu başqa cırtdan qurum – 1922-ci ildə burada qurulmuş Cənubi Osetiya Muxtar Vilayəti icra etdi; bu vilayət 1989-cu ilin noyabr ayında Gürcüstandan ayrılması barədə qərar qəbul etdi. Ancaq, bununla burada işlər bitmədi. Gürcüstanın tərkibində 1921-ci ildə təşkil olunmuş daha iki muxtar respublika – Abxaziya Muxtar Respublikası (1989-cu ilin mart ayında „müstəqillik“ barədə bəyanat qəbul etdi) və Acarıstan Muxtar Respublikası (1991-ci ildə burada hakimiyyət başına Aslan Abaşidze klanı gəldikdən sonra bu muxtar respublika da tədricən Gürcüstandan uzaqlaşmağa başladı. Lakin, bu separatist sürüşmənin qarşısı 2004-cü ildə Gürcüstan prezidenti Mixail Saakaşvilinin qətiyyətli hərəkətləri sayəsində alındı) rəsmi Moskvanın onlara burada ayırdığı rolların icraçısı oldular.

Hərgah, müstəqilliyə qovuşmaq istəyən ittifaq respublikaların tərkibində muxtar qurumlar yox idisə, onda Mərkəz bu cür inzibati vahidləri burada təcili surətdə yaradırdı və demək olar ki, dərhal da onları həmin ittifaq respublikasının tabeliyindən çıxardırdı. O vaxtlar bu məqsədlə yaradılmış iki yeni „Sovet Sosialist Respublikası“nı misal göstərmək olar: 1990-cı ilin avqust ayında Moldova ərazisində Qaqauziya SSR və həmin ilin sentyabrın 2-də isə Dnestryanı Moldova SSR yaradıldı.

1990-cı ildə Moldovada yeni „suveren sovet respublikalarının“ qurulmasından cəmi dörd gün sonra Litvada da bunlara bənzər inzibati vahid – Vilnüs əyaləti polyaklarının milli muxtariyyat ərazisi yaradıldı. Lakin, polyakların muxtar ərazi qurumu 11 mart 1990-cı ildə öz dövlət müstəqilliyini bərpa etmiş Litva Respublikasının tərkibində yox, - artıq o zaman mövcud olmayan Litva SSR-nin çərçivəsində təşkil edildi.

Daha sonra – 1991-ci ilin yanvar ayında Ukraynanın Krım əyalətində Krım MSSR-nin yaradılması barədə qərar qəbul edildi. Lakin, bu „respublika“ etnik maraqların təmsil olunması baxımından 1921 – 1946-cı illərdə burada mövcud olmuş Krım tatarları muxtar qurumunun (Krım tatarcası: Qrım Muhtar Sotsialist Şuralar Cumhuriyyeti) bərpa edilməsi şəklində yox, məhz bu yarımadada yaşayan ruslar üçün nəzərdə tutulub təsis edildi.

Bununla yanaşı, göstərilən misallar o demək deyildir ki, DTK təxribatçıları tərkibində muxtar ərazi vahidləri yaradılmamış ittifaq respublikalarında xalqlar arasında milli zəmində ədavət salıb münaqişəni alovlandırmırdılar. Bu fikri əsaslandırmaq üçün, XX əsrin 80-ci illərinin sonunda Baltikyanı ölkələrin müstəqilliyi uğrunda mübarizəyə qalxmış Estoniya, Litva və Latviya milli-azadlıq hərəkatlarına (xalq cəbhələrinə) qarşı əks fəaliyyət göstərmək üçün Kremlin göstərişi ilə 1988-ci ildə Tallində, Riqada və Vilnüsdə yerli şovinist rusların və ruspərəst qüvvələrin iştirakı ilə yaradılmış „interfrontları“ – mürtəce rus təşkilatlarını, 1989-cu ilin iyun ayında Özbəkistanın Fərqanə vadisində DTK-nın əli ilə özbəklər tərəfindən ahısqa (məhsəti) türklərinə qarşı həyata keçirilmiş talan və qırğınları, 1992-ci ilin oktyabr-noyabr aylarında osetinlərlə inquşlar arasında etnosiyasi təməldə üz vermiş silahlı qarşıdurmanı, 13-16 iyun 2010-cu ildə Qırğızıstanın Cəlalabad və Oş vilayətlərində qırğızlarla özbəklər arasında etnik zəmində baş vermiş toqquşmaları, Qazaxıstanın şimal əyalətlərində və o cümlədən Janaozen şəhərində 2011-ci ilin dekabrında vaqe olmuş kütləvi iğtişaşları, Estoniyda və Latviyada rus əhalisinin və eləcə də rusdilli qeyri-eston və qeyri-latış xalqlarının əksəriyyət təşkil etdikləri şərq rayonlarında etnik qarşıdurmalar və daxili çaxnaşmalar yaratmaq üçün rəsmi Moskvanın son illər ərzində apardığı ciddi əlləşmələri xatırlatmaq olardı.

Burada həmçinin Estoniya ilə bağlı daha bir faktı qeyd etmək yerinə düşərdi ki, hələ 1991-ci ilin iyul ayında Kremlin təhriki ilə Estoniyanın rusdilli Narva, Kohtla-Yarve və Sillamye şəhərlərinin icra hakimiyyəti strukturları tərəfindən ölkənin Fin körfəzi və Rusiya ilə həmsərhəd olan şimal-şərq bölgəsində (əsasən İda-Virumaa vilayəti əsasında) Narvayanı SSR-nin yaradılması təklifi irəli sürülmüşdü (təbii ki, sonradan bu “suveren respublikanın” RSFSR-in tərkibinə qatılması nəzərdə tutulmuşdu). Lakin, o zaman rəsmi Tallin bu cür “təşəbbüsə” olduqca sərt münasibət bildirdi və operativ hərəkət edərək bir sıra siyasi və təşkilati əks tədbirlər həyata keçirdi. Bununla yanaşı, 18 avqust 1991-ci ildə SSRİ-də Dövlət Fövqəladə Vəziyyəti Komitəsinin (rusca: QKÇP) yaradılması və bir neçə gündən sonra bunun dövlət çevrilişi kimi dəyərləndirilməsi ilə bağlı olaylar da qondarma Narvayanı SSR-nin təsis edilməsi planını o zaman tamamilə pozdu.

Təəssüflər olsun ki, burada göstərilən həqiqi hadisələr yalnız ötmüş tarixə aid olan faktlar olaraq qalmır. Belə ki, Beynəlxalq Kollektiv Təhlükəsizlik Sistemini həyasızcasına dağıdan təcavüzkar dövlətin irticaçı qüvvələri və onun yerli lakeyləri hələ ki, Azərbaycanın Qarabağ bölgəsindən, Gürcüstanın Suxumi və Sxinvali əyalətlərindən, həmçinin Moldovanın Dnestryanı ərazilərindən çıxıb rədd olmayıblar. Nəinki rədd olmayıblar, bunun əvəzinə Rusiya yaxın zamanlarda təcavüzü daha da genişləndirərək Dnestryanı „respublika“nı da özünün ikibaşlı qartalının (bəli, belə bir qəribə yırtıcı quş cinsi mövcuddur) qanadları altına almaq əzmindədir. Hələ bunlar az imiş kimi, yuxarıda göstərilən acınacaqlı olayların siyahısına iki ay bundan öncə Ukraynanın Krım əyalətinin ilhaq edilməsi faktı da əlavə olundu. Bununla bərabər, hazırda Ukraynanın cənubi-şərq ərazilərinin üstünü də ciddi təhlükə almışdır, burada günahsız insan qanlarının tökülməsinə baxmayaraq nə Rusiya hakimiyyəti, nə də onun bura göndərdiyi diversantlar və yerli irticaçı nökərlər heç cür sakitləşmək istəmirlər.

Bu yerdə yalnız baş vermiş məlum faktlar barədə yox, həm də Kreml „strateqlərinin“ kabinetlərində düşünülüb ortaya qoyulan mürtəce ideyalar və bu ideyaların həyata keçirilməsi ilə bağlı gələcəkdə baş verə biləcək real təhlükələr haqqında da danışmaq lazım gəlir. Çünki, qorxulu infeksiya kimi yayılmaqda olan o ideya və niyyətlərə qarşı adekvat siyasi və iqtisadi tədbirlər görülməzsə, onda demək olar ki, bir çox dünya ölkələrinin və ilk növbədə Rusiya ilə qonşu dövlətlərin başının üstünü ağır fəlakətlər ala bilər. Və bu baxımdan ilk öncə Vladimir Putin rejiminin „Avrasiya İttifaqı“ doktrinasını nəzərdən keçirmək yerinə düşərdi.

Bu doktrinanın gerçəkləşdirilməsinin siyasi-təşkilati istiqamətlərindən biri bundan ibarətdir ki, qurulması yaxın gələcəkdə nəzərdə tutulmuş Avrasiya İttifaqına (bu qurumun embrionu hazırki Gömrük İttifaqıdır) Avropa və Asiya qitələrindən mümkün qədər çoxlu sayda dövlətlər sürünüb salınsın. Lakin, birinci növbədə o dövlətlər ki, əvvəllər nə vaxtsa ya Rusiya İmperiyasına, ya da SSRİ-yə mənsub olublar. Əgər, belə namizəd dövlət artıq kifayət qədər „domestifikasiya“ olunubsa və bir o qədər də müqavimət göstərmirsə, onda həmin dövlət gələcək Avrasiya İttifaqına lazımi normaya çatdırılmış şəkildə, - necə deyərlər, tamamilə „komplektləşdirilmiş“ formada daxil olur. Məsələn, Ermənistan, Qazaxıstan və yaxud Belarus respublikaları kimi. Yox, əgər belə deyildirsə, onda „inadcıl“ dövlətlərin tərkibindəki hansısa muxtar qurum və yaxud hər hansı bir milli azlığın, ya da etnolinqvistik qrupun yığcam yaşadığı region gələcək „Soyuza“ girmək barədə dərhal qərar qəbul edir. Şübhəsiz ki, həmin muxtar əyalət və yaxud etnolinqvistik region əvvəlcə müstəqillik barədə bəyannamə qəbul edir, sonra isə gələcək Avrasiya İttifaqına (bu İttifaqın SSRİ-nin bərpa olunaraq zahirən az-maz yeniləşdirilmiş analoqu olmasını başa düşmək çətin deyildir) və yaxud Rusiya Federasiyasının tərkibinə qəbul olunması barədə „böyük ruh yüksəkliyi ilə“ müraciət ünvanlayır. „Dağlıq Qarabağ respublikası“ adlanan qondarma qurumunsa Avrasiya İttifaqı tələsinə düşməsindən əvvəl, onun bu yolda aralıq dayanacağı olaraq Rusiyanın özünə yox, Kremlin vassalı olan Ermənistana aid edilməsi ehtimalı vardır.

Məhz belə bir model lap yaxınlarda Krımda tətbiq edildi. Maraqlıdır ki, Avropada kommunist sisteminin çökməsindən sonra yalnız üç Avropa dövləti – Rusiya, Ermənistan və Serbiya özlərinin ərazi xəritələrini qonşularının hesabına „genişləndirmək“ fikrinə düşüblər. Serbiya onun üçün təyin olunmuş „şok terapiyası“ seansını keçirdikdən sonra, göründüyü kimi, hazırda tamamilə sağalmağa doğru gedir. Rusiya və Ermənistanı isə bunu hələ gələcəkdə gözləyir.

Yuxarıda çəkdiyimiz misallar heç də göstərilən dövlətlərdə məskunlaşmış milli azlıqların zənn edilən qeyri-loyallığını qeyd etmək üçün nəzərdə tutulmayıbdır. Biz sadəcə olaraq demək istəyirik ki, milli hisslər tez duyğulanan və tez sınan hisslərdir. Və olduqca neqativ hal ondan ibarətdir ki, bəzən bu hisslərlə oynamaq istəyən daxili və xarici qüvvələr meydana gəlir. Indiyədək biz etnik münasibətlər zəminində yalnız xaricdən yaradılan təhlükələr barədə, - ilk növbədə Rusiya tərəfindən törədilən təhlükələr haqqında danışdıq. Lakin, belə bir təhlükə hər zaman dövlətlərin daxilində də baş qaldıra bilər. Və heç də unutmaq lazım deyildir ki, Orta və Şərqi Avropanın postkommunist ölkərindəki vətəndaş cəmiyyətlərinin kamillik dərəcəsi inkişaf etmiş Qərbi Avropa dövlətlərindəki cəmiyyətlərin müvəffəq olduqları yetkinlik səviyyəsinə hələ çatmayıbdır. Bunun üçün bir qədər vaxt və eləcə də böyük hövsələ gərəkdir. Bunu eynilə etniklərarası münasibətlərin ahəngləşdirilməsi haqqında da demək lazımdır. Belə ki, həm Litvada və Polşada, həm də Macarıstanda, Azərbaycanda və Ukraynada, eləcə də bir sıra digər postsovet ölkələrində hazırda kifayət qədər ksenofobiya halları mövcuddur, qonşu və yaxud uzaq xalqlar barədə burada müxtəlif stereotiplər gəzib dolanır. Bu, həm milli çoxluqların, həm də milli azlıqların təmsilçilərinə xas olan təzahürdür (bu baxımdan biz hamımız bir-birimizdən olduqca az fərqlənirik və yaxud bir-birimizə çox bənzəyirk).

Milli azlıqlar barədə stereotiplərin geniş yayıldığı əsas məkan tarixdir. Məsələn, litvalıların və polyakların böyük qismi Böyük Litva Knyazlığı və Polşa Krallığı arasında 1 iyul 1569-cu ildə Lyublin şəhərində imzalanmış İttifaq (Uniya) müqaviləsi barədə anlatma və izahları qətiyyən eyni cür qəbul etmirlər. Onlar həmçinin, XX əsr ərzində bir neçə dəfə Vilnüs şəhərinin hansı dövlətə mənsub olması ilə bağlı baş vermiş dəyişilmələri də fərqli surətdə dəyərləndirirlər. Litvalıların Litva yəhudiləri ilə keçmiş münasibətləri məsələsinə gəldikdə isə, qeyd olunmalıdır ki, Hitler Almaniyasının SSRİ-nin üzərinə hücum etməsindən dərhal sonra, 22 – 28 iyun 1941-ci ildə Kaunasda sovetlərə qarşı başlanmış üsyanı, litvalıların müstəqil Litva dövlətini bərpa etmək səylərini və o zaman onların yaratdıqları Müvəqqəti Litva hökumətinin yerli yəhudi vətəndaşlara qarşı həyata keçirdiyi aksiyaları dəyərləndirmək baxımından litvalılar və yəhudilər arasında indi də kifayət qədər böyük fikir ayrılığı vardır.

Tarixdə belə misallar çoxdur və şübhəsiz ki, arzu olunan halda onların siyahısını davam etdirmək olardı. Lakin, əgər qondarma misallarla doldurulub „zənginləşdirilmiş“ tarixin səhifələrini müxtəlif miflərdən „təmizləyib“ saflaşdırmaq mümkün olsaydı, onda fərqli mövqelərin bir-birinə yaxınlaşması və münasibətlərdə antaqonizmin nəzərə çarpacaq dərəcədə azalması istiqamətində işıqlı bir ümid yaranmış olardı. Hərçənd ki, bunun üçün müntəzəm olaraq tərbiyəvi və maarifləndirmə işləri aparılmalıdır. Ən vacibi odur ki, milli mənsubiyyətindən peşə kimi istifadə edən və yaxud onu öz biznesinə çevirmiş bəzi üzdəniraq xadimlərə xalqları milli zəmində qızışdıraraq bir-birinin üstünə salmaq üçün yol vermək lazım deyildir. Belə xadimlər isə, qeyd etdiyimiz kimi, həm milli çoxluqların, həm də milli azlıqların aralarında vardır. Odur ki, bu və ya digər bir etnik qrupu süni şəkildə iblisləşdirmək lazım deyildir və bunun üçün heç bir lüzum yoxdur.

Lakin, bu məsələdə xalqları onların yaşadıqları dövlətlərin atdığı bəzi addımlarla da eyniləşdirmək olmaz. Elə dövlətlər, daha dəqiq desək dövlətləri idarə edən rejimlər vardır ki, xalqın və o cümlədən xaricdə yaşayan həmvətənlərin milli hisslərindən sui-istifadə edirlər, etnik duyğuları qəsdən qeyri-konstruktiv məqsədlərlə indoktrinasiya edirlər. Bu baxımdan həm Litva, həm də Azərbaycan üçün ən böyük təhlükəni Rusiya və onun əlaltısı olan satellit ölkələr yaradır. Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin öz fəaliyyətində dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq „Avrasiya İttifaqı“ ideologiyasına əsaslanır. Bu ideologiyanın yeniləşdirilmiş versiyasının yaradıcısı olan Aleksandr Duqin isə dəfələrlə yazmışdır ki, Rusiya Litvada polyaklarla litvalıların arasında mövcud olan ixtilaflardan hər bir üsulla öz xeyrinə istifadə etməyi özünə həmişə borc bilməlidir. Təəssüflər olsun ki, Litvada indiyədək çoxları bunu başa düşmürlər.

Həmin „avrasiyaçı“ qüvvələr Qarabağı mənim etnik vətənim Azərbaycandan qopardıqdan sonra hələ bununla kifayətlənməyiblər. Belə ki, hal-hazırda onların Rusiyada və Ermənistanda fəaliyyət göstərən təbliğat və təxribat mərkəzləri Azərbaycanın Dağıstanla və İranla həmsərhəd olan rayonlarının ərazilərni setsesiya etmək ssenarisinin gerçəkləşdirilməsi üzərində mütəmadi və yorulmadan iş aparırlar. „Avrasiyaçılar“ bu məqsədlə həmin ərazilərdə guya müstəqil ləzgi və talış cırtdan dövlətlərinin yaradılması planlarını müntəzəm olaraq irəli sürürlər ki, sonra həmin „müstəqil“ dövlət „qırıqlarını“ Risiyanın və yaxud Avrasiya İttifaqının (hərçənd ki, bunların hər ikisi eyni şeydir) tərkibinə inkorporasiya etsinlər. Ümidvaram ki, müxtəlif etnolinqvistik qruplara və millətlərə aid olaraq Azərbaycanda məskunlaşmış qədim həmvətənlərim Şeytanın bu şirnikləndirici təkliflərinə aldanmayıb onun qabağında dura biləcəklər.

Şeytan əməllərini və onun şirnikdirici təkliflərini mən elə-belə yada salmadım. Belə ki, onun belə hərəkətlərinin bəzi nəticələri hal-hazırda Litvada apaydın göz qabağındadır. 1988-ci ildən indiyədək Litvanın milli azlıqlar siyasətində bilavasitə iştirak edən və 2009 - 2012-ci illərdə Litva Milli İcmalar Surasının sədri olmuş şəxs olaraq tam təsdiq edə bilərəm ki, son 15 il ərzində Rusiyanın Litvadakı səfirliyi (aydındır ki, təkcə səfirliyi yox) demək olar ki, burada fəaliyyət göstərən bütün rus ictimai təşkilatlarını Rusiyanın imperiya maraqlarının təsir dairəsinə salmağa və tam ələ almağa müvəffəq olmuşdur. Bu, həmçinin onunla təsdiq olunur ki, Litva rusları artıq çoxdandır ki, etnik vətənləri Rusiyanın İçkeriyaya, Gürcüstana və ya Ukraynaya qarşı törətdiyi təcavüzkarlığa qarşı heç bir tərzlə etiraz edərək səslərini qaldırmırlar. Litva Sayudis Seyminin sabiq üzvü olaraq yaxşı xatırlayıram ki, Litva xalq hərəkatının ən fəal dövründə - 1988 - 1991-ci illərdə Litva ruslarının nəzərə çarpan qisminin SSRİ-nin imperiya siyasətinə qarşı baxışları tamam başqa cür idi.

Ancaq, bu heç də o demək deyildir ki, biz özümüz daxildə etnik azlıqlar siyasətini yararlı surətdə formalaşdırıb həyata keçirmək baxımından hər şeyi düzgün edirik. Və etnik siyasətə aid bütün məsələləri qarışdırıb xaos yaradanlar da guya yalnız xarici ziyankar qüvvələrdən və yaxud daxili yaramazlardan ibarətdir. Doğrudur, „hansısa“ ziyankar qüvvələr və yaxud yaramaz ünsürlər həqiqətən də mövcuddur, onlar həqiqətən də indi dağıdıcı fəaliyyət göstərirlər və bundan sonra da göstərəcəklər. Amma, məsələ burasındadır ki, Litvanın öz daxilində xeyli sayda bizim hələ də tamamlaya bilmədiyimiz „ev işləri“ vardır. Bu baxımdan ilk növbədə konstatasiya etmək lazımdır ki, hazırda Litva dövlətində vahid etnik siyasət yoxdur. Litvanın aidiyyatı olan ayrı-ayrı dövlət və hökumət institusiyaları çağdaş dövrdə öz aralarında razılaşdırılmamış və müddəaları bir-birindən gözəçarpan dərəcədə fərqlənən etnik siyasət aparırlar. Ümumiyyətlə, vahid etnik siyasət indiki vəziyyətdə ortaya necə qoyula bilər ki? Axı, artıq beş ilə yaxındır ki, Litvada bu siyasəti formalaşdıran və həyata keçirən xüsusi dövlət qurumu – Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamenti ləğv edilibdir. Bununla yanaşı, hələ 1989-cu ildə qəbul edilmiş Litva Respublikasının Milli Azlıqlar haqqında Qanunun qüvvədə olma müddəti də 2010-cu ildə uzadılmayıbdır.

Bir sözlə, biz hamımız həm özümüzün, həm də özgələrin buraxdığı səhvlərdən nəticə çıxarmalı, ibrət dərsləri götürməli və elə işləməliyik ki, Litva və Azərbaycan daha heç bir zaman Rusiya təcavüzünə məruz qalmış zərərdidə dövlətləri siyahısına düşməsin.

P.S: Məqalə Litvanın www.delfi.lt xəbərlər portalında 8 may 2014-cü ildə litvaca dərc edilib. Azərbaycan dilinə məqalənin müəllifi tərəfindən tərcümə olunub. Publikasiya göstərilən portalın internet resursunda bu linkdə yer alıb: http://www.delfi.lt/news/ringas/abroad/m-gamzajevas-tai-prasidejo-ne-siandien-ir-ne-ukrainoje.d?id=6471914

E.-mail: mahir.hemzeyev@post.skynet.lt

Vilnüs – Bakı, 8 may – 02 iyun 2014-cü il.
Bu xəbər oxucular tərəfindən 1347 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed